AZ

Türk ekspert: Azərbaycan müstəqil siyasət yürütdüyü üçün ABŞ-ın riyakarlığı ilə üzləşib

Türk

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycanın müstəqil siyasət yürüdərək torpaqlarını işğaldan qurtararaq ərazi bütövlüyü və suverenliyini bərpa etməsi ABŞ və digər Qərb dövlətləri tərəfindən heç də xoş qarşılanmadı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin CGTN media qurumunun siyasi şərhçisi Yakub Aslan deyib. O bildirib ki, Amerika Yaxın Şərqdə müstəqil siyasət aparan ölkələrə qarşı olduqca sərt mövqe tutub. Regionu hegemonluğu altında saxlayaraq buradakı ölkələrin sərvətini ələ keçirmək, oradakı hakimiyyətləri əlinin altına alaraq geosiyasi mübarizəsində istifadə etmək istəyən ABŞ heç bir dövlətin milli maraqlarını nəzərə almır. İraqda, Suriyada, Liviyada, Tunisdə zorakı yollarla dövlət çevrilişləri həyata keçirən ABŞ həmin dövlətləri bombalayaraq dağıtdı və yüz milyonlarla insanın ölümünə səbəb oldu. Bu dövlətlər müstəqil siyasət apardıqları, ABŞ-ın maraqlarını təmin etmədikləri üçün dağıdıldı. Halbuki onların heç biri ABŞ üçün real təhlükə törətmirdi. Onlar Amerikadan məsafə, ideoloji, mentalitet və digər parametrlərə görə çox uzaqda idilər.

Rəsmi Vaşinqton Türkiyəyə qarşı da müəyyən sanksiyalar qəbul edib və Ankaraya təzyiq göstərir. ABŞ Türkiyənin milli maraqlarından deyil, rəsmi Vaşinqtonun maraqlarından çıxış etməsini istəyir. Türkiyə illərlə Avropa İttifaqına (Aİ) üzv olmağa çalışsa da, buna imkan verilmir. ABŞ-ın Avropadakı müttəfiqləri müxtəlif bəhanələrlə Türkiyəni “qapı ağzında” saxlayırlar. Halbuki həm iqtisadi, həm siyasi, həm də demokratik inkişaf baxımından Türkiyədən dəfələrlə geridə qalan dövlətlər Aİ-yə qəbul olunub.

Siyasi ekspert bildirib ki, Azərbaycan müstəqil siyasət apardığı üçün ABŞ-ın riyakarlığı ilə üzləşib. Son 30 il ərzində Ermənistanı ara-sıra yada salan ABŞ Azərbaycanın Qarabağı azad etməsindən sonra İrəvana hərbi-siyasi yardımlarını ikiqat artırıb. ABŞ-ın maliyyə dəstəyi ilə hakimiyyətə gələn baş nazir Nikol Paşinyan rəsmi Vaşınqtonun təlimatları ilə addım atmağa məcburdur. ABŞ Qafqaz respublikalarını siyasi oyunlara cəlb etmək üçün Ermənistanı mərkəz seçib. ABŞ-ın hərbi mütəxəssislərinin Ermənistan ordusunda yüksək vəzifələr tutmaları, silah sursatla təminat onu deməyə əsas verir ki, rəsmi Vaşinqton regionda sülhün və sabitliyin bərpasında maraqlı deyil.

Yakub Aslan qeyd edib ki, ABŞ bütün dövlətlərə “insan hüquqlarının müdafiəsi”, “demokratiya”, “fikir azadlığı” və bu kimi digər siyasi anlayışlardan sui-istifadə edərək müdaxilə edir. Bu, təsadüfi deyil. Hər hansı bir dövlətə müdaxilə etmək istəyən ABŞ qeyri-hökumət təşkilatları (QHT) tərəfindən hazırlanmış siyasi texnologiyanı işə salır. Konqresdən pul alan QHT-lər əvvəlcə medianı ələ keçirir və geniş təbliğat kampaniyasına başlayırlar. İnsanlara dəbdəbəli həyat vəd edilir. Daha sonra ələ aldıqları mətbuat orqanları, sosial şəbəkə istifadəçiləri və internet resursları vasitəsilə kütləvi aksiyalar təşkil olunur. Daha sonra isə dövlət çevrilişi həyata keçirilir və hakimiyyətə guya xalqın istəyi ilə qərbyönümlü siyasətçi gətirilir. ABŞ bu işləri QHT vasitəsilə həyata keçirərək özünü təmiz saxlamağa cəhd edir. Amerikanın İraqa, Suriyaya, Liviyaya gətirdiyi “demokratiya” və “dəbdəbəli həyat” tərzi dünya ictimaiyyətinin gözünün qarşısındadır. 1990-cı illərdən başlayaraq ABŞ-ın Yaxın Şərq ölkələrinə müdaxiləsinin nəticəsi ondan ibarətdir ki, 30 il ötməsinə baxmayaraq, bu dövlətlər hələ də normal həyata qayıda bilməyib.

“COP29-u da siyasiləşdirən Amerika qlobal xarakter daşıyan ekoloji problemlərə barmaqarası baxır. Rəsmi Vaşinqtonu yalnız özünün korporativ maraqları düşündürür. O, belə bir mötəbər tədbirin Bakıda keçirilməsinin nə demək olduğunu yaxşı bilir və ona görə də şantaja əl atır. COP29 qlobal xarakter daşıyan ekoloji problemlərin həllinin tapılması üçün vacib tədbirdir və bu işdə maraqlı olan dövlətlər konfransda iştirak edib ondan faydalanacaqlar”, - deyə siyasi şərhçi vurğulayıb.

Seçilən
2
1
azertag.az

2Mənbələr