AZ

Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEO

Anar:
- Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya göz açmısınız. Evinizdə ədəbiyyat dünyasının ziyalı insanları qonaq olub. Belə bir mühitdə yetişmək sizə nələr qazandırdı? O dövrlə bağlı nələr xatırlayırsınız? - O ədəbi mühit idi. Bizə yazıçılar gəlib-gedirdi. Ata-anamın dostları - həm Azərbaycan yazıçıları, həm Moskvadan, həm Türkiyədən yazıçılar gəlirdilər. Atamın zəngin kitabxanası var idi. Ədəbiyyatla bağlı söhbətlər edilirdi. Təbii ki, onların təsiri olub mənə. Bizim evdə Nazim Hikmət olub. Onun söhbətləri yadıma gəlir. Fazil Hüsnü Dağlarca, həmçinin rus yazıçı və şairləri qonaq olublar.
- Sizcə, çağdaş Azərbaycan ədəbiyyatı nə durumdadır? Niyə bizdə dünyamiqyaslı yazıçı yoxdur? - Dünyamiqyaslı yazar bir az şərti ifadədir. Bizim elə yazıçılarımız var ki, 30 ölkədə kitabları çıxıb. Bu o demək deyil ki, bizi dünyada tanımırlar və ya onlar dünya yazarlarıdır. Məsələn, mənim xaricdə 30 kitabım çıxıb, 40-dan çox dilə tərcümə olunub. Amma mənə “dünyaşöhrətli yazıçı” deyəndə bunu qəbul etmirəm. Axı təkcə kitabının çıxmağı azdır. Gərək o kitaba münasibət olsun, bu barədə tənqid yazılsın, o ölkənin ədəbi həyatına daxil olasan. Biz az-çox Türkiyənin ədəbi həyatına daxil olmuşuq. Çünki Türkiyədə bizim kitablar haqqında resenziyalar çıxır, təqdimatlar keçirilir, yubileylərimiz qeyd olunur. Deyirlər ki, Azərbaycanda “Nobel” mükafatı alan yoxdur. Hindistanın əhalisi 1 milyarda yaxındır, amma onlarda bir nəfər – Taqor alıb. “Nobel” mükafatı bir az təsadüfi bir şeydir. Əsasən, böyük dillərdə - ingilis, fransız, alman, ispan dillərində yazan yazıçılar “Nobel” mükafatı alırlar. Xüsusən, İsveç və Norveçdə verildiyi üçün Skandinaviya ölkələrində daha çox mükafat alırlar. - Bəs Anar özü kimləri oxuyur? Xüsusən də, Azərbaycan ədəbiyyatından... - Mən 60-cı illər ədəbiyyatına mənsubam və həm o dövrün yazıçılarının kitablarını, həm də dəfələrlə yazmışam. Mənim 4 cildi çıxan “Söz dünyası” kitabım var. Orada “Dədə Qorqud”dan bu yana bir çox -yüz qədər yazıçı haqqında məqalələrim var. Demək, onları oxumuşam ki, onlar haqqında da yazmışam. - Azərbaycanda kitaba marağı artırmaq üçün nələr etmək lazımdır? - Kitab təbliğ olunmalıdır, xüsusən də, televizorda, internetdə. İnternetdə yazıçılara təhqir, söyüş yazmaqdansa, Heç görmüsünüz ki, bizim sosial şəbəkələrdə hansısa bir ədəbi tədbir haqqında yaxşı söz deyilsin və ya çıxan bir kitab haqqında yaxşı müzakirə aparılsın? “Yazıçılar İttifaqı filan şeyi belə etdi ya da filan şeyi belə etmədi”. Nə qədər kitablarımız çıxır. Onların arasında uğurlusu da var, uğursuzu da. Heç birini də görmək istəmirlər. Televiziya da ədəbiyyatı çox təbliğ edə bilər. Televiziya vasitəsilə kitabların təqdimatı keçirilməli, oraya hər küçədən keçəni yox, mötəbər adamları – tənqidçilər və ədəbiyyat bilicilərini çağırmaq lazımdır. Çıxan kitabları müzakirə etmək və onlarla bağlı fikirlər söyləmək lazımdır. Bundan sonra təbii ki kitaba maraq da arta bilər. İndi hər adam kitab yaza və pulu varsa, onu çağ edə bilər. Yaxşı ədəbiyyatla antiədəbiyyatın fərqi var. Biri gəlir ki, mənim 10 kitabım çıxıb, mən niyə Yazılar Birliyinə üzv olmuram? Baxırsan ki, 10 kitab 3 qəpiyə də dəyməz. Beləsi də var da. Neyləyək? Belə bir dövrdür. - Bəs, sizcə, daha çox hansı mövzulardan yazılmalıdır? - Bizim vacib mövzulardan biri gəncləri vətənpərvərlik ruhunda yetişdirməkdir. Daha sonra tarixi qələbələrimiz: 44 günlük müharibədə zəfər çalmağımız, torpaqlarımızı azad etməyimiz, 23 saatlıq “Antiterror əməliyyatı”nda 200 illik problemin həll olunması və s. çox vacib mövzulardan. Amma həyat təkcə bunlardan da ibarət deyil. İnsanlar sevir də, vəfat da edir, tənhalıq hissi də keçirir, fərəh də yaşayır. Bütün bunları ədəbiyyat əks etdirməlidir. - Hər bir yaradıcı insanın illər sonra keçmişə nəzər salanda xüsusən sevdiyi və sevmədiyi əsərləri olur. Bəs sizin yaradıcılığınızda belə nümunələr varmı? - Əsərlərimdə sevmədiyim şeylər yoxdur. Çünki sevməsəydim, onları yazmazdım. Sadəcə biri uğurlu olub, biri uğursuz. Amma hamısı mənim mənəvi övladlarımdır. Ona görə də yazdığım heç bir şey üçün peşmanlıq hissi keçirmirəm. - “Şəhərin yay günləri” Anarın Sovet dövrü yaradıcılığının həyəcan təbili idi. Bəs hazırkı cəmiyyətimizdə hansı nöqsanlar sizi narahat edir? - O dövrdə həmin əsəri yazmaq cəsarət tələb edirdi, çünki çox kəskin məsələlər qoyulmuşdu. Hətta onu bizim senzura buraxmaq istəmirdi, amma Ulu öndər Heydər Əliyev gəlib əsərin tamaşasına baxdı. O gələndə Mərkəzi Komitənin bütün katibləri, yaradıcılıq təşkilatlarının üzvləri gəlmişdi. Tamaşadan sonra səhnəyə çıxdı, əsəri təhlil etdi. Dedi, bu əsərə film çəkilməlidir. Rus teatrı da tamaşaya qoymalıdır. Bütün məktəblərdə müzakirə edilməlidir. Yəni belə təbliğ olundu. Mən bir neçə il qabaq “Şəhərin qış gecələri” adlı bir pyes yazdım. Əsər 90-cı ilin qara yanvar hadisələrinə həsr edilib. “Gənc Tamaşaçılar Teatrı”nda tamaşaya qoyuldu. Dövr dəyişdiyi üçün onun elə bir uğuru olmadı. Ayda bir dəfə tamaşası olur. Məsələ onda deyil ki, biz yazmırıq və ya daha pis yazırıq. İnsanlarda maraq azalıb. İnsanları da çaşdıran televiziya kanalları və internetdir. İndi ədəbiyyatı və digər hər şeyi telefon əvəz edib. Neyləyək? Belə bir dövrdür. - Gələk sizin Yazıçılar Birliyindəki fəaliyyətinizə... Anar Yazıçılar Birliyinin sədri vəzifəsindən getmək istəmir? - Sədrliyi niyə tərk etmirəm? Çünki mən yazıçıların iradəsinə tabeyəm. Əgər 5 qurultayda yazıçıların əksəriyyəti yekdilliklə mənə səsveriblərsə, deməli, istəyirlər ki, mən burada sədr olum. Yazıçı olmayıb istəməyənlərin isə öz işləridir. Onların fikri mənim üçün maraqlı deyil. Mən də demişəm ki, 2027-ci ildə 14-cü qurultay olacaq. Əgər o vaxta qalsam, mən namizədliyimi irəli sürməyəcəyəm. - Bəs Yazıçılar Birliyinin fəaliyyəti mediada necə işıqlandırılır? Çünki bəzi neqativ xəbərlər çıxır. - Çıxsın da. Az-çox məşhur adamlara sataşanda daha çox mediaya maraq oyanır. Onlar faktiki alverçilik edirlər. Söhbət məndən getmir. Məşhur bir rəssamı, bəstəkarı, abırlı bir alimi tənqid edəndə, təəssüf ki, buna “xəstə” maraq oyanır, bir az daha çox oxunur. Bu, qan içməkdən ləzzət alan insanlara xas olan cəhətdir. - Bəs gənclərlə aranız necədir? - Çox gözəldir. Mən gələndən sonra “Ulduz” jurnalını gənclərə verdik. Redaktorlardan tutmuş işçilərə qədər hamısı gənclərdir. Gənclər Şurası, Gənc Ədiblər Məktəbi yaratdıq. Gənclər təqaüd alırlar. Kitablarının müzakirəsini keçiririk. Yəni biz cavanlara işdə yardım edirik, sözdə yox. Hamam suyu ilə özünə dost tutanlar çoxdur, amma biz çalışırıq ki, işdə onlara kömək edək. - Yazıçılar birliyindən söz düşmüşkən, Elza Seyidcahanın yazıçılar birliyinə üzv olunmağı səs-küy yaratdı. Bu barədə fikirləriniz maraqlıdır.. - Bu çox maraqlıdır. Çünki bundan əvvəl rəhmətlik bəstəkar Ruhəngiz Qasımovanı da qəbul etdik. Çünki onun da pyes və bədii əsərləri var. Böyük pianinoçumuz Fərhad Bədəlbəylinin gözəl şeirləri var. Onu da qəbul etdik. Onda heç kəs səs-küy salmadı ki, bu, bəstəkardır, pianinoçudur. Elzanın da şeirləri var. Yaxşısı da var, ortabab olanı da. Doğrusu, mən onun kitabını oxumamışdım. Ərizə verəndə katiblərin fikri belə oldu ki, layiqdir, biz də onu qəbul etdik. Bundan sonra həngamə oldu. Niyə məhz o biriləri demirlər, bunu deyirlər? Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazırlar? Sadəcə Elza bir az məşhurdur. Deyirəm də, məşhur olmaq bəladır bu ölkədə. Bir adam ki, məşhur oldu, gərək hamı onu sancsın, təhqir etsin. Elzanın da səhvi bu oldu ki, elə şeirlər yazıb ki. Biz onu qəbul etmirik və dedilər ki, bunun üstündə onu çıxarmaq lazımdır. Dedim, yox, çıxarmaqla məsələ həll olmur. Onu çağırıb başa saldıq. O da qulaq asdı sözümüzə. Dedim, yaradıcılığının ilk vaxtında diqqəti cəlb etmək üçün belə şeylər yazmısan, amma indi səni kifayət qədər tanıyırlar. İstedadın da var. Elə şeirlər yaz ki, heç kəsdə qıcıq oyatmasın. O da bizim tənqidimizlə razılaşdı, ona xəbərdarlıq etdik ki, bir də belə şeylər olsa, artıq ayrı tədbirlər görəcəyik. Bununla da məsələ qurtardı. Amma yenə də əl çəkmirlər. Çünki başqa temaları yoxdur. - Qızınız da yazılar yazır. Onun yazıları ilə bağlı düşüncələriniz nələrdir? - Qızım da yazıçıdır. Mən onu yazıçı etməmişəm. Allah ona vergi verib, heç kəsdən də pis yazmır. Ona görə də Yazıçılar İttifaqına qəbul olub. Doğrusu, onu mən yox, Fikrət Qoca qəbul etdi. İndi kitab Mərkəzinin rəhbəridir. Orada kitabı, ədəbiyyatı təbliğ edir və xeyirli işlər görür. - İndiki dövrdə övladlarına İflic, Gürzə, İlanpəri və s. kimi adlar qoymaq istəyən insanlar var. Bəs siz obrazlarınıza necə ad verirsiniz? - İflic də verirlər (gülür -red.)? Vay! Afərin onlara! Mənim İflic obrazım yoxdur, ola da bilməz. Adi adlar verirəm. Realist əsərdə gərək adlar da real olsun. Mənim son hekayəm var – “Qatardan qalan adam”. Orada bir qəhrəmanın adı Ərkinazdır. Biri bunu mənə irad tutur ki, bu qədim adı, niyə qoyub? Gərək mən yazaydım ki, bunun nənəsinin adı Ərkinaz olub, ona görə özünün də adı Ərkinazdır? Gərək hər şeyi çeynəyib bunların ağzına qoyasan? Mənasız iradları oxuyanda fikirləşirsən ki, bu adamlar hansı dövrdə yaşayıblar, hansı meşədən çıxıblar? Bu nə təfəkkürdür belə? - Kənardan baxanda çox sərt, ciddi bir insan təəssüratı bağışlayırsınız. Amma yaradıcı birisiniz və yaradıcı insanların qəlbi adətən kövrək olur. Hansı əsər və kitab sizin qəhqəhə ilə gülməyinizə və ya kövrəlməyinizə səbəb olub? - Bəzən internetdə mənim haqqımda yazılar çıxır. Onları oxuyanda çox nəşələnirəm, gülürəm ki, ilahi, insanları niyə belə səfeh yaratmısan? - Bəs kövrəldiyiniz əsərlər? - Şeirləri çox sevirəm. Füzulini indi də oxuyanda çox kövrəlirəm. Dünya ədəbiyyatında çox əsərlər var ki, çox sevirəm. Elə filmlər var ki, onlara həmişə baxanda riqqətlənirəm. Gözəl musiqi dinləyəndə də adam riqqətlənir. - Filmlərdən söz düşmüşkən, hazırda Azərbaycan teatr və kino sahəsini necə dəyərləndirərdiniz? Çünki gözəl ssenarilər də yazmısınız… - Mənim iki ali kino təhsilim var; həm ssenarist kimi, həm də rejissor kimi oxumuşam. 15-dən artıq bədii filmim var. 10-dək sənədli televiziya filmlərim var. Azərbaycandan başqa Moskvada, Türkiyə və Özbəkistanda ssenarilərim əsasında filmlər çəkilib. Bunları ona görə sadalayıram ki, 12 ildir ki, kinonu mənim üzümə bağlayıblar. Üç ssenarim hazırdır, ikisini Mədəniyyət Nazirliyi qəbul edib, pulunu da ödəyib, amma çəkmirlər. Soruşanda deyirlər ki, pulumuz yoxdur. Pulları haçan olacaq, bilmirəm. Kino mənim həyatımın mühüm bir hissəsidir. Bir hissəsi ədəbiyyatdırsa, bir hissəsi də kinodur. Məni kinodan uzaqlaşdırmaq, əsərimi yaxın qoymamaq, mənə ən böyük zərbədir. Bütün boş tənqidlərdən, mənasız iradlardan heç biri mənə təsir etmir, nəinki məni kinodan uzaqlaşdırmaq. Özü də nəyi uzaqlaşdırırlar? Cəfər Cabbarlı haqqında ssenarim var. O, böyük klassikdir. İndi ədəbiyyata maraq azalıb. Heç olmasa kino vasitəsilə ədəbiyyatı təbliğ edək. Bu məqsədlə Mirzə Fətəli, Cavid, Mirzə Cəlil, Üzeyir bəy və C. Cabbarlı haqqında ssenarilər yazmışam. Bu seriyadan 5-ci film Cəfər Cabbarlı haqqında idi. Mən çox istərdim ki, bu film çəkilsin. Çünki bu filmlər həm onların həyatını əks etdirir, həm də yaradıcılığını. Amma bunlara pul tapılmır. Gözləyirəm ki, həm insaflı, həm də imkanlı adam meydana çıxsın ki, buna pul buraxsın. Boş-boş şeylərə buraxılan pulların bir hissəsi də buna buraxılsın.
- İlk qələm təcrübələrinizi Şuşada ərsəyə gətirmisiniz. İllər sonra ora geri qayıdanda hansı hissləri keçirmişdiniz? - Şuşa azad olandan sonra orada 5-6 dəfə olmuşam. Bütün azərbaycanlılar kimi fərəh hissi keçirirəm. İllərlə o ağrını duymuşuq televizorda Şuşanın tapdaq altında olduğunu görəndə ürəyimiz parçalanırdı. Cənab Prezident sağ olsun ki, bizi bu həsrətdən xilas etdi. Düzdür, Şuşanı xaraba qoyublar, heykəllərə güllə atıblar. Bülbülün heykəlini nə günə qoyublar. Amma indi Bülbülün muzeyi də bərpa olunur. Üzeyir bəyin də muzeyi həmçinin. Şəhərlərimiz yenidən dirilir. Bundan ancaq fərəh və minnətdarlıq hissi ilə danışmaq olar. - 44 günlük müharibədən sonra Azərbaycan ədəbiyyatında nələr ortaya qoyuldu? - Biz “Otuz ilin həsrəti, 44 günün zəfəri” adlı böyük bir kitab buraxdıq. Orada işğaldan azad olunan bölgələrin yazıçılarının hərəsi öz bölgəsindən oçerk, şeir və ya poema yazdı. Mənim də orada üç-dörd yazım var. “Bütün yollar Şuşaya gedir” adlı kitab yazdıq. Ramiz Qusarçaylının, Sabir Rüstəmxanlının poemaları var. İri əsərlər o saat yaranmır, ilk növbədə şeirlər, poema və esselər meydana çıxır. Gələcəkdə yəqin ki, daha böyük janrda əsərlər meydana çıxacaq. - Ömrünüzə kənardan baxanda nə görürsünüz, nələri xatırlayırsınız? - Mən uzun bir ömür yaşamışam. Bu yaşa çatmışamsa, bu, Allahın bir lütfüdür. Çünki Allah dostlarımın çoxunu aparıb. Mən buna çox təəssüf edirəm. Onları tez-tez xatırlayıram. Məni hələ ki saxlayıb. Son günümə qədər yaradıcılıqla məşğul olmaq, oxumaq, səfərlərə çıxmaq, bir sözlə yaşamaq istəyirəm. Harada qırıldı-qırıldı. - “Adamlar həyatda yavaş-yavaş, misqal-misqal, heç özləri də bilmədən satın alınırlar” deyir personajlarınızdan biri. Bunu hamıya və ya Anara şamil etmək olar? - Mən heç vaxt satılmamışam, amma satılan adamlara çox rast gəlmişəm. Mən “misqal-misqal” yazmışam, Amma eləsi var birdən satılır. Bir şeyə şirnikir, üz döndərir və nəinki dostlarını, millətini belə satmağa hazır olur. Elə adamlar da var. - Hazırda üzərində çalışdığınız, ortaya qoymaq istədiyiniz əsərlər var? - Mən bu yay 5 kitab üzərində işləmişəm. Demək olar ki, onların 4-ü hazırdır. Nəsr, şeir, məqalələr kitabı var. Bayaq dediyim, “Söz dünyamız” adlı kitabın 5-ci cildi də hazırdır. - Bir müsahibənizdə demişdiniz ki, yas yerlərinə gedirəm, amma toylara yox. Çünki toylardan ləzzət almıram. Toylarımızda nə çatışmır ki, zövq ala bilmirsiniz? - Toylarımızda musiqi adamı dəng edir. O qədər bərkdən çalırlar ki, ağız deyəni qulaq eşitmir. Ona görə də yoruluram. Bəzən yaxın adamlar olur, getməyə məcbur oluram. Toydan çıxanda elə bil döyüblər ya da başıma çəkiclə vurublar. İnsan toya niyə gedir? İnsan ünsiyyət istəyir, söhbət etmək, sağlıq demək və eşitmək istəyir. Musiqi adamı dəng edir. Hələ israfı demirəm. Gərək stolun üstü dolu olsun, sonra da yarısı qalsın. Bu bizim millətin bədbəxtliyidir ki, biz toya bu qədər məsrəf çəkirik. Elə insanlar var ki, ömürlərincə nə yığırlarsa, toya xərcləyirlər. Nəyə lazımdır? O pulu verin, gənclər toy səyahətinə çıxsınlar, ev ala bilsinlər. Hamısı yarışır ki, mənim toyumda 300 adam olub, o birinin 400 adam. Bu cəmiyyətdə süni yolla yaradılan nöqsan varsa, o da toy məclisləridir. - Bunu cəmiyyətimizin bədbəxtliyi deyə vurğuladınız. Cəmiyyətimizin xoşbəxtliyi və bədbəxtliyi nədədir? - Ən böyük xoşbəxtliyi odur ki, torpaqlarımızı azad etdik. Müstəqilik və heç kəsdən asılı deyilik. Buna görə də biz Ulu Öndərə minnətdar olmalıyıq. Torpaqlarımızın azad olunmağı isə hörmətli prezidentimizin xidmətidir. Biz Sovet dövrünü görmüşük. Amma Sovet dövrünü ancaq qara görmək istəmirəm. Biz Sovet dövründə “Dədə Qorqud” filmini çəkdik. İndi bu filmi çəkə bilərikmi? Yox. Çünki Sovet vaxtında “Mosfilm”in bir süvari alayı var idi. Gəldilər, Şamaxıda çəkdilər. Moskva pul buraxırdı. Təkcə sovet filmləri deyildi ki. “Dədə Qorqud”, “Babək”, “Nəsimi” sovet filmləri deyildi ki. Bu cəhəti var idi. Amma o biri tərəfdən də hər şeyə nəzarət edirdi. O dövrdə yaşamaq da, yaratmaq da çətin idi. Amma mən taleyimdən razıyam ki, heç vaxt ideologiyaya boyun əyməmişəm. O vaxt kinoda da, ədəbiyyatda da nə etmişəmsə, bu gün də göstərə bilərəm. - “Beşmərtəbəli evin altıncı mərtəbəsi”əsərinizdə belə bir fikir səsləndirmisiniz: “İnsan ömründə görünməz bir sərhəd var. Bu sərhədə çatanacan hər şey başqadır, ümidlərlə, arzularla, xəyallarla yaşayırsan - filan şeyi filan filan edəcəm. Elə ki, sərhədi keçdin, istəyirsən, lap Şirəli baba kimi 150 il yaşa – hər şey arxada qalmış olacaq, ancaq həyata keçməmiş arzular haqqında xatirələr, vəssalam”. 90 yaşına doğru addımlayırsınız. 86 bahar görmüş bir insan olaraq, illər öncə yazdığınız bu fikrə münasibətiniz necədir? - Əlbəttə, olub. Bayaq dediyim kimi, arzum odur ki, yazdığım üç ssenaridən heç olmasa ikisi çəkilsin. Bəziləri deyirlər ki, sən Yazıçılar Birliyinin sədrisən. Sənə də maneə var? Mən indi daha çox çətinlik çəkirəm, nəinki gənc yaşlarımda. Gəncliyimdə kinolarım çəkilirdi, kitablarım çıxırdı. İndi kitablarımı öz hesabıma çap edirəm. Ona görə də hər şeyin yaxşı olduğunu deyə bilmərəm. Yazıçılar Birliyində isə işim ancaq başqalarına xidmət etməkdir, özüm üçün heç nə qazanmamışam. Ev məsələsi çətindir, amma çalışmışam ki, evlər tikdirdik. Sədrliyə başlayandan bu günə qədər ümumilikdə 100 adama mənzil vermişəm. Ad istəyiblər, çalışmışam ad verim. Yubileylərini, kitablarının təqdimatını keçirmişəm. - Son olaraq nə demək istərdiniz? - Yazıçılara qarşı bir az insaflı olsunlar. Bəzi bədxah adamlar var ki, iddiaları yazıçı və ya şair olmaqdır, amma bacarmayıblar. Bunun heyfini isə bacaran adamlardan çıxırlar. Onların sözünə qulaq asmasınlar. İnsanlara layiq olduqları qiyməti versinlər. Böhtanlar, yalanlar, şayiələr əsasında yox, gördükləri işlər əsasında. - Bəs gənc yazçı və şairlərə nə məsləhətiniz olardı? - Əgər siz ədəbiyyata ona görə gəlirsiniz ki, deməyə sözünüz və bacarığınız var, onda ədəbiyyata xoş gəlmisiniz. Yox, əgər şöhrət, ad üçün gəlirsinizsə, onda sizdən bir şey çıxmayacaq.

FOTO - VİDEO - Nadir İbrahimli

Seçilən
133
50
1news.az

10Mənbələr