AZ

Pakistan Şurası: Qlobal halal ticarəti üçün əsas maneə halal məhsullar üçün HS kodlarının olmamasıdır

Halal məhsullar üçün HS (Harmonized System) kodlarının olmaması onların qlobal səviyyədə ticarəti üçün ciddi maneədir.

“İki sahil” xəbər verir ki, bunu Pakistanın Halal İnkişaf Şurasının Baş icraçı direktoru Asad Səccad Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"Ümumdünya Gömrük Təşkilatı tərəfindən hazırlanmış HS kodları 200-dən çox ölkədə istifadə olunan beynəlxalq mal təsnifatı sistemidir. Dünya ticarətinin təxminən 98 %-i bu kodlardan istifadə edilərək həyata keçirilir. Lakin halal məhsullar üçün HS kodları hələ hazırlanmayıb ki, bu da əhəmiyyətli problemlər yaradır. Kodların olmaması halal mallar üzrə dəqiq məlumat və statistikanın əldə edilməsinə mane olur, bu da idxal-ixrac əməliyyatlarına nəzarəti çətinləşdirir, gömrükdə gecikmələri artırır və xərcləri yüksəldir. Bu, həmçinin istehlakçıların inamını azaldır və saxtakarlıq riskini artırır," - deyə Əsəd Səccad qeyd edib.

O, halal alt kateqoriyalarının hazırlanması və onların HS sisteminə daxil edilməsi ilə məşğul olacaq işçi qrupunun yaradılmasının vacibliyini vurğulayıb. Bu, halal sertifikatlaşdırma orqanları ilə əməkdaşlıq və həm qida, həm də qeyri-qida məhsullar üçün xüsusi kodların təyin edilməsini tələb edəcək. Bundan əlavə, A.Səccad dünya səviyyəsində halal ticarətinin üzləşdiyi digər problemləri də qeyd edib. Bunlara halal sertifikatlaşdırma standartlarındakı fərqlər, xammal çatışmazlığı, təlim keçmiş işçi heyətinin olmaması və qeyri-müsəlman sertifikatlaşdırma orqanlarından sertifikat almağın mümkünsüzlüyü daxildir.

O vurğulayıb ki, bu problemlərin həlli halal sənayesinin inkişafı və qlobal bazarlarda mövqeyinin möhkəmləndirilməsi üçün çox vacibdir.

Seçilən
13
ikisahil.az

1Mənbələr