AZ

Kərtənkələ növlərində "6-cı hiss" kəşf edildi

Yazını böyüt
Yazını kiçilt

Alimlər kərtənkələ növü olan gekkoların "6-cı hiss"ə sahib olduğunu müəyyən ediblər. Tapıntılar həm insanların, həm də digər heyvanların eşitmə qabiliyyətinin necə inkişaf etdiyinə işıq sala bilər.

Hafta.az-ın “Popular Science”a istinadən yazdığına görə, bir çox sürünənlərin havada hərəkət edən səs dalğalarını eşitmək qabiliyyəti yoxdur. Bu canlılar yerdəki titrəyişləri hiss edərək "eşidirlər".

Digər tərəfdən, keçən il aparılan bir araşdırmada bəzi ilan növlərinin havada səsləri və insanların qışqırıqlarını eşidə bildiyi qeyd edilib.

Kərtənkələ növü olan gekko da havada yayılan səsləri eşidə bilir. Bundan əlavə, bu heyvanların daxili qulağındakı kisə onların tarazlığının qorunmasında mühüm rol oynayır.

“Current Biology” jurnalında dərc edilən araşdırmada məlum olub ki, sözügedən vezikül gekkonlara aşağı tezlikli səsləri aşkar etməyə imkan verir. Elm adamlarının 6-cı hissə bənzətdiyi bu qabiliyyət sürünənlərin yaşadıqları mühitlə bağlı qavrayışlarını da formalaşdırır.

Merilend Universitetinin tədqiqatçıları laboratoriya mühitində gekko kərtənkələlərini bir sıra müxtəlif stimullara məruz qoyublar. Bu arada, daxili qulaqda vezikülün reaksiyaları müşahidə edilib.

Vezikülün 50-200 Hz diapazonunda səsləri tutduğunu qeyd edən tədqiqatçılar bunun gekkoların yalnız qulaqları ilə eşitdiyi tezlikdən xeyli aşağı olduğunu bildirirlər. Komandanın fikrincə, bu, vezikülün eşitmə sistemini dəstəkləməkdə xüsusi rol oynadığını deməyə əsas verir.

Bioloq Ketrin Karr deyir: "Qulaq bildiyimiz kimi havadakı səsləri eşidir. Lakin tez-tez tarazlıqla əlaqəli olan bu köhnə daxili yol gekkolara yer və ya su kimi mühitlərdən keçən vibrasiyaları aşkarlamağa imkan verir".

Daxili qulağın quruluşunun balıq və suda-quruda yaşayanlarda da görüldüyünü deyən Karr, tapıntıların quru və suda yaşayan heyvanların eşitmə sisteminin təkamülünü işıqlandırdığını əlavə edir.

Komanda həmçinin düşünür ki, yeni araşdırma eşitmə qabiliyyətinin inkişaf etmədiyi güman edilən digər heyvanların ünsiyyət qurma yolları haqqında yeni tapıntılar verə bilər. Eşitmədiyi düşünülən digər sürünənlər də ətraflarını bənzər bir mexanizmlə qəbul edə bilərlər.

Yeni tədqiqat insanın eşitmə sistemi ilə birbaşa əlaqəli deyil, lakin elm adamları bəzi oxşarlıqların olduğunu düşünürlər.

"Rok konsertində olduğunuzu təsəvvür edin" deyir Karr. “Başınız və bütün bədəniniz səs-küydən titrəyir. Musiqini təkcə eşitmirsən, həm də hiss edirsən. Bu sensasiya göstərir ki, insanın vestibulyar sistemi bu yüksək səsli konsertlərlə stimullaşdırıla bilər, yəni eşitmə və tarazlıq hisslərimiz bir-biri ilə sıx bağlı ola bilər” o əlavə edib.

Daxili qulaqdakı orqanları ehtiva edən vestibulyar sistem tarazlıq hissinin qorunmasını təmin edir.

Tədqiqatçılar ümid edirlər ki, tapıntılar məməlilərin eşitmə sistemləri üzrə tədqiqatlara yol açacaq.

"Bu tədqiqatın nəticələri sürünənlər dünyasından kənara çıxır" deyibi məqalənin həmmüəllifi Davey Han: “Bu gizli mexanizmləri üzə çıxardıqca, biz heyvanların öz mühitlərini necə qavradıqları, onlarla qarşılıqlı əlaqədə olduqlarına dair daha zəngin və daha nüanslı bir şəkil əldə edirik. Ola bilsin ki, öz duyğu təcrübələrimizə dair yeni anlayışlar açacağıq”.

Seçilən
39
hafta.az

1Mənbələr