AZ

Ötən həftənin sitatları

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Onun çiyni keçənilki vəziyyətdədi. Son matçda problem yox idi. Cud sağalıb. Daha çox təhlükəsizlik üçün qoruyucu geyinməlidi. Bellingem oynamağa hazırdı və oynayacaq”.


Toni Kroos, Almaniya yığmasının sabiq yarımmüdafiəçisi (AÇ-2024-ün 1/4 finalının Almaniya - İspaniya matçında hakim Entoni Teylorun rəqib qapısına penalti təyin etməməklə səhvə yol verməsi və UEFA-nın Hakimlər Komitəsinin bu səhvi təxminən 3 aydan sonra – sentyabrın 23-də tanımasına reaksiyası):
“Topun ələ dəydiyini başa düşmək üçün 3 ay lazım idi. Amma, demək olar ki, hamı bunu bir saniyədə etdi. Hakimin səhvini rəsmi olaraq təsdiqlədikləri üçün indi özümü Avropa çempionu adlandıra bilərəm? Yəqin ki, yox”.

Jorje Jezuş, “Əl-Hilal”ın baş məşqçisi:
“Neymar yalnız “Əl-Hilal” üçün deyil, bütövlükdə Səudiyyə Ərəbistanı çempionatı üçün çox vacib oyunçudu. Lakin onun meydana qayıdışı ilə bağlı dəqiq tarix göstərə bilmərəm (braziliyalı futbolçu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 2023-cü ilin oktyabrında Uruqvay yığması ilə keçirilən oyunda 0:2 zədələnib. Neymar “Əl-Hilal”da 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib – R.Y.). Neymarın vəziyyətini yanvar ayında yenidən qiymətləndirəcəyik”.


Devid Bekhem, “İnter Mayami”nin həmsahibi
: “Messinin yeganə istəyi ailəsinin gözəl həyat sürmək üçün köçə biləcəyi bir yer tapmaq idi. Onu burda görmək bizim üçün bir xəyal idi. Biz ən böyük futbolçu ilə müqavilə bağlamışıq. Birinə görə Dieqo Maradona, digərinə görə Pele, bir başqasına görə isə başqa bir futbolçu dünyanın ən yaxşısıdı. Hər kəsin öz fikri var. Ancaq MLS-də, Mayamidə ən böyük futbolçuya sahib olduğumuzu söyləyə bilərik. Bu, klubumuz üçün bir xəyal idi və reallaşdı. Lionelin məşqlərini yaxından izlədiyimə inana bilmirəm. Bu, bizim üçün xüsusi bir xoşbəxtlikdi”.


Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Mən Messi, Neymar və Mbappenin olduğu PSJ-ni çalışdırmazdım. Dünyanın ən yaxşı oyunçusuna sahib olan komanda titul qazansaydı, PSJ 8 dəfə Çempionlar Liqasının qalibi olardı. Onlar isə bu turnirdə heç nə edə bilmədilər”.


Rudi Föller, Almaniya yığmasının idman direktoru:
“Yulian Naqelsmann nə vaxtsa milli komandadan ayrılmağa qərar verərsə, təbii ki, biz Yürgen Kloppun namizədliyini nəzərə alacağıq. Klopp uzun müddət Almaniyadan kənarda işləyib (sonuncu iş yeri “Liverpul” olan Klopp bu yay İngiltərə klubundan ayrılandan sonra hazırda heç bir komandanı çalışdırmır – R.Y.). Sözsüz ki, onu yüksək qiymətləndirirəm. Yürgenin inanılmaz karyerası olub”.


Tyerri Anri, Fransa yığmasının sabiq hücumçusu:
“Onlar həddindən artıq çox oynayırlar. Dünyanın ən yaxşı oyunçularına heyvan kimi yanaşırlar. Əvvəlki illərlə müqayisədə builki Avropa çempionatı sizin xoşunuza gəldi? Ən yaxşı oyunçuların əksəriyyəti meydanda yorğun görünürdülər. Onların bir çoxu təqvimin həddən artıq sıx olmasına görə sanki oyun sevincini itirib”.


Herbert Hayner, “Bavariya”nın prezidenti:
“Camal Musialanı sevirik və aydındı ki, onun kimi futbolçu əsrdə bir dəfə yetişir. Bizim əsas məqsədimiz onunla müqaviləni yeniləmək və Camalı uzun müddət ərzində “Bavariya”da saxlamaqdı”.


Didye Deşam, Fransa yığmasının baş məşqçisi:
“Varanı yaxşı tanıyıram. Karyerasını başa vurmağa qərar veribsə, deməli, hər şeyi yaxşıca götür-qoy edib. Rafaelin ağır zədə aldıqdan sonra doğru qərar verdiyini düşünürəm. Fransa yığması on il ərzində onun üçün ikinci ailə olub, komandanın qapıları onun üzünə həmişə açıqdı. Rafael uzun müddət həm meydanda, həm də ondan kənarda yığmanın liderlərindən biri olub”.


Vensan Kompani, “Bavariya”nın baş məşqçisi (“sizdən əvvəl “Bavariya”nın baş məşqçi vəzifəsinə namizəd Xabi Alonso idi. Bu sizə əlavə motivasiya verirmi ki, ona qalib gəlib, düzgün seçim olduğunuzu sübut edəsiniz” sualına cavabı):
“Qətiyyən yox. Mənim motivasiyam ondan ibarətdi ki, “Bayer” ötən mövsüm çempion olub və indi “Alyans Arena”ya gəlir. Biz turnir cədvəlində liderlik edirik və azarkeşlərimiz üçün nəsə etməyə şansımız var. Bu işdə başqa namizədlərin olması normaldı. Məsələ onda deyil ki, təkəbbürümü göstərim. Qətiyyən. Mən bura komanda üçün gəlmişəm, ona görə də çox çalışmaq məcburiyyətindəyik. Başqa məsələlər isə mənim üçün vacib deyil. Başqaları maksimum çalışıb uğur qazananda mənə xoş gəlir, çünki bunun nə qədər çətin iş olduğunu bilirəm. Mən öz işimlə məşqul olmaq istəyirəm və bunun üçün əlimdən gələni edirəm”.


Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Robert Levandovski son 10 il ərzində dünyanın ən yaxşı mərkəz hücumçusudu. Onun işi öndə oynayıb qol vurmaqdı və o, bunu edir. Bu qədər sadə”.


Ole-Qunnar Sulşer, “Mançester Yunayted”in sabiq baş məşqçisi:
“Kriştiano son 15 ildə dünyanın ən yaxşı futbolçularından biridi. Mən onunla oynamışam, o, mənim rəhbərliyim altında çıxış edib. Ronaldo “Yuventus”u tərk edərkən onun “Mançester Siti”yə yollanmasına imkan verə bilməzdik. Ona görə ki, Kriştiano yəqin ki, indiki yaşında da Erlinq Holanndan çox qol vurur. Mən onda onunla söhbət etdim və o, “Old Trafford”a qayıtdı. Amma onun dönüşü komandadakı atmosferə təsir etdi. Ola bilsin ki, bəzi oyunçular özlərini daha az vacib hiss etməyə başladılar. Hər halda MY-yə dünya futbol ulduzlarından biri gəlmişdi. O, həmin mövsüm çox yaxşı oynadı, komandanın ən yaxşı bombardiri oldu, təxminən 24 qol vurdu. Amma onu da deyim ki, Ronaldonun transferindən on həftə keçəndən sonra məni işimdən qovdular...”
Seçilən
10
football-plus.az

1Mənbələr