AZ

Türk dövlətlərinin səhiyyə nazirləri Ümummilli Liderin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyətinin səhiyyə nazirləri və Macarıstanın nümayəndəsi iştirak edəcəklər.

Tədbir ərəfəsində qonaqlar Fəxri xiyabanda Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, tər gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında 1918-ci ildə Bakının daşnak-bolşevik qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olan qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsinin önünə əklil qoyub, gül dəstələri düzülüb.

Nümayəndə heyəti, həmçinin dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzini ziyarət edib. Məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Qeyd edək ki, TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Türk Dövlətləri Təşkilatının Baş katibi, təşkilata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Tədbirin sonunda yekun sənəd - Birgə Bəyannamə qəbul ediləcək.

Seçilən
32
5
azertag.az

6Mənbələr