AZ

Vircil van Deyk: “Liverpul” daha çoxuna müvəffəq olmaq istəyir”

“Liverpul”un niderlandlı mərkəz müdafiəçisi Vircil van Deyk Arne Slotun rəhbərliyi ilə mövsümə uğurlu başlanğıc haqda söhbət açıb.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı futbolçunun bu barədə fikrini təqdim edir:

“Düşünürəm ki, bütün komandaların müəyyən gözləntiləri var. Xarici dünya bizim haqqımızda nə düşünürsə düşünsün, bu, bizi əsla maraqlandırmır. Biz təkmilləşmək, çağırış etmək, sona qədər mübarizə aparmaq və qalib gəlmək, uğur qazanmaq istəyirik. Bax, biz bunun üzərində diqqətimizi cəmləmişik, başqalarının gözləntilərində deyil. İndiyədək çox xal qazanmışıq, amma daha da çox xal qazanmaq istəyirik. Beynəlxalq fasilədən sonra yarış təqviminin nə qədər çətin olacağını bilirik, amma niyə bundan həzz almayaq? Mən bunu səbrsizliklə gözləyirəm və ümidvaram ki, “Liverpul”la əlaqəli olan hər kəs də eynilə bu intizardadır”, deyə Van Deyk həvəslə bildirib.

Premyer Liqanın 7 turundan sonra “Liverpul” 18 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki həmin vaxt 84,65 milyon avro müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 1 qol vurub. Holland müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 279 oyun, 24 qol, 12 məhsuldar ötürmə.

Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019 mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 76 oyuna çıxıb, 9 qol vurub.

“Transfermarkt” internet-portalı 33 yaşlı holland müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
18
arena.az

1Mənbələr