AZ

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev AZƏRTAC-ın stendini ziyarət edib

Kitabların tərcüməsi iki ölkənin qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət edir

Bakı, 5 oktyabr, AZƏRTAC

“Bu il Azərbaycanda məşhur qazax yazıçısı Berdibek Sokpakbayevin yüz illiyi qeyd edilir. Bu əlamətdar hadisə UNESCO tərəfindən qeyd edilən yubiley kimi qəbul olunub. Yubuleyin qeyd olunması ilə bağlı geniş tədbirlər proqramı hazırlanıb. Bu çərçivədə X Bakı Beynəlxalq Kitab Sərgisində yazıçının “Mənim Adım Kojadır” adlı məşhur əsəri ilk dəfə Azərbaycan dilində oxuculara təqdim olunub. Berdibek Sokpakbayev zəngin irsi ilə klassik bir yazıçı olduğunu isbat edib”.

Bu sözləri X Bakı Beynəlxalq Kitab Sərgisində AZƏRTAC-ın stendini ziyarət edən Qazaxıstan Prezidentinin müşaviri, Qazax ədəbiyyatının tanınmış nümayəndəsi Malik Otarbayev agentliyin müxbirinə açıqlamasında deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük Türk şairlərinə olan diqqət və dəstəyi də vurğulayıb.

Malik Otarbayev, həmçinin bu il qazax şairlərinin ilham mənbəyi olmuş dəyərli şəxsiyyət Məhəmməd Füzulinin 530 illiyinin qeyd edildiyini, onun əsərlərini gənclərimizə tanıtmağın çox vacib məsələlərdən biri olduğunu diqqətə çatdırıb. “Bu, yalnız Azərbaycan-Qazaxıstan münasibətləri üçün deyil, ümumilikdə Türk dünyasının mənəvi birliyinin və potensialının güclənməsi üçün böyük əhəmiyyət daşıyır. İki ölkə arasında mədəni və ədəbi əlaqələrin möhkəmləndirilməsi üçün çox işlər görülüb. Məsələn, keçən il böyük Azərbaycan yazıçısının hekayələri və əsərləri qazax dilinə tərcümə edilərək Qazaxıstanda təqdim edilib. Eyni zamanda, qazax ədəbiyyatında böyük iz qoymuş dəyərli yazıçının əsərləri ötən il Azərbaycan dilinə tərcümə edilərək sərgidə nümayiş olunub”, - deyə müşavir əlavə edib.

Builki sərgidə Türk dünyasının görkəmli yazıçıları tərəfindən qələmə alınan kitabların təqdimatlarının keçirildiyini söyləyən Malik Otarbayev bu əsərlərin həmişə yaddaşlarda qalacağını bildirib. “Kitablar uzun ömürlüdür və yeni düşüncələrin, baxışların formalaşmasında böyük rol oynayır. Kitabların tərcüməsi xalqların bir-birini daha yaxşı tanımasına və qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət edir. Bu uğurlar Azərbaycan və Qazaxıstan arasında münasibətlərin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıyır” - deyə o əlavə edib.

Gənc nəsil üçün bu kitabların vacibliyini vurğulayan Malik Otarbayev qazax xalqının tarixinin və dəyərlərinin Azərbaycanla ortaq olduğunu deyib. “Gələcəkdə bu əlaqələr daha da möhkəmlənəcək və biz qardaş olduğumuzu bir daha sübut edəcəyik. Bu kimi imkanlar xalqlarımız arasında dərin bağların daha da güclənməsinə şərait yaradacaq”, - deyə müşavir vurğulayıb.

Sonda qonağa AZƏRTAC-ın xatirə hədiyyələri təqdim olunub.

Seçilən
17
1
azertag.az

2Mənbələr