AZ

Tanınmış tarix müəllimi: “Tədris olunanla tələb olunan arasında böyük uçurum var”- MÜSAHİBƏ

Son illər ölkədə məktəb və repetitorluq anlayışı yanaşı səslənir.

- Mən 80 saylı tam orta məktəbdə tarix müəllimi işləyirəm və 7 illik pedaqoji fəaliyyətim dövründə bir sıra uğurlara imza atmışam. 

"Yaradıcı Müəllim","Fərq Yaradan Gənc Müəllim", "Örnək müəllim" müsabiqəsinin qalibi olmuşam. Müəllimlik çətin peşədir. 

Həyat tərzinlə, əqidənlə, düşüncələrinlə, ruhunla bu peşəyə layiq olmalısan. Daim enerjili, gülərüz, qayğıkeş bir müəllim obrazı ilə məktəbə daxil olmalı, körpə fidanların çöhrəsində, ürəyində xoşbəxtlik qığılcımı yaratmalısan. Müəllimin fəaliyyəti yalnız məktəblə məhdudlaşmamalı, hər yerdə şagirdlər müəllimlərinin mənəvi dünyasını hiss etməli, onu duymalıdırlar.

-Bu gün müəllimin nüfuzu ilə bağlı müxtəlif fikirlər səslənir. 

Bir müəllim olaraq siz bu müzakirələri necə dəyərləndirirsiniz?

- Müəllimlik cəmiyyətin həyatına təsir edəcək, onun dünəni, bu günü və gələcəyində rolu olan mühüm peşədir.

Cəmiyyətin hər bir fərdinin həyatı məktəb və xüsusilə təhsillə bağlıdır. Əldə etdiyimiz bütün uğurlar məhz təhsil ocaqlarının bizə ötürdüyü fundamental biliklər, praktik bacarıqlar sayəsində olur. Biz sosiumun tərkib hissəsi olmağı, əməkdaşlığı, əxlaq normalarını, dünyəvi bilikləri məhz məktəbdə öyrənirik. 

İctimayyətin müəllimlik peşəsinə həssaslığı məhz buradan qaynaqlanır. Müəllimlik bütün peşələrin özəyi, onun əsas nüvəsidir. Hər bir həkimin, mühəndisin, rəqqasın, jurnalistin, hətta müəllimin belə müəllimi var. İnkişafın təməlində öyrənmək kimi mühüm amil dayanırsa, cəmiyyət üzvləri müəllimlik kimi əsas peşəni gözardı etməz, müəllimi cəmiyyətin nüfuzlu şəxsi kimi görər və müəllimdən öz nüfuzunu qorumağı tələb edə bilər.

-Bu gün bəzi müəllimlərin dərsi yaxşı tədris etmədiyi, şagirdlərin buna görə də biliyi kənarda, repetitor yanında axtarması fikri ilə razılaşırsınızmı?

- Əslində məktəb dərsliklərinin daha çətin, az anlaşıqlı olması bu məsələyə təsir göstərən mühüm amildir. Tədris proqramının tələbləri ilə sinifdə şagird sıxlığı, resursların kifayət qədər olmaması, dərsliklərin dilinin çətinliyi, müəllimlərə yüklənən əlavə yazı-pozu işləri ilə uyğunsuzluq yaradır. 

Müəllimin bütün fəaliyyəti şagirdə fənnin incəliklərini anlatmaq, onu heç olmasa minimal biliklərlə təmin etmək olmalıdır. Mənim müşahidəmə əsasən, şagirdlər hətta repetitor yanına getsələr belə, həftədə ən çox tədris olunan Azərbaycan dili, Riyaziyyat, İngilis dili fənnlərindən buraxılış imtahanlarında çox zaman minimum bal toplaya bilmirlər. 

Müəllim şagirdinin inkişafını izləməli, qeydlər aparmalıdır. 

Fərdi yanaşma olmalıdır. Gəlin bir məqama diqqət edək ki, 30-dan artıq şagirdin təhsil aldığı sinifdə müəllim necə fərdi yanaşma tətbiq edə bilər? Şərti olaraq mən 30+şagird dedim, bu, bir sinifin uşaqlarının sayıdır. Müəllimlərin ildən-ilə artan yazı-pozu işi isə ağrımayan başı lap ağrıdır.Əgər bir fəaliyyət müəyyən dövr ərzində müsbət dəyişikliklərə gətirmirsə demək ki, fəaliyyəti dəyişmək lazımdır.

-Siz repetitor fəaliyyəti ilə məşğul olursuzmu? Doğrudanmı, repetitorluq günün tələbidir?

- Bəli, mən də repetitorluq fəaliyyəti ilə məşğulam. Əgər şagird məktəbdə gündəlik dərsləri oxumursa, məntiqi-düşüncə tərzini inkişaf etdirəcək tapşırıqlar üzərində çalışmırsa, müəllim-şagird fəaliyyəti hiss olunmursa, həmin şagird çox zaman repetitor yanında belə uğur qazana bilmir.Təhsil məktəblərə qaytarılmalıdır. 

Şagirdlər əlavə fənlərlə yüklənməməlidir. Musiqi dərsi var, müəllimi və kitabı da var, amma sinif otağında musiqi alətləri yoxdur. Şagird ömründə bir dəfə musiqi alətinə toxuna bilmirsə, onun nəyinə lazımdır ki, Şərqdə ilk Konservatoriya harada açılıb? 

Təhsilin əsas məqsədi beyni boş, gərəksiz biliklərlə doldurmaq olmamalıdır. Çox təəssüf ki, repetitorluq günün tələbinə çevrilib. Məktəbəqədər təhsildən təhsilin ən yuxarı pillələrinə qədər hər yerdə repetitorların fəaliyyətini görmək olar.

-Ali məktəblərə qəbulun nəticələrindən danışarkən, bunu məktəbin yox, repetitorun uğuru adlandırırlar. Sizcə, bu fikir nə dərəcədə doğrudur?

- Bu gün təhsil repetitorların fəaliyyətindən asılıdır. Məktəbin əsas missiyası cəmiyyətə gərəkli şəxsiyyətlər yetişdirmək, hər bir fərdin bacarıqlarını aşkarlamaq və inkişaf etdirməkdən ibarət olmalıdır. Ali məktəblərin plan yerlərinin doldurulması məktəblərin əsas missiyası olmamalıdır. Bu gün məktəbdə tədris olunan biliklərlə universitetə qəbul olmaq çətin məsələdir. 

Abituriyentlərin istifadə etdiyi əlavə dərsliklərə diqqət edin.

Məktəb dərsliyi kifayət edirsə, bu qədər test toplusu, dərs vəsaiti bəs nə üçün çapdan çıxır? Məktəbdə Riyaziyyat kitabında olan toplam 10-15 çalışmanı həll etməklə universitetə qəbul olmaq nə qədər məntiqli ola bilər? Demək ki, tədris olunanla tələb olunan arasında böyük uçurum var. Əgər şagird 9 il məktəbdə oxumursa və 2 il hazırlaşıb universitetə daxil olmaq istəyirsə, burada uğurlu nəticədən danışmaq olmaz. Repetitorlar məktəbdə gündəlik dərslərə cavab verən, az da olsa biliyi, savadı olan şagirdlərlə işləyəndə daha yaxşı nəticə göstərə bilirlər. 

Məktəbin fəaliyyəti danılmazdır.

Seçilən
35
cebheinfo.az

1Mənbələr