AZ

Qvardiola Edersonun tərifini göylərə qaldırdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 7-ci turunun “Fulhem”lə ev oyunundan sonra Ederson Moraes haqda danışıb.

Arena.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən dəfələrlə demişəm ki, Edersonsuz əldə edəcəyimiz uğuru təsəvvür edə bilmirəm! Görkəmli qapıçılar belə zərbələri dəf etməlidirlər! Çempionlar Liqasını qazananda çox yaxşı xatırlayıram ki, Ederson sayəsində bunu bacardıq. Belə anlarda qapıçılar oyunlarda qalib gəlmək üçün parlaq qurtarışlar etməlidirlər!”, deyə Qvardiola yetirməsini tərifləyib.

Xatırladaq ki, Ederson Moraes “San Paulo”nun yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkən braziliyalı qapıçını “şəhərlilər” 2017-ci ilin iyulunda 40 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıblar. Edersonun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ederson cari mövsümdə “Mançester Siti”nin heyətində 9 oyuna çıxıb, 9 qol buraxıb, 2 oyundan “quru” qurtulub. Braziliyalı qapıçının “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 341 oyun, 266 buraxılmış qol, 157 “quru” oyun.

Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qələbə qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 6 qat, İngiltərə Kubokunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.

Ederson Moraes 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 25 oyuna 18 qol buraxıb, 12 təmiz oyun keçirib. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçısı Alisson Bekerin əvezedici rolunda çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019 Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
16
arena.az

1Mənbələr