AZ

Aşıq Ələsgərin nəticələri Bakıda böyük el sənətkarına abidə ucaldılması ilə bağlı təəssüratlarını bölüşüblər

Aşıq

Gəncə, 5 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Tarixi torpağımız olan Qərbi Azərbaycanın Göyçə mahalında yaşayıb-yaratmış Aşıq Ələsgər xalq ədəbiyyatımızın ən böyük simalarından biridir. O, həm sazın mahir ifaçısı kimi, həm də dərin mənalı yaradıcılığı ilə xalqımızın yaddaşında, ədəbiyyatımızda əbədi iz qoyub. Aşıq Ələsgərin qoşma, gəraylı, divani kimi şeir növlərində yazdığı əsərlər dillər əzbəridir.

Sentyabrın 30-da Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldılması, Prezident İlham Əliyevin açılış mərasimində iştirakı ölkəmizdə aşıq sənətinə, böyük el sənətkarının yaradıcılığına verilən böyük dəyərin göstəricisidir.

AZƏRTAC-ın bölgə müxbiri Aşıq Ələsgərin nəticələri ilə görüşüb, onların təəssüratlarını qələmə alıb.

Böyük el sənətkarının nəticəsi, şairə Qəribə Göyçəli deyir ki, Prezident İlham Əliyevin abidənin aşılışında iştirakı və çıxışı Azərbaycan ədəbiyyatına, mədəniyyətinə diqqətin göstəricisi, eləcə də Qərbi Azərbaycana qayıdış məsələsi ilə bağlı dosta və düşmənə mesaj idi: “Qərbi azərbaycanlıların hüquqlarının bərpası, sülh yolu ilə öz tarixi torpaqlarımıza qayıtmağımız dövlətimizin əsas hədəflərindəndir. Bu, bizi belə müqəddəs amal uğrunda birləşməyə çağırır.

Bakıda Azərbaycan aşıq sənətinin günəşi Aşıq Ələsgərin abidəsinin ucaldılması, Prezident İlham Əliyevin abidənin açılışı zamanı tarixi çıxışı doğma torpağımız olan Qərbi Azərbaycana qayıdışa ümidlərimizi daha da artırdı. Dövlətimizin başçısının Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına geri dönəcəyinə əminlik ifadə etməsi bizim üçün ikiqat sevinc oldu”.

Aşıq Ələsgərin digər nəticəsi Firuzə Ələsgərova isə babasının yaradıcılığına ilk böyük dəyərin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini deyir. 1972-ci ildə sənətkarın anadan olmasının 150 illiyinin təntənəli şəkildə qeyd olunduğunu, Qərbi Azərbaycanda, Ağkilsə kəndində Dədə Ələsgərin məzarı üzərində qəbirüstü abidə ucaldıldığını söyləyir: “Biz o zaman uşaq idik. Sevinirdik ki, babamızın abidəsi ucaldılır. O abidə ziyarət edilirdi, bizi göstərib deyirdilər ki, bu uşaqlar Aşıq Ələsgərin nəticələridir, bizə hörmətlə yanaşırdılar. Heç unutmaram, 1988-ci ildə bütün sakinləri azərbaycanlılar olan doğma kəndimizi tərk etməli olduq. Ermənilər dedilər ki, bu torpaqlardan çıxıb getməlisiniz. Qardaşım, el içində pəhləvan kimi tanınan İsgəndər ağladı ki, babamızın qəbrini, bu abidəni qoyub getmək olmaz, onu dağıdacaqlar. Qardaşımı bir təhər yola gətirib çıxardıq. Onu da deyim ki, biz oranı tərk edəndə zəlzələ baş vermişdi. Sanki doğma torpaq Dədə Ələsgər yurdunu tərk etməmizə etiraz edirdi”, - deyən Firuzə Ələsgərova kövrəlir.

Söhbətə Aşıq Ələsgərin dayısı Molla Əhmədin nəticəsi Səyyad Əhmədli də qoşulur. Deyir ki, Müzəffər Ali Baş Komandan Qarabağ və Şərqi Zəngəzurun azad edilməsinə nail olmaqla sözünü yerinə yetirdi: “Bu, bir daha göstərdi ki, Prezidentimiz nə vəd verirsə, onu mütləq yerinə yetirir. Ali Baş Komandanımızın “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik” deməsi də haqqın bərpa olunacağının müjdəsidir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, paytaxtda böyük el sənətkarının abidəsinin ucaldılması, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının əbədiləşdirilməsinə xidmət edir. “Biz buna görə dövlətimizə dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, dövlətimizin dəstəyi, Prezidentimizin rəhbərliyi ilə Aşıq Ələsgər yurduna qayıdacağıq, onun ruhunu şad edəcəyik”, - deyə Səyyad Əhmədli bildirib.

 

 

 

 

Seçilən
9
azertag.az

1Mənbələr