AZ

Luis Enrike ilə Usman Dembele arasında nə baş verib?

PSJ-də fransalı cinah hücumçusu Usman Dembele ilə ispan mütəxəssis Luis Enrike arasında baş vermiş münaqişənin təfərrüatı məlum olub.

Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, oyunçu ilə məşqçi arasında ilk gərgin vəziyyət mövsümün lap əvvəlində, Enrikenin portuqal yarımmüdafiəçi Vitinyonu penaltilərin yerinə yetirməsində əsas oyunçu təyin etməsilə yaranıb. Dembele məşqçinin bu qərarını anlamayıb. O, “Havr”la oyundan (4:1) sonra müvafiq narazılığını açıq şəkildə ifadə edib.

Üstəlik, ispan çalışdırıcı bu yaxınlarda “Renn”lə oyunun (3:1) sonunda futbolçunu meydanda eqoistliyinə görə tənqid edib. Eyni zamanda, Dembele özü də Enrikenin bəzi taktiki göstərişlərindən məyus olub. Dembele müvafiq göstərişlərin onun meydanda fəaliyyət azadlığını gərəksiz şəkildə məhdudlaşdırdığına inanır.

Usman Dembele PSJ-yə 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib. Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 49 oyun, 10 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 51 oyun keçirib, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. O, “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembelenin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
10
arena.az

1Mənbələr