AZ

Halal biznes Azərbaycanın kənd təsərrüfatı və ixracını gücləndirəcək -Məcnun Məmmədov

Azərbaycan aqrar sahəsində dayanıqlı iqtisadi inkişafı təmin etmək və məşğulluğu artırmaq məqsədilə aqrar istehsal və emal sənayesini inkişaf etdirməyə böyük önəm verir.

Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda bildirib.

Nazir M.Məmmədov, Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda çıxış edərək, bu sahədə atılacaq addımların gəlirliyin yüksəldilməsi və satış kanallarının inkişafı üçün mühüm rol oynayacağını vurğulayıb.

Nazir qeyd edib ki, halal standartlarına əsaslanan emal prosesinin təşkili dəyər zəncirini formalaşdırmaqla fermer və sahibkarların gəlirlərini artıracaq, kənd təsərrüfatı məhsullarına olan tələbatı yüksəldəcək və ixrac potensialını gücləndirəcək. Bu sahədə dayanıqlı inkişafa nail olmaq üçün dünyada mövcud olan trendlər nəzərə alınmalı və istehsal prosesi müasir çağırışlara uyğun şəkildə qurulmalıdır. Məcnun Məmmədov vurğulayıb ki, kənd təsərrüfatında məhsuldarlığı və keyfiyyəti artırmaq üçün tarladan süfrəyədək hər addımda innovativ yanaşma tətbiqi zəruridir. Bu sahədə isə əsas məsuliyyət özəl sektorun üzərinə düşür.

Nazir əlavə edib ki, Azərbaycan Halal Biznes və Turizm Forumu iştirakçılara sektordakı potensialı və investisiya perspektivlərini qiymətləndirmək, ən yaxşı təcrübələri bölüşmək imkanı yaradır. Dövlət-özəl sektor əməkdaşlığının genişlənməsi nəticəsində kənd təsərrüfatı sahəsində məşğulluq artacaq, dayanıqlı iqtisadi inkişaf təmin ediləcək və fermerlərin gəlirləri yüksələcək.

Halal sənayenin inkişafı dünya səviyyəsində artan tələbata uyğun olaraq, Azərbaycanda da əhəmiyyətli rol oynamağa başlayıb. Nazir bildirib ki, istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti əsas öhdəliklərdən biridir. Azərbaycanın təmiz hava, münbit torpaq və saf su resursları, ölkənin ekoloji təmiz ərzaq məhsulları istehsalı üçün böyük imkanlar yaratdığını göstərir. Eləcə də, ölkənin əlverişli coğrafi mövqeyi və turizm məkanının cəlbediciliyi, halal qida və turizm sektorunun inkişafına töhfə verir.

Nazir həmçinin vurğulayıb ki, müsəlman ölkələrindən artan turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini daha da vacib edir. Sahibkarlığın inkişafı və aqrar sahəyə geniş dövlət dəstəyi, halal qida və turizm sektorunun inkişafı üçün əlverişli mühit yaradır. Bu istiqamətdə görüləcək tədbirlər, halal qida sənayesinin inkişafını təmin edəcək və ölkəmizin bu sahədə beynəlxalq mövqeyini möhkəmləndirəcək.

Seçilən
7
fins.az

1Mənbələr