AZ

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Naxçıvan, 5 oktyabr, AZƏRTAC

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan Dövlət Universitetində tədbir keçirilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Dövlət Universiteti televiziyasının əlamətdar günə həsr olunmuş videoçarxı nümayiş etdirilib.

Ali təhsil ocağının rektoru Elbrus İsayev universitetin professor-müəllim heyətinin timsalında bütün pedaqoqları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, müəllim əməyinin, zəhmətinin əhəmiyyətindən söz açıb. Diqqətə çatdırıb ki, müəllim adına hər zaman yüksək dəyər verən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğı bu gün uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin himayəsi və qayğısı ilə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Elbrus İsayev bildirib ki, ölkəmizin aparıcı ali təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universitetində çalışan professor-müəllim heyəti də müəllimlər üçün yaradılan şəraitdən bəhrələnərək gələcəyin peşəkar, ixtisaslı kadrlarını hazırlayırlar. Hər il keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq NDU-nun müxtəlif müəllimlik ixtisasını seçən tələbələrin sayında artımın müşahidə olunması onu göstərir ki, cəmiyyətimizdə şərəfli müəllim adına dəyər verilir, peşəkar pedaqoqların davamçıları hazırlanır.

Naxçıvan Dövlət Universitetinin “Ümumi tarix” kafedrasının dosenti, qocaman müəllim, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov ali təhsil ocağında müəllim əməyinə verilən dəyəri yüksək qiymətləndirib. 54 illik müəllimlik fəaliyyətində savadlı, Vətənə bağlı gənclərin yetişməsində göstərdiyi xidmətlərdən danışıb.

“Stomatologiya” kafedrasının müəllimi, NDU-nun ən gənc pedaqoqu Aygün Yusifova bildirib ki, ali təhsil ocağında yetişən gənclər dünyanın fərqli ölkələrində universiteti uğurla təmsil edirlər. O, təhsilin cəmiyyət üçün davamlı inkişafı şərtləndirən əsas amillərdən biri olduğunu deyib.

Qəbul imtahanlarında 650 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasını seçən I kurs tələbəsi Gülay Kərimli qeyd edib ki, uşaqlıqdan arzusunda olduğu müəllimlik ixtisasında təhsil almağa nail olub. Gələcəkdə bu şərəfli peşənin davamçılarından olacağı üçün qürurludur.

Sonra İncəsənət fakültəsi ilə Musiqi kolleci tərəfindən musiqi nömrələri səsləndirilib.

Seçilən
22
azertag.az

1Mənbələr