AZ

Gömrük prosedurlarının elektronlaşdırılması tranzit potensialını artırır- Bəhruz Quliyev

Azərbaycanın regional səviyyədə mühüm tranzit mərkəzi kimi mövqelərini gücləndirmək məqsədilə gömrük prosedurlarının elektronlaşdırılması ölkənin rəqəmsal inkişaf strategiyasının mühüm bir hissəsi kimi diqqətəlayiqdir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev "Kiçik və Orta Biznes (KOB) üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.

B.Quliyev vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin prioritet istiqamətlərindən biri prosedurların şəffaflığını təmin etmək və sahibkarlar ilə xarici iqtisadi fəaliyyət iştirakçıları üçün əlverişli mühit yaratmaqdır.

“Bizim prioritet istiqamətlərimizdən biri gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılmasıdır ki, bu da xərcləri azaltmağa və proseslərin operativliyini artırmağa imkan tanıyır. Biz innovativ həlləri və müasir risk idarəetmə metodlarını tətbiq edirik ki, bu da artıq gömrük prosedurlarının böyük hissəsinin avtomatlaşdırılmasına imkan yaradıb”, - deyə o bildirib .

B.Quliyev, həmçinin, yeni elektron xidmətlərin tətbiqinə və rəqəmsal infrastrukturun inkişafına xüsusi diqqət çəkib.

“Bizim təşəbbüslər çərçivəsində ölkənin tranzit potensialının inkişafına xüsusi diqqət yetirilir. Tranzit prosedurlarının elektronlaşdırılması və beynəlxalq sistemlərdə iştirak Azərbaycanın regional səviyyədə mühüm tranzit mərkəzi kimi mövqelərini gücləndirir”, - o əlavə edib .

Bu yeniliklər gömrük xidmətlərini daha əlçatan və şəffaf edir, beynəlxalq ticarətin sadələşdirilməsini və sürətlənməsini təmin edir. Xüsusilə, sahibkarlar və KOB subyektləri üçün bu inkişaflar əlverişli ticarət şəraiti yaradaraq onların fəaliyyətlərinin genişlənməsinə şərait yaradır.

“Gömrük nəzarətinin və qeydiyyat prosedurlarının tam avtomatlaşdırılmasına nail olunub”, - deyə B.Quliyev qeyd edib .

Azərbaycanın qeyri-neft ixracını stimullaşdırmaq üçün həyata keçirilən layihələr də bu çərçivədə ön plana çıxır. Bəhruz Quliyev, Dövlət Gömrük Komitəsinin ölkənin qeyri-neft ixracını artırmaq məqsədilə mühüm layihələr hazırladığını qeyd edib.

“Yeni çağırışlara cavab olaraq, gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması və süni intellekt əsasında layihələrin tətbiqi prioritet istiqamətlərdən biridir. Bu layihələr xarici investisiyaların cəlb edilməsini və Azərbaycan mallarının xarici bazarlarda daha geniş yayılmasını dəstəkləyir”, - o bildirib.

Fuad Mədətov
Fins.az

Seçilən
9
fins.az

1Mənbələr