AZ

MÜƏLLİM XARİZMASI

"Psixologiya və pedaqogika müəllimin qoşa qanadlarıdır. Müəllim bu bənzərsiz elmlərə yiyələnəndə əsl tərbiyəçiyə çevrilir". Akademik Mehdi Mehdizadə

Bizim nəslin orta məktəbində müəllim xarizması yaddaşımıza həkk olunub. Hər fənn üzrə yalnız bir dərslik var idi. Kitablar əldən-ələ gəzirdi. Bakıya gələnlər olanda xahiş edirdik ki, bizə bədii ədəbiyyat alsınlar. Mayn Ridin "Başsız atlı" və Çingiz Aytmatovun "Dəniz boyunca qaçan alabaş" kitabını bir neçə dəfə oxumuşdum. Tez-tez poçta baş çəkib "Kvant" jurnalını soruşardıq. Məktəb dərnəkləri fəaliyyət göstərirdi. İdman meydançalarında qaranlıq düşənə qədər futbol, voleybol oynayardıq. Buna baxmayaraq dərsləri də çatdırırdıq. Görsənir ki, proqramlar daha rasional işlənmişdi. Sonradan böyük alimlərə və sənət adamlarına diqqət edəndə anladım ki, məktəb istedad nişanələrini üzə çıxara bilirmiş. Məsələn, Ədil isgəndərov, Həsənağa Turabov, Hamlet Xanızadə, Şahmar Ələkbərzadə, Həsən Məmmədov və başqa böyük sənətkarların yetişməsində məktəb dərnəklərinin əvəzsiz xidmətləri olub. Riyaziyyat, fizika, ədəbiyyat, kimya, biologiya sahəsində görkəmli alimlərin yetişməsində məktəb-nizam intizamı, bilikli və fədakar müəllimlərimizin əməyi mütləq qeyd olunmalıdır. Tələbə qəbulu zamanı müəllimlər şagirdləri ilə birlikdə Bakıya gələrdilər. Şagirdlərinin uğurunu övladlarının uğuru kimi dəyərləndirərdilər. Məktəm həm bilik verir, həm də tərbiyələndirirdi…
Yaxşı yadımdadır. Sinif yoldaşlarımızın birinin papiros çəkdiyini görmüşdülər. Onun valideynləri məktəbə dəvət olundu və sinif rəhbərinə töhmət verdilər.

Ali məktəb auditoriyalarında nəhəng alimlərin mühazirələrini dinlədik. Böyük alimlər zəif tələbələrə dərs deməkdə çətinlik çəkirdilər. Güclüləri isə usanmadan elmə doğru aparırdılar. Bizim nəsil məzunların böyük kəsimi öz ixtisası üzrə işləmədi, çünki qəbul olduqları ixtisas onların ürəyincə deyildi. Beləliklə "itirilmiş nəsil" sindromu ilə üzləşdik. Ali məktəbdə keçdiyimiz "Pedaqogika", "Psixologiya", "Dialektik materialimz", "Ateizm", "Tarixi materializ", "Fəlsəfə", "Elmi kommunizm" kimi fənlər bizim nə alim, nə də müəllim kimi yetişməyimizdə heç bir rol oynamadı. "Fəlsəfə" kimi dərin və vacib bir elm indi də həmin dövrdəki məzmuna uyğun tədris edilir. Təhsildə zaman faktorunu böyük Misir alimi, Kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zevayl gözəl qiymətləndirib:

“Misirdə məktəb təhsili əla idi. Həmin sistemdə həm sağlam rəqabət, həm də kollektiv yanaşma elementləri yer almışdı. Bundan əlavə, müəllimlər ən hörmətli adamlar sayılırdı, müəllim və şagirdlər arasındakı münasibətlər yüksək və xeyirxah idi, ödənişli fərdi dərslərin yaratdığı tamahkarlıqla korlanmamışdı. Cəmiyyət təhsili dəyərləndirir və ona hörmət bəsləyirdi - əgər nailiyyətlərinlə fərqlənirdinsə, səni gözdən qaçırmırdılar. Disuk sakinləri bilirdilər ki, filankəs əlaçı şagirddir, onu hər vasitə ilə həvəsləndirir və ruhlandırırdılar”.

Bizimlə eyni vəziyyədir...

Seçilən
7
1
aznews.az

2Mənbələr