AZ

Bir xəstə uşaq və 2 bacısı ilə zirzəmidə yaşayan müəllim: "İcra başçısı məni otağından qovdu"

Bərdənin Şirvanlı kənd sakini Günel Çapay qızı Bağırova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. 

O, 2 bacısı və bacısının bir xəstə övladı ilə kirayədə, yaşamaq üçün yararlı olmayan zirzəmidə məsunlaşdıqlarını deyib. 

"Arqument.az"a danışan Günel Bağırova deyir ki, problemlə bağlı bütün aidiyyəti qurumlara müraciət etsə də, heç bir reaksiya verilməyib. 

Müəllim problemi ilə bağlı Bərdənin icra başçısı Vidadi İsayevin qəbuluna getsə də, icra başçısı onu otağından qovub: "2015-ci ildən mən və 2 bacım, bacımın xəstə oğlu kirayələrdə qalmışıq. Bunun səbəbi müəllimə anamızın ağır xərcəng xəstəliyinə tutulması idi. İllərlə əzab çəkdi,  2015-ci ildə xəstəliyi ağırlaşdı. Eyni zamanda, özüm də ağır əməliyyat keçirdim. Anam rəhmətə getdi, çarəsiz və köməksiz idik. Onun müalicəsi üçün Çoxlu miqdarda pul borcu götürmüşdüm. Kənd rəhbərliyindən kömək istədim. Dedilər ki, bizim imkanımız yoxdur, gedin başınızın çarəsinə baxın. Əlacsız qalıb Bərdənin icra başçısı Vidadi İsayevin qəbuluna getdim. 4 nömrəli Uşaq İncəsənət Məktəbinin  müəlliməi olduğumu dedim. Məni otağından elə qovdu ki, sanki qarşısındakı bir qadın deyil, bir küçə dilənçisi idi. Çarəsiz qalıb Şirvanlı kəndindəki evmizi satıb borcları qaytardım. Həmin gündən qapı-qapı gəzməyə başladıq. Kirayəni ödəyə bilməyəndə pal-paltarımız yağışın qabağına töküldü. Hazırda biz zirzəmidə qalırıq". 

"Mən 240 manat maaş alıram. Ali təhsilli bacılarım isə günü 13 manata sahədə işləməyə gedirlər. Əgər 1 otağımız olsa, işləyəndən sonra evə gələcəyimizi bilərik. Amma özgələrin qapsına utana-utana gedirik. Bacım oğlunun 14 yaşı var. Məktəbə gedən uşaqlara həsrətlə baxır. Dioqnostika Mərkəzinin cərrahı Hafiz həkim uşağı Ağ ciyər Xəstəliklər İnsitutuna aparmağımızı tövsiyə etdi. Xəstəliyi ağırdır, kürəyi günü-gündən əlyilir, amma apara bilmirəm". 
 
Günel Bağırova

"İnanıram ki, 30 illik torpaq həsrətinə son qoyan qayıkeş insan, qüvvətli-qüdrətli ordumuzun Ali Baş Komandanı İlham Əliyev  bizimdə səsimizə də səs verəcək. Ümid edirəm ki, 8 noyabr Zəfər Gününə qədər biz də yaşayış evi ilə təmin olacağıq. Həmin evdə xəstə uşağın illərlə həsrətində olduğu isti peçdə əlləri qızınacaq. Bu qədər əzab-əziyyət çəkməyimizə baxmayaraq, həmişə dövlətimizə sadiq qalmışıq. Dəfələrlə intihar etmək istəmişəm. Xəstə uşağa baxanda pis olub, "bunu kimə tapşırım" deyə düşünmüşəm", - deyə o, "Arqument.az"a göndərdiyi müracətdə ölkə başçısına xitab edib. 

Günel Bağırova ölkə başçısından xahiş edir ki, bu problemlə bağlı aidiyyəti qurumlara göstəriş versin: "Odur ki, Sizdən bir Azərbaycan vətəndaşı və qadını kimi artıq dərəcədə xahiş edirəm ki, bir xəstə və atasız uşağımızın olmasını, maddi gəlirimizin azlığını və günü-gündən pisləşən maddi və mənəvi vəziyyətimizi nəzərə alaraq, bizim birotaqlı evlə təmin olunmağımızla bağlı aidiyyəti qurumlara göstəriş verəsiniz".

Bərdə Rayon İcra Hakimiyyətindən vətəndaşın probleminə münasibət öyrənmək mümkün olmayıb. 

Seçilən
14
1
arqument.az

2Mənbələr