AZ

YAP Kürdəmir rayon təşkilatının ərazi partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı üzrə “Osman Mirzəyev küçəsi 18” ərazi partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib.

“İki sahil” xəbər verir ki, Kürdəmir şəhər F.Həşimov adına 3 saylı tam orta məktəbində YAP Kürdəmir rayon təşkilatının “ Osman Mirzəyev küçəsi 18” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə  ölkəmizin gələcəyi və inkişafı naminə vətənpərvər, layiqli vətəndaş yetişdirən müəllimlərə öz dərin təşəkkürünü bildirib və onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Çıxışda E.Qafarov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.

Tədbirdə iştirak edən fəal partiya üzvü, Kürdəmir şəhər F.Həşimov adına 3 saylı tam orta məktəbin direktor müavini  Lalə Əlizadə müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri, Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb və ölkəmizin qazandığı uğurlardan danışıblar. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.

Çıxışlardan sonra səsvermə keçirilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Əli Abdurahmanov yekdil səslə ərazi partiya təşkilatının sədri, Zəkiyyə Əzizova isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.

Sonda   “ Osman Mirzəyev küçəsi  18” ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Kürdəmir rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. E.Qafarov yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Seçilən
58
4
ikisahil.az

6Mənbələr