AZ

Qarabağ Universitetinin Prezident təqaüdçüsü: "Bütün hədəflərimə çatacam"

Prezident İlham Əliyev 2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024–2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

 

Prezident təqaüdünə layiq görülən gənclərdən biri də Qarabağ Universitetinin tələbəsi Zenfira Nəsirovadır. O, 684 balla Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olunub.

 

Zenfira Nəsirova təəsüratlarını Modern.az-la bölüşüb.

 

O qeyd edib ki, Prezident təqaüdçüsü olmağımla bağlı ilk məlumatı ailə üzvlərindən alıb: "Bu xəbəri eşidəndə çox sevindim, təəssüratlarımı doğmalarımla bölüşdüm. Prezident təqaüdçüsü olmağı uzun müddətdir istəyirdim və bu arzumu reallaşdırdım. Buna görə çox qürurluyam”.

 

684 balla Qarabağ Universitetinin hüquqşünaslıq ixtisasında təhsil alan Zenfira Nəsirova qeyd edib ki, Xankəndi şəhərində yaşamaq və burada təhsil almaq olduqca xoşdur: “Hazırda tədris ilinin üçüncü həftəsidir. Dərslərimiz ənənəvi qaydadan fərqli olaraq mühazirə və məşğələ şəklində keçirilmir. Tədris prosesi müzakirə, debat və sual-cavab üzərində interaktiv formada qurulub. Müəllimlərimizin hər biri öz biliklərini, akademik səviyyədə olan məlumatları bizə ən asan üsullarla öyrətməkdə maraqlıdırlar. Biz də göstərilən diqqətə adekvat olaraq öz növbəmizdə çalışırıq ki, gələcəkdə yüksək nəticələr göstərək”.

 

Z.Nəsirova orta məktəb vaxtlarında da bir çox nailiyyətlər əldə edib: “Salyan şəhər Aşıq Pənah adına 1 saylı humanitar fənnlər təmayüllü məktəb-liseyi bitirmişəm. Orta məktəbdə təhsil alarkən respublika fənn olimpiadasında iştirak edərək Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medal qazanmışam. Bununla yanaşı, 11-ci sinifi qızıl nişan və qızıl attestatla başa vurmuşam. İnanıram ki, Qarabağ Universitetində yaradılan şəraitdən ən yaxşı şəkildə yararlanaraq gələcək hədəflərimə və daha böyük nailiyyətlərə çatacağam”.

 

Qeyd edək ki, tələbələrə verilən Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat müəyyən edilib.

Seçilən
29
1
modern.az

2Mənbələr