AZ

Dilçi alimdən nazirin fikrinə münasibət: “Pul verib elmi iş yazdırırlar”

“Dünyada fəlsəfə doktoru (phd) elmi dərəcəsi olan adamların hamısı əsl alim deyil. Biz belə elmi dərəcəsi olanlara – “siz alim deyilsiniz”, – deməkdən qorxmalı deyilik. Alimin elmi tədqiqatı olmalıdır”.

Bu fikirləri Bakıda “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib.

Bəs görəsən, fəlsəfə doktoru (phd) elmi adı kimlərə verilməlidir? Nazirin bu açıqlamasından sonra elmi dərəcələrin verilməsində hansısa dəyişikliyi gözləməyə dəyərmi? Elmi dərəcə üçün tədqiqat lazımdırsa, saxta tədqiqatların sayının artması da mümkündürmü və plagiatlar necə müəyyənləşdirilir?

Filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli mövzu ilə bağlı Oxu.Az-a danışıb:

“Sözsüz ki, alimin elmi tədqiqatı olmalıdır. Alimin tədqiqatı onun yazdığı referatla müəyyənləşdirilir. Bizdə alim olmaq istəyənlərin hamısı mütləq referat və dissertasiya yazırlar”.

F.Veysəlli sözlərinə belə davam edib:

“Fəlsəfə doktoru elmi adını ən azı namizədlik üçün dissertasiya işi müdafiə edənlərə və 3 imtahan verən şəxslərə vermək olar. Hər kəsə fəlsəfə doktoru elmi adı verilə bilməz. Həmin şəxsin mütləq tədqiqatı olmalıdır.

Elmi dərəcələrin verilməsi prosesi xaricdəki kimi birmərhələli ola bilər. Əvvəlcə fəlsəfə doktoru, daha sonra professor adı verilməlidir. Bu da nəşr edilən əsərlərin sayından asılıdır. Tələbat çox böyükdür.

Elmi dərəcə üçün saxta tədqiqatları müəyyənləşdirmənin üsulları var. Xüsusi proqramlar vasitəsilə sözügedən plagiatlar müəyyən edilir və faizi təyin edilir”.

Dilçi alim əlavə edib ki, son zamanlar politologiya sahəsində çox sayda insan fəlsəfə doktoru adını alıb:

“Bir çox hallarda başqalarına pul verib elmi iş yazdırırlar. Amma digər sahələrdə bu cür plagiatlara yol vermək mümkün deyil. Politologiya, ümumiyyətlə, elm deyil”.

Seçilən
9
2
medianews.az

3Mənbələr