AZ

Bakı yollarının zolaqlı problemi

“Avtobus zolaqlarına daxil olmaq mümkün deyil, çünki cərimə yazılır. Bu səbəbdən sərnişin düşürmək istədikdə yolun ortasında saxlamalı oluruq. Sərnişinin yolun hərəkət hissəsində maşından enməsi çox təhlükəlidir. Avtobus zolaqlarından da avtobusların nə zaman və hansı sürətlə gələcəyi məlum deyil. Bu yaxınlarda bir xanımı maşından düşdükdə avtobus vurmuşdu...”

“Avtobuslar üçün zolaqlar olsa da, onlar digər nəqliyyat vasitələri üçün yoldan istifadə edirlər. Səbəbini isə yol kənarında olan ağaclarla əlaqələndirirlər. Budaqlar avtobusa mane olduğu, həmçinin zərər yetirdiyi üçün həmin yola daxil ola bilmirlər. Əgər zolaq istifadə olunmayacaqsa, nə üçün çəkilib?”

Hər iki şikayət sosial şəbəkələrdə yazılıb. Avtobus zolaqlarının çəkilməsi nəqliyyatın intensivliyi baxımından gözəl addımdır. Lakin özü ilə bu cür problemlər də gətirir.

100 manat cərimə, iki bal

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, hazırda paytaxtın 25 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır: “Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır. Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq iki balla qiymətləndirilir. Taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi hazırda müzakirə olunmur”.

Ağaclarla bağlı məsələyə gəldikdə isə qeyd edildi ki, avtobusların hərəkətinə mane olmaması üçün ağacların budanması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.

48-ci maddədə göstərilən müddəalar istisnadır

DYP-dən verilən məlumata görə, digər avtonəqliyyat vasitələrinin avtobus zolaqlarından istifadəsi qadağan edilsə də, istisna hallar da mövcuddur: “Nəqliyyat vasitələri avtobus dayanacağında saxlayırlar. Sərnişinlər də rahat şəkildə düşürlər. Avtobus zolaqları elə çəkilib ki, birbaşa hərəkət edib dayanacaqda saxlayırlar. Digər nəqliyyat vasitələrinin hər bir halda avtobus zolağında dayanması və durması qadağandır. Amma yol hərəkəti haqqında 48-ci maddədə göstərilən müddəalar istisna olmaqla”.

Seçilən
10
publika.az

1Mənbələr