AZ

Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO

Enerji
Bu ilin noyabr ayında Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində 1news.az ictimaiyyəti bu mövzu ilə bağlı maarifləndirmək məqsədilə silsilə məqalələr hazırlamağa davam edir. Daha əvvəl oxucularımıza iqlim dəyişmələrinin və qlobal istiləşmənin mahiyyəti, dünya ictimaiyyətinin bu mühüm ekoloji problemlə necə mübarizə aparması, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində iqlim dəyişmələri ilə bağlı görülən işlər, qlobal təşkilatların COP ilə əməkdaşlığı, Paris İqlim Sazişi, dünyanın iqlim dəyişmələrinə necə uyğunlaşdığı, eləcə də enerji keçidinin əhəmiyyəti və icrası haqqında söhbət açmışdıq.
Sonuncu məqalədə enerji keçidi üçün atılmalı olan addımlar və Azərbaycanda bu istiqamətdə görülmüş işlər barədə bəhs etmişdik. Bu gün isə mövzunu davam etdirərək dövlətlərin beynəlxalq sənədlərdə əks olunmuş öhdəliklərini, onların enerji keçidini həyata keçirmək üçün müxtəlif sektorlarda gördükləri tədbirləri və bu yolda müəyyən ölkələrin üzləşdiyi problemləri nəzərdən keçirəcəyik. Ölkələrin əsas öhdəlikləri Ölkələrin enerji keçidi ilə bağlı beynəlxalq konvensiyalar üzrə öhdəlikləri iqlim dəyişmələrinə qarşı qlobal səylərdə əsas rol oynayır. Kioto Protokolu və Paris İqlim Sazişi bu öhdəlikləri müəyyən edən əsas sənədlərdir. Kioto Protokolu (1997) ilə inkişaf etmiş ölkələr istilik effekti yaradan qazların emissiya səviyyəsini 1990-cı il səviyyəsindən aşağı salmağı öhdəsinə götürmüş oldu. Protokol onu imzalayan ölkələrin hər biri üçün konkret məqsədlər müəyyən etmişdi. Bu öhdəliklərə enerji, sənaye və nəqliyyat kimi əsas sektorlarda emissiyaların azaldılması daxil idi ki, bu da ölkələrdən enerjiyə qənaət texnologiyalarının tətbiqini və daha təmiz enerji mənbələrinə keçid etməyi tələb edirdi. Paris İqlim Sazişi (2015) iştirakçıların əhatə dairəsini genişləndirərək dünyanın bütün ölkələrini əhatə etmiş oldu. Sazişin əsas məqsədi qlobal orta temperatur artımını 2 °C-dən aşağı salmaq və temperatur artımını 1,5 °C-dək məhdudlaşdırmaq üçün çalışmaqdır. Bu Saziş çərçivəsində ölkələr bərpa olunan enerji mənbələrinə keçid, karbon emissiyalarının azaldılması və enerji səmərəliliyinin artırılması planlarını özündə əks etdirən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDCs) sənədini işləyib hazırlamaq və həyata keçirmək öhdəliyi götürüb. Paris Sazişi tərəqqini əks etdirmək və zəruri hallarda ambisiyaları artırmaq üçün ölkələrdən öz öhdəliklərini mütəmadi olaraq nəzərdən keçirməyi və yeniləməyi tələb edir. Enerji keçidi kontekstində beynəlxalq konvensiyalar üzrə öhdəliklər dövlətlərdən enerji sistemlərinin yenidən qurulması, bərpa olunan enerji mənbələrinin payının artırılması və innovativ texnologiyaların tətbiqi üçün əhəmiyyətli səylər tələb edir. Bu öhdəliklərə həmçinin qalıq yanacaqlardan asılılığın azaldılması və iqtisadiyyatın dekarbonizasiyasının təşviqi üzrə tədbirlər də daxildir. Qeyd etmək lazımdır ki, bu öhdəliklərin yerinə yetirilməsi həm milli, həm də beynəlxalq səviyyədə səylər, o cümlədən maliyyə dəstəyi, texnologiya mübadiləsi və iqlim dəyişməsinə uyğunlaşma üzrə birgə fəaliyyət tələb edir. Enerji keçidi bir çox sektorlara təsir göstərir Bu gün enerji keçidində qlobal addımlar iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir və bu addımların bir çoxu artıq mühüm müsbət nəticələrə gətirib çıxarıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində əməkdaşlıq edən müxtəlif ölkələr dayanıqlı enerji sistemlərinə keçidə sadiqliklərini nümayiş etdirir. Enerji sektoru qlobal səylərin əsas istiqaməti olaraq qalmaqdadır. Bunun ən parlaq nümunələrindən olan Almaniyada həyata keçirilən “Enerji dönüşü” (Energiewende) proqramı ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artmasına töhfə verib. 2023-cü ilədək olan məlumata görə, Almaniyada elektrik enerjisinin 40%-dən çoxu külək və günəş enerjisi hesabına əldə edilir ki, bu da müvafiq infrastruktura məqsədyönlü investisiyalar və dövlət dəstəyi sayəsində mümkün olub. Nəqliyyat sektoru da aktiv islahatlar meydanına çevrilib. Məsələn, Norveçdə 2022-ci ilədək yeni satışlar arasında elektrik avtomobillərinin payı 80%-i ötüb ki, bu da vergi güzəştləri və elektrik nəqliyyat vasitələrinin alınması üçün subsidiyalar da daxil olmaqla hökumətin stimullaşdırıcı tədbirləri sayəsində mümkün olub. Bu nümunə nəqliyyatın elektrikləşdirilməsinin dəstəklənməsi siyasətinin karbon emissiyalarını və qalıq yanacaqlardan asılılığı azalda biləcəyini göstərir. Sənaye sektoru da enerji keçidində fəal iştirak edir. Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çində günəş panelləri və akkumulyatorların istehsalında əhəmiyyətli artım müşahidə olunub və bu, ölkəni bu sahələrdə qlobal liderə çevirib. Bu səylər sayəsində Çin 2023-cü ilədək karbon emissiyalarının intensivliyini 2005-ci illə müqayisədə 48% azaldıb və Paris Sazişi çərçivəsində qarşıya qoyduğu hədəfləri üstələyib. Kənd təsərrüfatı və torpaqdan istifadə də mühüm istiqamətlərə çevrilir. Məsələn, Braziliya Amazon meşələrinin qırılmasının azaldılmasına nail olub ki, bu da istilik effekti yaradan qazların emissiyalarının azaldılmasına və biomüxtəlifliyin qorunmasına kömək edib. Çağırışların mürəkkəbliyinə baxmayaraq, ölkədə deqradasiyaya uğramış torpaqların bərpası və kənd təsərrüfatı istehsalı üsullarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu nümunələr göstərir ki, enerji keçidində qlobal addımlar iqtisadiyyatın bütün əsas sektorlarını əhatə edir və bir çox ölkələr artıq ciddi nəticələr əldə edib. COP çərçivəsində təsbit olunmuş beynəlxalq öhdəliklər bu nailiyyətlərə əhəmiyyətli təsir göstərir və dövlətləri daha iddialı addımlar atmağa sövq edir. Qeyd etmək vacibdir ki, gələcək tərəqqi birgə səylərin davam etdirilməsindən və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsindən asılı olacaq. Enerji keçidi yolunda problemlər Enerji keçidində əldə olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, bir çox ölkələr qarşıya qoyulmuş məqsədlərə çatmaq yolunda bir sıra problemlərlə üzləşir. Bu çağırışlar müxtəlifdir və həm iqtisadi, həm sosial, həm də siyasi amillərlə bağlıdır. İqtisadi çətinliklər dayanıqlı enerji gələcəyi üçün əsas maneələrdən sırasındadır. Hindistan və Cənubi Afrika Respublikası kimi inkişaf etməkdə olan ölkələrdə enerji keçidi infrastruktur və texnologiyaya əhəmiyyətli investisiyalar tələb edir ki, bu da bir çox hallarda beynəlxalq yardım olmadan mümkün olmur. Bərpa olunan enerjinin yüksək qiyməti və elektrik şəbəkələrinin modernləşdirilməsi zərurəti bu ölkələrin büdcələri üzərində maliyyə yükü yaradır, onların daha təmiz enerji mənbələrinə keçidini ləngidir. Sosial fəsadlar da böyük narahatlıq doğurur. Kömür kimi qalıq yanacaqlardan çox asılı olan regionlarda enerji keçidi iş yerlərinin itirilməsinə və sosial sarsıntılara səbəb ola bilər. Məsələn, iqtisadiyyatında kömür sənayesinin mühüm rol oynadığı Polşada şaxtaların bağlanması və bərpa olunan enerji mənbələrinə keçid iş yerlərinin itirilməsindən və regionların gələcək taleyindən narahat olan yerli icmaların və həmkarlar ittifaqlarının müqaviməti ilə qarşılanır. Siyasi maneələr çox vaxt tərəqqini ləngidir. Bir çox ölkələrdə iddialı iqlim planlarını həyata keçirmək üçün siyasi iradə çatışmır. Bu, qalıq yanacaqların lobbiçilərinin təsiri, eləcə də uzunmüddətli dəyişikliyə mane olan qısamüddətli siyasi maraqlarla bağlı ola bilər. Məsələn, ABŞ-də enerji siyasəti hakim administrasiyadan asılı olaraq tez-tez dəyişikliyə məruz qalır ki, bu da qeyri-müəyyənlik yaradır və keçid prosesini ləngidir. Bu çətinliklərlə yanaşı, texnoloji maneələr də öz rolunu oynayır. Enerji saxlama və “ağıllı” şəbəkələr kimi yeni texnologiyaların tətbiqi vaxt və xeyli səy tələb edir. Bəzi ölkələr bu texnologiyaların tez və effektiv tətbiqi üçün ixtisaslı mütəxəssislərin və lazımi təcrübənin çatışmazlığı ilə üzləşir. Mürəkkəb və çoxşaxəli proses olan enerji keçidi dünya ölkələrindən qəti və razılaşdırılmış fəaliyyət tələb edir. Dövlətlərin üzləşdiyi çoxsaylı çağırışlara baxmayaraq, uğurlu strategiya və siyasət nümunələri dayanıqlı gələcəyin mümkün olduğunu göstərir. İqtisadi, sosial, siyasi və texnoloji maneələrin yaratdığı problemlərin həlli daha güclü beynəlxalq əməkdaşlıq, bilik mübadiləsi və qlobal ictimaiyyətin dəstəyini tələb edir. Enerji keçidi təkcə iqlim dəyişməsi ilə mübarizə deyil, həm də gələcək nəsillər üçün daha təmiz, təhlükəsiz və ədalətli dünya qurmaq imkanıdır. Qeyd edək ki, 1news.az Bakıda keçiriləcək COP29 ərəfəsində əhalinin iqlim problemləri ilə bağlı maarifləndirilməsi məqsədilə materiallar dərc etməyə davam edəcək. Bu məqalə hazırlanarkən rəsmi açıq mənbələrdən götürülmüş məlumatlardan istifadə edilib. Bu məqalə rus dilində

Müəllif: Leyla Məmmədova

Seçilən
15
1news.az

1Mənbələr