AZ

“Makronun hərəkətləri təlxək davranışına bənzəyir” – Yaxın Şərqdə “fransız barmağı”

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunu telefon danışığında atəşkəsə çağırıb. İsrailin baş naziri ilə telefon danışığı Makronun İsrailə silah embarqosunun tətbiqi təklifini “ayıb” adlandırmasından sonra olub. Makronun çaşqın, yanlış düşünülmüş Yaxın Şərq siyasəti, görünür, pik nöqtəyə çatıb. Fransa prezidentininin siyasi uğursuzluğu Makronu hara aparır? Parisin təşəbbüsləri İsraildə necə qarşılanır?

KONKRET.az xəbər verir ki, israilli yazıçı, publisist və hərbi ekspert Piter Lukimsonun sözlərinə görə, düz bir ildir İsrail öz əcdadlarının torpağında yaşamaq hüququ uğrunda müharibə aparır. Belə bir vəziyyətdə hər bir insan və xalq dostunun və düşməninin kim olduğunu öyrənəcək.

“Fransa heç vaxt İsrailin böyük dostlarından hesab edilməyib və keçmişdə bir neçə dəfə bizdən üz çevirib. Ona görə də onun prezidentinin mövqeyi də gözləniləndir. Makronun Livan və Qəzzada atəşkəs çağırışı bizim özünümüdafiə hüququmuzu şübhə altına alan ikiüzlülükdən başqa bir şey adlandırıla bilməz. Hizbullah Livan ərazisindən İsraili atəşə tutanda Makron harada idi? Ölkənin şimalında yaşayan yüz minlərlə israilli 2023-cü ilin oktyabrından evlərini tərk edərək qaçqın vəziyyətinə düşüb. Təsərrüfatlar raketlərlə dağıdılıb, bu hücumlar nəticəsində bizə miyardlarla dollar ziyan dəyib. Bütün bu müddət ərzində Makron da daxil olmaqla dünya susub”.

Onun sözlərinə görə, amerikalılar İsraili 11 ay ərzində aldadıblar. Onları əmin ediblər ki, problemi diplomatik yolla həll edəcəklər: “İndi biz sadəcə Hizbullah və Livandan BMT-nin 1701 saylı qətnaməsini tam şəkildə yerinə yetirməyi tələb edirik. İsrailin Livana qarşı heç vaxt ərazi iddiası olmayıb. Livanın da bizə qarşı ərazi iddiası yoxdur. Sərhəd xətti 2006-cı ildə BMT tərəfindən çəkilib, təsdiqlənib və hər iki tərəf tərəfindən rəsmi qəbul edilib. Beləliklə, söhbət aşkar aqressiyadan gedir. Bu təcavüzün tam miqyası yalnız indi, ordumuz Livan ərazisinə daxil olanda üzə çıxdı. Hətta Beyrutda yalnız Hizbullahın faktiki qalası olan Dahiya məhəlləsində atəş açılır, orada yalnız yüksək dəqiqlikli silahlardan istifadə olunur. Raketlər yalnız terrorçu komandirlərin qərargah və mənzillərinin yerləşdiyi evlərə uçur”. P.Lukimson daha sonra qeyd edib ki, İsrail Livan və Ərəb mediasını, eləcə də Livandakı insanların əhval-ruhiyyəsini diqqətlə izləyir. İsrail Livan xalqının Hizbullah tərəfdarı olmadığına tam əmindir: “Bundan başqa, Hizbullah və İran mahiyyətcə Livan xalqını girov götürüb. Onlardan qurtulmaqla Livan İsraillə dinc yanaşı yaşaya və yenidən Yaxın Şərqin İsveçrəsinə çevriləcək. Hizbullahın məhv edilməsi təkcə bizim deyil, Livan xalqının, eləcə də ərəb dünyasındakı gizli və aşkar müttəfiqlərimizin də marağındadır. Makrona gəlincə, qeyd edim ki, Fransa uzun müddət İsraili praktiki olaraq heç bir silahla təmin etmir. Onun atəşkəs çağırışı ilk növbədə dar siyasi maraqlardan irəli gəlir. Heç kimə sirr deyil ki, Fransa əhalisinin bir hissəsi ərəblərdir, onların arasında, digər Avropa ölkələrində olduğu kimi, fundamentalist hərəkatın çoxlu tərəfdarları var”.

İsrailin ITON.TV telekanalının siyasi şərhçisi Aleksandr Gur-Arie isə hesab edir ki, Makronun hərəkətləri təlxək davranışına bənzəyir: “Makron hər çuxura girən və hər yerdə iştirak etməyə çalışan bir növ Gallic xoruzudur. Böyük ölkənin prezidentinə bunu etmək yaraşmaz. Amma unutmaq lazım deyil ki, Livanla bağlı bütün hekayə bir il əvvəl başlayıb. Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrail sakinlərinə, şəhər və qəsəbələrimizə cinayətkar hücumu oldu və oktyabrın 8-də Livandan atəşə tutuldu. Hizbullah lideri Nəsrullah HƏMAS-ı dəstəklədiklərini bildirdi. Həmin gün Livan İsrailə raket hücumunu həyata keçirib. Bunu nəzərə alaraq İsrail BMT-yə müraciət etdi. Amma BMT sadəcə rəsmi narahatlıq ifadə etməklə kifayətləndi. Bir neçə aydan sonra prezident Co Baydenin şəxsi nümayəndəsi Amos Hokşteyn bölgəyə gələrək dialoqa başlamağa çalışdı, lakin cəhdlər nəticəsiz qaldı”.

Onun sözlərinə görə, təxminən altı aydan sonra Fransa Livan tərəfi ilə ortaq dil tapmağa çalışaraq sülhməramlı səylərini artırıb: “Fransızlar hələ də Livanı öz mülkləri hesab edirlər. Livan Fransanın keçmiş müstəmləkəsi olduğundan Parisin oradan hələ də gözləntiləri var. Amma Fransa Livana təsir göstərmək gücündə deyil. Livanın qanuni hökuməti ölkədəki Hizbullah terrorçularına təsir göstərə bilmir. Makron davamlı olaraq Livana zəng vurur, danışıqlara çağırışlar edir, lakin nəticə əldə olunmur”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
35
konkret.az

1Mənbələr