AZ

Bakıda qazanxanada partlayış - 6 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 kv.m. olan qazanxanada ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində qazanxana binası və ərazidə sahəsi 240 kv.m. olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, 3 avtomobilə ziyan dəyib. Hadisə nəticəsində xəsarət almış 6 nəfər müvafiq tibb müəssisələrinə yerləşdirilib.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə, hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.

6 nəfər (3 kişi, 3-ü qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfərə (qadın cinsli) nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.

Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı şəxs (qadın cinsli) isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib.



Seçilən
0
31
herbiand.az

10Mənbələr