AZ

“Azərbaycanın digər dövlətlərlə imzaladığı tərəfdaşlıq müqavilələri nə Aİ-nin, nə də Ağ Evin müzakirə obyekti ola bilməz” - Müşfiq Cəfərov

“2020-ci il Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra bir çox dövlətlər Azərbaycanın daxili işinə qarışmaqla kifayətlənməyib, birtərəfli və qərəzli hesabatlar təqdim edir, açıqlamalar verirlər. Təbii ki, haqqsız olan bu  fikirlər dövlətimiz tərəfindən  "səmərəsiz, əsassız və qəbuledilməz" kimi qiymətləndirilir. ABŞ uzun illər Azərbaycanı starteji tərəfdaş kimi gördüyünü qeyd edirdi,  hətta  NATO və müttəfiqləri Əfqanıstanda hərbi əməliyyatlar üçün Azərbaycandan tranzit kimi istifadə ediblər. Məlumdur ki, Əfqanıstandakı əməliyyatlar zamanı da oranı son tərk edən tərəfdaş dövlət məhz Azərbaycan olub. Ümumiyyətlə, son 4 ildə Amerikanın dinləmələri və səsləndirilən çıxışları Azərbaycan-ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə ciddi zərbə kimi qiymətləndirirəm”. 

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

 

“Ağ Evin Cənubi Qafqazla bağlı siyasətindəki əsas məqsəd Azərbaycanı regiondakı lider mövqeyindən  çəkindirmək üçün dövlətimizə təzyiq etməkdir. ABŞ Konqresi və Avropa parlamenti kimi beynəlxalq qurumların dövlətimizə qarşı aqqresiyasının təməlindəki əsas səbəb Ermənistana olan sevgi deyil. Bütün beynəlxalq aləmə də məlumdur ki, hazırda regionumuz güc savaşı meydanına çevrilmək kimi ciddi bir təhlükə ilə üz-üzədir. Çünki Avropa İttifaqı və ABŞ Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən daha çox digər rəqiblərinin Qafqazdakı rolunun güclənməsindən narahatdır. Əgər bu gün Cənubi Qafqazda mövqe savaşı gedirsə, bunun yeganə günahkarı Ermənistan rəhbərliyidir. Bu dövlət prinsipial və milli maraqlarına arxalanan siyasət yürüdə bilsəydi, regionda sülh və sabitlik bərqərar olardı. Bir sözlə, Mərkəzi Asiyaya getmək və qısa yol olaraq Cənubi Qafqazdan istifadə etmək istəyən güclər sülhə və sabitliyə maneədirlər. Bunun üçün də onlar hətta Azərbaycanın daxili işlərinə, digər dövlətlərlə olan münasibətlərinə  belə qarışmaqdan çəkinmirlər. Azərbaycanın digər dövlətlərlə imzaladığı tərəfdaşlıq müqavilələri nə Avropa İttifaqı, nə də ki Ağ Evin müzakirə obyekti ola bilməz. Bütün bunları nəzərə alaraq, dövlətimizi qarşı tərəfi gücləndirib müdafiə etməklə hədələyən ABŞ-la olan sazişlərə xitam verilməsini istəyirik”, - deputat bildirib. 

Tarix: 9 Oktyabr 2024, 10:11   
Seçilən
16
pravda.az

1Mənbələr