AZ

 Mahir Süleymanlı şəhidimizin doğum günündə ailəsini ziyarət edib

Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib.

 

Modern.az xəbər verir ki, deputat Mahir Süleymanlı Oktyabr ayının 4-də 44 günlük Vətən Müharibəsi zamanı üzərinə qoyulmuş xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olan, Şabran rayon Şəhidlər Xiyabanında dəfn edilmiş Ağaquliyev İlkin Saməddin oğlunun məzarını və ailəsini ziyarət edib. 

 

Ailənin qayğı və problemləri ilə maraqlanan deputat, həmçinin şəhid ailələri ilə də söhbət edib. 

 

Qeyd edək ki, İlkin Saməddin oğlu Ağaquliyev 4 oktyabr 2000-ci ildə Şabran şəhərində doğulub. Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbində alıb. 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə təhsilini davam etdirib.

 

Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil alıb. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olub və rayon və zona yarışlarında fərqlənib. İlkin Ağaquliyev 2018-ci ilin oktyabrın 8-də hərbi xidmətə yollanıb. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vuraraq Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin canlı qüvvəsinin hücumunun qarşısını alıb və xeyli sayda hərbi qulluqçusunu məhv edib. Suqovuşan istiqamətində düşmən mövqeyinə hücum zamanı Şəhid olub. 18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən, İlkin Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" və 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Seçilən
6
1
modern.az

2Mənbələr