AZ

Şimal dənizində texniki nasazlığın baş verdiyi gəminin sərnişinləri on saatdan sonra təxliyə edilib

Şimal

Berlin, 7 oktyabr, AZƏRTAC

Almaniyanın Şlezviq-Holştayn əyalətindəki Büsum şəhərindən Şimal dənizindəki Helqoland adası istiqamətində səyahətə çıxan gəminin sərnişinləri dənizdə 10 saat ərzində köməksiz vəziyyətdə qaldıqdan sonra təxliyə edilib.

AZƏRTAC "Bild" qəzetinə istinadla xəbər verir ki, göyərtəsində 250 sərnişin olan "Əyləncəli qız" (Funny girl) gəmisi Büsum şəhərindən Helqoland adası istiqamətində turist səyahətinə çıxıb. İki saat yarımlıq turizm səyahətinə başlanıldıqdan təxminən 30 dəqiqə sonra mühərriklərdə texniki nasazlıq baş verib və nəticədə gəmi dənizdə köməksiz qalıb. Verilən yardım siqnalından sonra əraziyə üç gəmi göndərilib. “Əyləncəli qız” gəmisi yedək gəmisinə qoşularaq Büsum limanına gətirilib və sərnişinlər yerli vaxtla gecə saat 2-də təxliyə ediliblər.

Hadisə nəticəsində sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, ötən il bu gəmidə bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
27
1
azertag.az

2Mənbələr