AZ

ABŞ 907-ci düzəlişlə 32 ildir oynayır- Prezident Əliyev mətləbləri açdı...

Image

Hüseyn İbrahimov: “Bu, həqiqətən də Vaşinqtonun timsalında böyük nankorluq idi”

Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə Birləşmiş Ştatların Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişlə bağlı riyakar siyasətini ifşa etdi: 

“Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün?”.

“Bununla ABŞ regionun inkişafı ilə bağlı paradiqmalarla deyil...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, Prezident Əliyevin səsləndirdiyi fikirlərdə böyük həqiqət və məntiq var: “Çünki 90-cı illərdə işğala məruz qalan Ermənistan yox, Azərbaycan idi. Ancaq buna baxmayaraq, ABŞ 1992-ci ildə Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etdi. Bundan sonra Ermənistanın işğalçılıq fəaliyyəti daha aqressivləşdi və nəticədə 1994-cü ilin 12 may atəşkəsinə qədər ərazilərimizin 20 faizi işğal edildi. 2001-ci ilə qədər dəfələrlə cəhdlər edildi ki, 907-ci düzəliş ləğv edilsin. Bununla bağlı kifayət qədər əsaslar var idi. Həm ərazilərimiz işğal altında idi, həm də 1 milyonadək qaçqın və məcburi köçkün var idi. Ancaq hər dəfə Vaşinqton müxtəlif bəhanələrlə bundan imtina edirdi. Əsas bəhanə də bu idi ki, guya Konqresin qəbul etdiyi qərara təsir etmək imkanları yoxdur və s. Vəziyyət elə gətirdi ki, 11 sentyabr hadisələri ilə əlaqədar ABŞ 2001-ci ilin oktyabrında Əfqənastana hücum edərək Taliban rejimini devirdi. Əfqanısanda ABŞ qüvvələrinin təchizatı ilə əlaqədar Azərbaycanın hava məkanına ehtiyac yarandı. Bu səbəbdən hər il ABŞ prezidenti öz səlahiyyətlərindən istifadə edərək 907-ci düzəlişi dondururdu. Beləcə, 20 il bədnam düzəliş hər il donduruldu, amma birdəfəlik ləğv edilmədi. Halbuki, Birləşmiş Ştatların belə bir imkanı yetərincə var idi. Necə ki, ABŞ qoşunları biabırçı formada 2021-ci ilin avqustunda Əfqanıstanı tərk etdilər, ondan sonra artıq Azərbaycanın Vaşinqton üçün əhəmiyyəti arxa plana keçdi. Əslində isə ABŞ Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən məmnun olmadığından bu addımı atdı. Bu, həqiqətən də Vaşinqtonun timsalında böyük nankorluq idi. Çünki Azərbaycan təkcə hava dəhlizi verməmişdi. Azərbaycan həm də öz əsgərləri ilə Əfqanıstanda sülhyaratma əməliyyatlarına öz töhfəsini verib və oranı tərk edən ən sonuncu ölkə oldu. Bununla ABŞ regionun inkişafı ilə bağlı paradiqmalarla deyil, bölgədə qarşıdurma mühiti yaradır. Ermənilərin maraqlarından çıxış edərək gərginliyə xidmət edəcək siyasət yeridir. Onlar həzm edə bilmirlər ki, Azərbaycan işğala son qoyub”.

Vidadi ORDAHALLI





Seçilən
24
baki-xeber.com

1Mənbələr