AZ

Milli Kitabxanada “Macarıstan ədəbiyyatı guşəsi” açılıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada “Macarıstan ədəbiyyatı guşəsi”nin açılışı olub.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan bildirilib. Açılış mərasimində qeyd edilib ki, 2019-cu ildə Azərbaycan Milli Kitabxanasında beynəlxalq əməkdaşlıq zalının, eyni zamanda, 13 ölkənin ədəbiyyat guşələrinin açılışı olub. Bu gün isə Macarıstanın ədəbiyyatı guşəsi açılır. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov bildirib ki, bundan sonra Macarıstan Respublikasının ədəbiyyatı, coğrafiyası və mədəniyyəti ilə maraqlanan oxucular həm bu guşədən istifadə edəcək, həm də kompüter vasitəsilə bu ölkənin Milli Kitabxanasının digər elektron resurslarından bəhrələnə biləcəklər.

Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser qeyd edib ki, bu guşənin açılması yalnız macar ədəbiyyatı və mədəniyyətinin təbliği simvolu deyil, həm də əlaqə yaratmaq fürsətidir. Bu, hər kəsə macar tarixini, mədəniyyətini və macar ruhunun dərinliklərini anlamaq imkanı verəcək: “Macar kitab guşəsi mədəni diplomatiya sahəsində də böyük bir addımdır, çünki bu, Macarıstanın mədəniyyətini və dəyərlərini Azərbaycana təqdim etməyə olan bağlılığı göstərir. Bu təşəbbüs Macarıstan-Azərbaycan mədəni əlaqələrinin güclənməsinə müsbət təsir edəcək. Bu gün açılan kitab guşəsi mədəniyyətlərarası dialoq və əməkdaşlığa uzunmüddətli bir öhdəlikdir. Gələn ilin əvvəlində Macarıstanda da “Azərbaycan ədəbiyyatı guşəsi” açılacaq”.

Gürcüstan Milli Parlament Kitabxanasının direktoru professor Konstantin Gamsaxurdiya ölkələrimiz arasında əlaqələrin tarixinin çox qədim olduğunu, əsrlər boyu gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluq, qardaşlıq şəraitində yaşadığını və bu gözəl ənənələrin davam etdiyini söyləyib: “Bu gün bu əlaqələrin bir göstəricisi kimi Azərbaycan Milli Kitabxanasında Gürcüstana dair daimi guşənin olması çox sevindirici haldır. Buradakı kompüterlərdən istifadə edərək birbaşa Gürcüstan Milli Parlament Kitabxanasının elektron kataloquna daxil olaraq ölkənin mədəniyyətinə, tarixinə, ədəbiyyatına dair nəşrlərə baxmaq imkanı yaradılıb. Yaxın gələcəkdə Gürcüstan Milli Parlament Kitabxanasında da “Azərbaycan ədəbiyyatı guşəsi” açılacaq”.

Sonda qonaqlara kitablar və xatirə hədiyyəsi təqdim edilib.

Tədbirdə Macarıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Monika Ferföldi də iştirak edib.

 

Seçilən
13
azertag.az

1Mənbələr