AZ

Darmadağınlar günü - İCMAL

Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçirilən 18 oyunun 7-də böyük hesab qeydə alındı. ÇL səviyyəli turnirdə belə hesablar bir qədər qəribə görünür. Sırf nəticələrə gəlincə, nəhənglərdən “Bavariya” ilə “Real”ın uduzması, “Atletiko”nun darmadağın olması, azlıqda qalan “Yuventus”un qələbə qazanması diqqəti çəkdi.

Dortmund “Borussiya”sı “Brügge”nin ardından “Seltik”i də darmadağın etdi. İlk yarı het-trik edən və Girassinin qola çevirdiyi penaltiyə səbəbkar olan Adeyeminin benefisinə çevrildi. Hərçənd oyun Canın dəqiq penaltisi və Maedanın hesabı bərabərləşdirməsi ilə başladı. Şotlandlar açıq futbol oynamaq istəsələr də, rəqibin təklif etdiyi templə ayaqlaşa bilmədilər. “Borussiya”nı üzən yeganə məqam Adeyeminin 2-ci hissənin əvvəlində zədələnərək Düranvillə əvəzlənməsi oldu.

Çempionatda artıq bir neçə darmadağına imza atan “Barselona” ÇL-də də “Yanq Boyz”a eyni aqibəti yaşatdı. İsveçrə çempionu açıq-aşkar ÇL səviyyəsində deyil və çox güman, bu mərhələnin autsayderlərindən olacaq. Artıq ilk yarıda Levandovski, Rafinya və Martinesin vurduğu qollarla oyunun taleyi müəyyənləşdi. Fasilədən sonra 4-cü topu da rəqib qapısından keçirən “Barsa” ardından gücünə qənaət etməyə başladı. Flikin əvəzetmələri liderlərə dincəlmək imkanı yaratmağa hesablanmışdı. Hətta bu durumda da qonaqlar daha bir qol buraxdı.

Bir gündə üç 4:0 qeydə alındı. “Srvena Zvezda”nı qəbul edən “İnter” Çalhanoğlunun möhtəşəm qolu ilə irəli çıxdı. Serblər 2-ci hissəyə yaxşı başlasa da, Kruniçdən topu “oğurlayan” Taremi Arnautoviçin fərqlənməsinə şərait yaratmaqla onların müqavimətini qırdı. İranlı hücumçu sonradan meydana çıxan Lautaro Martinesi də zərbə mövqeyinə çıxardı. Argentinalı da borclu qalmadı. Sona yaxın məhz onun qazandığı penaltini Taremi qola çevirdi.
“Mançester Siti” də ÇL-in cari mövsümündə qələbə hesabını açdı. “Şəhərlilər” “İnter”lə heç-heçənin ardından, gözlənildiyi kimi, “Slovan”ı səfərdə darmadağın etdi. İlk 15 dəqiqədən sonra qonaqlar 2:0 öndə idi. Oyun vaxtının 80 faizində topa nəzarət edən “Siti” 2-ci hissədə daha iki qol vurdu. Saatın tamamında Holann, 74-cü dəqiqədə isə Makeyti fərqləndi. Qapıçı Takaç fədakarlıq etməsəydi, qonaqlar tennis hesabıyla qalib gələcəkdi.
Fransa çempionatında ötən mövsümün kəşfi olan “Brest” 2-ci turda “Zaltsburq”un qapısından 4 cavabsız top keçirdi. Bu iki qələbə “Brest”ə 4,2 milyon avro qazandırıb ki, bu da klub büdcəsinin 10 faizi deməkdi.

“Arsenal”la PSJ indiki durumda fərqli səviyyəli komandalar kimi görünür. Ən azı “Emireyts”dəki oyun bunu göstərdi. “Topçular” rəqibi bütün parametrlər üzrə üstələdi. Dərhal təşəbbüsü ələ alan “Arsenal” ilk qolu 20-ci dəqiqədə vurdu. Həmin epizodda Donnarummanın çıxışda kobud səhvə yol verdiyini də vurğulamalıyıq. 15 dəqiqə sonra “Arsenal” fərqi artırdı və oyunda daha başqa qol olmadı. Əlbəttə, PSJ də qol vəziyyətləri yaratdı. Ancaq Luis Enrikenin qəzəbinə düçar olan Dembelenin yoxluğunda parislilər açıq-aşkar “dişsiz” göründü.

“Milan”ı qəbul edən “Bayer-04” favorit sayılırdı. Alonsonun komandası ilk dəqiqələrdən oyunu ilə statusunu doğrultdu. Fasiləyə qədər bir neçə qol vəziyyəti yaradan almanlar Menyanın ustalığı sayəsində hesabı aça bilmədi. Ancaq fasilədən az sonra Frimponqunu qapıçıdan dönən zərbəsini Bonifeys qolla tamamladı. Qoldan sonra “Milan” daha yaxşı oynadı – rəqibin meydanın özünə aid hissəsinə çəkilməsiylə yanaşı, Moratanın meydana çıxması da oyunun xarakterini dəyişdi. “Milan” ən azı üç dəfə hesabı bərabərləşdirməyə çox yaxın oldu. Amma ardıcıl 2-ci məğlubiyyət lombardiyalıları zirzəmiyə saldı.

“Ştutqart” – “Sparta”, PSV – “Sportinq” oyunlarında komandalar hərəyə bir qol vurdu və bir xal qazandı.

əsas mərhələ, 2-ci tur
Ştutqart – Sparta 1:1 (1:1)

Ştutqart (Almaniya): Nübel, Ştentsel (Çeyz, 62), Ruo, Şabo, Mittelştadt, Karazor (Ture, 76), Ştiller, Miyo, Undav, Levelinq (Rider, 84), Dəmiroviç (Fürix, 62).
Sparta (Praqa, Çexiya): Vindal, Vitik, Panak, Zelenı, Presyado, Kayrinen, Lyaçi (Sadilek, 70, Rıneş, Birmançeviç, Rrahmani (Olatunci, 70), Haraslin (Krasniçi, 81).
Qollar: Miyo, 7 (1:0). Kayrinen, 32 (1:1).
Vərəqələr: Ştentsel, 12. Kayrinen, 77 – sarı.
Hakim: Manfredas Lukyançukas (Litva).
1 oktyabr. Ştutqart. 60000 tamaşaçı.

Zaltsburq – Brest 0:4 (0:1)
Zaltsburq (Avstriya): Blasvix, Morqalla (Bayçetiç, 77), Pyontkovski, Baydu (Blank, 77), Dediç, Bidstrup (Kapaldo, 61), Qurna-Duat (Dyambu, 77), Klark (Dorjeles, 61), Daqim, Konate, Qlux.
Brest (Fransa): Bizot, Lala, Le Kardinal, Kulibali, M.Aydara, M.Kamara (Dumbiya, 75), Fernandeş (Marten, 63), Manyetti, Del Kastilyo (Balde, 63), Ajork (Fevr, 84), Sima (Pereyra Laqe, 75).
Qollar: Sima, 24 (0:1). M.Kamara, 66 (0:2). Sima, 70 (0:3). Pereyra Laqe, 75 (0:4).
Vərəqələr: Le Kardinal, 15. Qlux, 18. M.Aydara, 26. Baydu, 63. Daqim, 86 – sarı.
Hakim: Entoni Teylor (İngiltərə).
1 oktyabr. Zaltsburq. 20232 tamaşaçı.

Arsenal – PSJ 2:0 (2:0)
Arsenal (London, İngiltərə): Rayya, Y.Timber (Kivyor, 46), Saliba, Qabriel, Kalafyori, Rays, Parti (Merino, 64), Saka (Lüis-Skerli, 90+2), Haverts, Martinelli, Trossar (Jezus, 74).
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Zair-Emeri, Vitinya (F.Ruis, 64), Neveş, Due (Kolo Muani, 64), Li Kan İn, Barkola.
Qollar: Haverts, 20 (1:0). Saka, 35 (2:0).
Vərəqələr: Kalafyori, 76. F.Ruis, 76 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
1 oktyabr. London. 60103 tamaşaçı.

Bayer-04 – Milan 1:0 (0:0)
Bayer-04 (Leverkuzen): Qradetski, Tapsoba, Ta, İnkapye, Qrimaldo (Belosyan, 80), Caka, A.Qarsiya (Andrix, 75), Frimponq, Virtus (Tella, 89), Adli, Bonifeys (Terrye, 75).
Milan (İtaliya): Menyan, Emerson, Tomori, Qabbya, T.Ernandes, Fofana, Reynders, Loftus-Çik, Pulişiç (Çukvueze, 80), Abraham (Morata, 62), Leao.
Qol: Bonifeys, 51.
Vərəqələr: A.Qarsiya, 8. Frimponq, 74. Morata, 84. Çukvueze, 90+4. Tomori, 90+5 – sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
1 oktyabr. Leverkuzen. 30210 tamaşaçı.

Borussiya D – Seltik 7:1 (5:1)
Borussiya (Dortmund, Almaniya): Kobel, Kouto (Bensebayni, 62), Anton, Şlotterbek, Ryuerson, Qross (Nmeça, 61), Can, Adeyemi (Düranvil, 48), Brandt (Bayer, 61), Baynou-Gittens, Girassi (Zabitser, 70).
Seltik (Qlazqo, Şotlandiya): Şmeyhel, Conston (Rolston, 86), Trasti, Skeyls, Teylor (Valye, 46), Engels, Makqreqor, Bernardo (Hatate, 46), Kyun (Yan Hen Çjun, 63), Furuhaşi (Ayda, 63), Maeda.
Qollar: Can, 7-p. (1:0). Maeda, 9 (1:1). Adeyemi, 12 (2:1). Adeyemi, 29 (3:1). Girassi, 40-p. (4:1). Adeyemi, 42 (5:1). Girassi, 66 (6:1). Nmeça, 79 (7:1).
Vərəqələr: Şmeyhel, 6. Qross, 32. Hatate, 74. Bensebayni, 90+3 – sarı.
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
1 oktyabr. Dortmund. 81365 tamaşaçı.

Barselona – Yanq Boyz 5:0 (3:0)
Barselona: (İspaniya): Penya, Kunde, Kubarsi (Fort, 64), Martines (Kuenka, 84), Balde, Kasado, Pedri (Fati, 64), Torres, Yamal (F.de Yonq, 75), Rafinya, Levandovski (Viktor, 75).
Yanq Boyz (Bern, İsveçrə): Keller, Blum (Atekame, 58), Kamara, Zukru, Acam, Monteyro, Uqriniç (Nyasse, 58), Lauper, Kolli (Virjinyus, 73), İmeri (Lakomı, 82), İtten (Qanvula, 73).
Qollar: Levandovski, 8 (1:0). Rafinya, 34 (2:0). Martines, 37 (3:0). Levandovski, 51 (4:0). Kamara, 81-öz qapısına (5:0).
Hakim: Erik Lamrexts (Belçika).
1 oktyabr. Barselona. 45097 tamaşaçı.

İnter – Srvena Zvezda 4:0 (1:0)
İnter (Milan, İtaliya): Zommer, Pavar, De Vrey (Açerbi, 64), Bastoni (Bissek, 74), Dyumfris, Çalhanoğlu (Aslani, 70), Auqusto, Mxitaryan (Frattezi, 64), Zyelinski, Arnautoviç (Lautaro Martines, 64), Taremi.
Srvena Zvezda (Belqrad, Serbiya): Qlazer, Ciqa, Drkuşiç (Rodiç, 89), Spayiç, Seol Yun Vo, Kruniç (Qomes, 89), Elsnik, Silas (Duarte, 70), Maksimoviç (Radonyiç, 70), Olayinka, Ndiaye (İliç, 69).
Qollar: Çalhanoğlu, 11 (1:0). Arnautoviç, 59 (2:0). Lautaro Martines, 71 (3:0). Taremi, 81-p. (4:0).
Vərəqələr: Mxitaryan, 15. De Vrey, 48. Elsnik, 69 – sarı.
Hakim: Feliks Svayer (Almaniya).
1 oktyabr. Milan. 56391 tamaşaçı.

Slovan – Mançester Siti (0:2)
Slovan (Bratislava, Slovakiya): Takaç, Blekmen, Kaşiya, Bayriç, Vimmer, Savvidis, İqnatenko (Soke, 63), Toliç (Pauşek, 78), Barseqyan (Mak, 85), Strelets (Martselli, 78), Vayss (Zuberu, 63).
Mançester Siti (İngiltərə): Orteqa, Lüis, Akanci (Diaş, 61), Stounz, Qvardiol (Uoker, 78), Nunyeş, Gündoğan, Savinyo, Foden (Qriliş, 78), Dokyu, Holann (Makeyti, 60).
Qollar: Gündoğan, 8 (0:1). Foden, 15 (0:2). Holann, 58 (0:3). Makeyti, 74 (0:4).
Hakim: Davide Massa (İtaliya).
1 oktyabr. Bratislava. 22500 tamaşaçı.

PSV – Sportinq 1:1 (1:0)
PSV (Eyndhoven, Niderland): Benites, Junior (Karsdorp, 65), Flaminqo, Boskalyi, Dams, Shauten, Til (Ledesma, 78), Saybari (Lanq, 65), Bakayoko (Pepi, 90+2), L.de Yonq, Tillman.
Sportinq (Lissabon, Portuqaliya): İsrael, Debast, İnasio, Diomande (Kuaresma, 32), Katamo (Braqansa, 52), Morita, Yulmann, Santuş (Harder, 79), Trinkan (Arauxo, 80), Dyökereş, Kenda.
Qollar: Shauten, 15 (1:0). Braqansa, 84 (1:1).
Vərəqələr: Junior, 22. Kenda, 53. Tillman, 64. Braqansa, 86. Lanq, 87 – sarı.
Hakim: Marko Quida (İtaliya).
1 oktyabr. Eyndhoven. 34400 tamaşaçı.

Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Bu oyunda qalib gəlmək vacib idi. Düşünürəm ki, 5:0 hesablı qələbəni tam haqq etdik. İlk qol bizə özünəinam gətirdi. İndi eyni ruhda da davam etməliyik”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Görməli olduğun işi görməlisən. Bu komandaya rəhbərlik etməl xoşuma gəlir. Bu işi sevirəm. Rəqibin cərimə meydançasında oynamaq asan deyildi. Ancaq bunu bacardıq, zədələrdən də qaça bildik, odu ki, bu gecə bizim üçün uğurlu alındı”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Oyunumuzdan tam məmnunam. Parlaq və fərdi cəhətdən güclü oyun göstərən komanda ilə qarşılaşdıq. PSJ ilə oyunda topu əldən vermək təhlükəlidi. Haverts qeyri-adi oyunçudu. Onun yaxşı futbol intellekti var, düzgün qərarlar verir, futbolçular arasında birləşdirici bağdı. Haverts hazırda əsas oyunçularımızdan biridi. İlk yarıda dominantlıq etdik, çoxlu qol vəziyyəti yaratdıq, amma ikinci hissədə hər şey fərqli ssenari üzrə cərəyan etdi. Gözlədiyimizdən daha artıq əziyyət çəkdik. Çempionlar Liqasında tələblər başqadı. Ancaq bu sınağın öhdəsindən layiqincə gəldiyimizə əminəm”.


Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Səfərdə oynamaq həmişə çətindi, xüsusən də “Arsenal” kimi komandaya qarşı. “Topçular” qələbəni haqq etdi. Onlar bizlə müqayisədə daha çox təhlükəli vəziyyət yaratdı, ilk dəqiqələrdən pressinqə əl atdılar və biz bunun öhdəsindən gələ bilmədik. Daha yaxşı oynamalıyıq. Bu məğlubiyyətdən dərs çıxarmalı və növbəti oyuna hazırlaşmalıyıq”.


Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“Milan” bizi yaxşıca test etdi. Oyunun ilk bir saatını çox yaxşı keçirdik. Oyunun sonunda bundesliqadakı qarşılaşmanın yorğunluğu özünü göstərdi, ancaq komanda xarakter göstərdi və qələbəni qorudu. Çempionlar Liqasında döyüşməyi və əziyyət çəkməyi, komanda ruhunu göstərməyi bacarmaq lazımdı. Bu qələbə bizim üçün vacib addımdı. Bəli, fiziki hazırlıq baxımından bir qədər çatışmazlıq oldu, ancaq nəticədən razıyam”.


Simone İnzaqi, “İnter”in baş məşqçisi:
“Uşaqlar özünü yaxşı göstərdi. Bura müdafiə üslubunda oynamaq üçün gələn komanda ilə döyüşdük. Topla yaxşı oynadıq, kombinasiyalar qurduq, daha bir neçə qol vəziyyətini boşa verdik. Bəzi əks-hücumları və 2-ci hissənin ilk beş dəqiqəsini çıxsaq, hər şey yaxşı keçdi. Mançesterdəki yaxşı oyunun ardından qələbə qazanmaq istəyirdik”.


Faktlar
* MS “Slovan”ı darmadağın etdi (4:0). Qvardiola “şəhərlilər”in baş məşqçisi kimi ÇL-də 13-cü dəfə dörd top fərqi ilə qələbə qazandı ki, bu da turnirin yeni rekordudu. İndiyə qədər rekord Aleks Ferqyusona məxsus idi. “Mançester Yunayted” onun rəhbərliyi altında qitənin ən nüfuzlu klub turnirində 4 top fərqli 12 qələbə qazanıb.
* “Bayer-04” avrokuboklarda ardıcıl 10-cu ev oyununda uduzmadı. Bu isə leverkuzenlilərin Alonsonun rəhbərliyi altında müəyyənləşdirdiyi yeni klub rekordudu. Xatırladaq ki, “Bayer-04” ötən mövsüm çempionatda və ölkə kubokunda bir dəfə də uduzmadı, amma Avropa Liqasının finalında “Atalanta”ya “boyun əydi”.
* Levandovski ÇL-də 35 klubun qapısına yol tapıb ki, bu da turnirdəki 3-cü ən yaxşı göstəricidi. Messi 40, Kriştiano Ronaldo 38 rəqibi məyus edib.
* “Arsenal” 2024-cü ildə 17 “quru” oyun keçirib. “Böyük beşlik” ölkələrində yalnız “Real” (18) bu baxımdan “topçular”ı üstələyir.
* Holann ÇL-də keçirdiyi 41-ci oyunda 42-ci qolunu vurdu.
* Levandovski “Barsa”nın heyətində ÇL-də 10-cu qolunu vurdu. O, turnirin tarixinə üç fərqli klubla (əvvəlkilər Dortmund “Borussiya”sı və “Bavariya”) 10 qol həddinə çatan ikinci futbolçu kimi düşdü. Birinci Kriştiano Ronaldo olub. Levandovski həmçinin 30 yaşını tamamlayandan sonra ÇL-də artıq 51 (cəmi 96) qol vurub. Bu göstəricidə də lider Ronaldodu (68).
Seçilən
13
football-plus.az

1Mənbələr