AZ

Şəhid anası - təqaüdçü müəllimlə bayram görüşü

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru Fuad Zamanov, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Esmira Zeynalova və dil-ədəbiyyat müəllimi İlahə Musayeva məktəbin təqaüddə olan müəllimi, şəhid anası Tərlan Namazovanı evində ziyarət edib və 5 Oktyabr - Müəllimlər günü münasibətilə onu təbrik etmişlər.  

Söhbət zamanı Tərlan Namazovanın 44 il məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etdiyi, Naftalan müəllimləri arasında yeganə şəhid anası olduğu  qeyd edilmişdir. Onun işlədiyi dövrdə müəllim və şagird kollektivinin, eləcə də şəhər ictimaiyyətinin dərin hörmətini qazandığı vurğulanmışdır. Qeyd edilmişdir ki,  işlədiyi müddətdə pedaqoji ustalığı ilə seçilən nümunəvi müəllim olduğu üçün vaxtilə dərs dediyi, indi ölkə daxilində və xaricində müxtəlif postlarda çalışan keçmiş şagirdləri tərəfindən o həmişə diqqətdə saxlanmış, bayram günlərində bir telefon zəngi ilə olsa da anılmışdır.

Qonaqlar şəhid Vüqar Namazovun I Qarabağ müharibəsində Vətən torpaqlarının qorunması zamanı yüksək məqama yüksəlməsindən söz açmışlar. Tərlan müəllimə 1993-cü il, noyabrın 20-də şəhid olan oğluna görə ona dövlət, eyni zamanda, şəhər rəhbərliyi və icimaiyyəti tərəfindən göstərilən daimi diqqətə görə təşəkkür etmişdir. Vətən müharibəsinin uğurla başa çatmasından duyduğu sevinci, Şuşa azad ediləndə Naftalan gənclərinin onun yaşadığı binanın qarşısına toplaşmasını, “Başını dik tut, şəhid anası”- deyərək onu həyətə izdihamın içinə dəvət etmələrini xatırlamışdır. “Həmin gün canı ilə Vətənə xidmət edən 19 yaşlı balamın nigaran ruhunun şad olduğunu dedim. Bütün şəhid ailələrinə səbr, qazilərə can sağlığı arzuladım” –deyən şəhid anası məktəb rəhbərliyinin bu addımını yüksək dəyərləndirdiyini bildirmişdir.

Qonaqlar günü əbədiləşdirmək üşün xatirə şəkilləri çəkdirmişlər.   

Zərifə HÜSEYNOVA
XQ

Seçilən
13
xalqqazeti.az

1Mənbələr