AZ

Özünü ziyalı hesab edən qorxaq ikiüzlülər, hardasınız?

Özünü fəal, ziyalı, şair, yazıçı hesab, zənn və güman edən, əslində isə dişsiz, beliboş-etinasızlar, qorxaq və cürətsizlər, ikiüzlülər kütləsinə kimsə desin ki, Azərbaycanın müqəddəratının - Dövlət Müstəqilliyimiz və Ümumxalq Azadlığımızın xeyrinə həll olunduğu indiki dövrdə onlara fərd olaraq maraqlı görünən, “sənət sənət üçündür!” şüarı ilə cızma-qaraladıqları, düşünüb törətdikləri məhsul topası Azərbaycana lazım deyil.

Belələri cəm olduqları yaradıcılıq birliklərini məhz bu günlər ideologiya taqımlarına, korpuslarına transformasiya etməli, qələmlərini (və sairlərini də) süngüyə çevirməli, Asərbaycan naminə həqiqət hərəkatının önündə getməli, bir sözlə, dilini sürüməməli, Əsl Vətəndaş Mövqeyi nümayiş etdirməlidirlər! Gül-bülbül, ah-zar poeziyası, lokal mənalı, hövzə radiuslu, atası və övladı üçün maraqlı ola biləcək nəsr yığını mübarizə-müharibə gününün oxucusuna qətiyyən lazım deyil. Cəbhə döyüş zonasından mənəviyyat, ideologiya sferasına keçib. Azərbaycana, bütünlükdə Cənubi Qafqaza indi ABŞ, Fransa başda olmaqla mütəşəkkil Qərb Cəbhəsi açılıb. Özünü ziyalı hesab edənlərimiz bu saat döyüşün bu cinahında olmalıdır. Onların solğun, istedadsız, həvəssiz məmulatları, yuxa qırağı sulayan ağız tullantıları şəxsən mənə maraqlı deyil. Özü üçün yaradıb dövlətdən maddi əvəz tələb edən “piştaxta ziyalılarını” gerçək vicdan səfərbərliyinə çağırıram.

Ortada yeyib qıraqda gəzmək vaxtı 4 ildir ki, bitib! “Mənim öz mövqeyim var”, “Ölsəm də Prezidenti tərifləmərəm!”, “Heç vaxt dəyişməmişəm, dəyişmərəm də!” deyə əslində öz fərsizliyini, dişsizliyini, maskalanmış qaragüruhçu mahiyyətini göstərənlərə başa salmaq lazımdır ki, sən o mövqeyini bu gün Xalqına, Vətəninə, Azərbaycanın Dövlət müstəqilliyinə sərf etmək üçün formalaşdırmısan, karyeranı məhz indi, bu saat Millətinə qurban etməkdən ötrü qurmusan. Əgər o əqidə, o fərdi qürur Azərbaycanın milli maraqları tələb edəndə qurban verilməyəcəksə, onda o əqidəni, o fərdi qüruru aparıb atmaq lazımdır zibil yeşiyinə!

Kolba ziyalılığı bitməlidir!

Köynəyinin yaxalığını yox, dövlətin maraqlarını qoruyanlar Təmiz Azərbaycanlıdır. Hanı tanınmışlarımızın ABŞ konqresmenlərinin məktubuna cavabları? Hanı dünyaya çıxışı olan sosial şəbəkə istifadəçilərimizin ingilis dilində canlı yayımları? Nəyi gözləyirlər?

Vətəndə kirayənişin olmur! İllah da indi! Ölkəmizin hər santimetrinin sahibi özümüz olanda!

Seçilən
7
1
axar.az

2Mənbələr