AZ

“TikTok”da halal- haram söhbətləri: Məşhur ilahiyyatçılar da narazıdır

Hər dində halal və haramın nə olduğu haqqında fərqli görüşlər var. 

Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr günah sayılır. Bəzi əməllər isə bir dində halal sayıldığı halda, digərində haramdır. 

Son günlər sosial şəbəkələrdə özünü din xadimi kimi təqdim edən şəxslər bildirirlər ki, məsələn, telefonu spirtlə dezinfeksiya etmək haramdır. Bunun timsalında qəribə görünə bilən ən kiçik məsələləri də haram kimi təqdim edənlər var. Məsələn, qadınların çanta  götürməsi, sosial şəbəkədə görünmə vaxtının gizlədilməsi kimi məsələlər ətrafında da müzakirələr gedir. 

İslam dini bu haqda nə deyilir? İslamda hər kiçik məsələ haram hesab oluna bilər? 

Məsələ ilə bağlı dinşunas Elsad Miri “Cebheinfo.az”-a açıqlamasında deyib ki, dindən danışan hər kəsi ciddi qəbul etmək olmaz: 

“Halal və haramı müəyyənləşdirən yalnız Allahdır. Hətta Peyğəmbərin də nəyisə günah və ya savab adlandırması mümkün deyil. İslamın yeganə və tək mənbəyi Qurandır. Quranın “Nəhl”surəsinin 116-cı ayəsində Allah belə buyurur: 

“Dilinizin uydurduğu yalana əsaslanaraq “Bu halaldır, bu isə haramdır” deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar!” 

 İlahiyyatçı Tural İrfan isə hesab edir ki, dini yasaq və icazələr haqda hər təsadüfi şəxs fikir söyləyə, "bu haramdır, o halal" deyə bilməz: 

“Ümumiyyətlə, şəriət hökmləri böyük din alimləri, ömrünü bu sahəyə həsr etmiş fəqihlər, müctəhidlər tərəfindən verilir və izah olunur. Bu hökmlər Qurandan, Peyğəmbər hədislərindən və digər dini mətnlərdən çıxarılır. Kimsə öz ağlına, öz ölçü meyarlarına görə nəyisə halal, nəyisə haram edə bilməz”. 

O bildirib ki, son zamanlar ruhani qiyafəsində olan bəzi şəxslər sosial mediadan sui-istifadə edərək ənənəvi İslam qaydalarının əleyhinə fikirlər söyləyirlər: 

“Bəzi şəxslər çaşdırıcı, dayaz sözlər söyləyərək dini zəif bilən adamları yoldan çıxarmağa çalışır, yanlış inanca sürükləyirlər. 

İslam dini haqqında qorxulu, cılız, dayaz fikirlər yayır, ikrah oyadır və inancsız insanlarda da dinə qarşı rişxənd hissi yaradırlar. Bu əməllər dini cəhətdən böyük günahdır. Peyğəmbər buyurur ki, Quranı öz nəfsinə uyğun, yanlış təfsir edən cəhənnəmdəki yerinə hazır olsun”. 

İlahiyyatçı nümunə də gətirib:

“Özünü dindar kimi qələmə verən şəxs bildirib ki, texniki spirtin istifadəsi guya namazı batil edir. Bu fikir insanlarda çaşqınlıq yaradır. Halbuki qayda bunun tam əksini deyir.Dində ancaq içildiyi zaman sərxoşluq və fəsad yaradan alkoqollu içkilər haramdır. 

Tibbdə, texniki vasitələrdə, məişətdə istifadə edilən spirt və spirt tərkibli vasitələr icazəlidir. İnsan üstündə spirt olanda da, bədəninə spirt vuraraq da namaz qıla bilər. Əksinə, spirt mikrob və bakteriyaların qarşını alır.

 Məscidlərdə yüzlərlə möhür var ki, üstündə bir barmaq kir olur, yüzlərlə adamın alnı dəyir, tərli, sulu əzalarla təmas edir və fərqli dərilərə toxunur. Yaxşı olar ki, o möhürlər təmizlənib spirtlənsin. Həmin möhürləri aparıb labaratoriyada analiz etsək, üstündə min cür virus, mikrob, bakteriya tapmaq olar. Çünki həmin möhürlərlə qrip, vərəm, digər yoluxucu xəstəliyi olanlar da namaz qılırlar”. 

Tural İrfanın fikrincə, məscidlərin heç olmasa ayda bir dəfə xlor və spirtlə dezinfeksiya edilməsi vacibdir:

“Xurafata, cəhalətə inanıb, elmdən, tibbin müasirliyindən uzaqlaşıb orta əsrlərə, mağara dövrünə qayıtmaq ömrü, həyatı, cəmiyyəti məhvə sürükləməkdir. Quranı bilən, İslamın mahiyyətini qavrayan adam qarşısına çıxan məsələləri ağılla ölçməlidir. Ağıl Qurandan sonra insana yol göstərən mayakdır.  Qurana əli çatmasa, insana ilk lazım olan ağıldır. Din də ağılı, elmi önə çəkir”. 

Həmsöhbətimiz vurğulayıb ki, insan, cəmiyyət, həyat üçün nə faydalıdırsa, mütəxəssəslər onun faydalı olduğunu deyirsə, o halaldır:

“Nə ziyanlıdırsa, mütəxəssislər də onu zərərli sayırsa, o şey haramdır.Quranda Allah elm əhlindən, mütəxəssislərdən soruşmağı əmr edir.

Çünki Quran hər şeyi əhatə edən böyük dünya ensiklopediyası deyil, sadəcə bir meyar, ölçü, mizandır, o, istiqamət verib yol göstərir. Qarşıya çıxan problemli mövzularda mütəxəssislərin rəyi elə dinin rəyi deməkdir. Çünki çox sahələrdə din alimləri müqtədir deyil. Tutaq ki, din alimi eyni zamanda həkim və ya bioloq ola bilməz. Demək, o mövzularda mütəxəssisə qulaq asmaq lazımdır”. 

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr