AZ

Yaşıl iqtisadiyyat və vergi siyasəti- Oqtay Yaqubovla MÜSAHİBƏ

Bu yaxınlarda Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilib. Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsi rəisinin müavini Oqtay Yaqubov “İqtisadi zona” proqramına müsahibəsində karbon qiymətqoyma alətləri və bu sahədə tətbiq olunan beynəlxalq trendləri açıqlayıb.
 

Fins.az həmin müsahibəni təqdim edir.
 

- Karbon qiymətqoyma bizim üçün yeni iqtisadi termindir. Öncə bunu izah edək. Bakıda keçirilən Beynəlxalq Forumda nələr müzakirə edildi?

- COP29-a ev sahibliyi etməyə hazırlaşdığımız dövrdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə “Karbon qiymətqoyma” mövzusunda Beynəlxalq Bakı Forumu keçirildi. Forumda IOTA-ya üzvü ölkələrdən 40-dan çox yüksək vəzifəli rəsmilər, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və s. kimi beynəlxalq təşkilatların nümayəndələri, müvafiq dövlət orqanlarını təmsil edən həmkarlarımız, vətəndaş cəmiyyəti və özəl sektor iştirak etdi. Forum çərçivəsində karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı yanaşmalar müzakirə olundu, müxtəlif təcrübə mübadilələri həyata keçirildi. Tədbirin əhəmiyyəti yüksək idi. Çünki məlumdur ki, iqlim dəyişikliyi mövzusu getdikcə daha qlobal miqyasda beynəlxalq gündəmdə yer almaqdadır. Artıq bu, yalnız bir ölkənin deyil, bütün dünya ölkələrinin üzləşdiyi bir problemdir və iqlim dəyişikliyi artıq milli sərhədləri aşan qlobal bir çağırışdır.

Məlum olduğu kimi, İqlim dəyişikliklərinə dair 2016-cı il Paris Sazişinin əsas məqsədi qlobal ortalama temperatur artımının sənayeləşmə dövrünə qədərki səviyyədən 2°C-dən xeyli aşağı saxlanılması və temperatur artımının 1.5°C-dək məhdudlaşdırılması üçün səy göstərilməsi, həmçinin iqlim dəyişmələrinə qarşı dayanıqlılıq və istixana effektli qaz tullantılarının azaldılması üzrə inkişafın gücləndirilməsidir. Bildiyimiz kimi, bu Saziş Azərbaycan Respublikası tərəfindən 22 aprel 2016-cı ildə imzalanıb və həmin ilin oktyabr ayında ratifikasiya edilib. Sazişə əsasən, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində milli səviyyədə qəbul olunan töhfələrə uyğun olaraq öhdəliklər götürüb.

Karbon qiymətləndirmə karbon tullantılarının (karbon dioksid və digər istixana qazlarının)
ətraf mühitə vurduğu zərər nəzərə alınaraq bu tullantılara
maliyyə dəyəri təyin edən bir mexanizmdir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli funksiyaları həyata keçirən qlobal bir çərçivədir və bu çərçivə vasitəsilə qəbul edilən qərarlar dünya ölkələrinin iqlim dəyişikliyinə qarşı daha effektiv mübarizə aparmasına şərait yaradır. İqlim dəyişikliyinin təsirlərini minimuma endirmək, ətraf mühiti bərpa etmək və təmiz ekoloji mühit yaratmaq son illərdə dünya ictimaiyyətinin prioritet mövzularından birinə çevrilib. Bu sahədə mövcud vəziyyəti tənzimləmək məqsədilə bir sıra tədbirlər görülür. Bunlardan biri də ekoloji mühitin qorunması üçün müxtəlif vergilərin və mexanizmlərin tətbiq edilməsidir. Qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində emissiya olunan istixana qazlarının səviyyəsinin azaldılması məqsədilə bir sıra karbon qiymətləndirmə alətlərindən (carbon pricing tools) istifadə olunur. Həmin alətlərin tətbiq edilməsinin mahiyyəti iqtisadiyyatda yaranan mənfi kənar təsirlərin (negative externality) aradan qaldırılması, beynəlxalq təcrübədə “Çirkləndirən ödəyir” prinsipinə əsasən ətraf mühitə daha çox zərər verən subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasıdır. Dünya Bankının “2024-cü ildə karbon qiymətlərinin vəziyyəti və trendləri” adlı icmal hesabatına əsasən, beynəlxalq təcrübədə birbaşa və dolayı qiymətləndirmə mexanizmlərinin tətbiqi geniş yayılıb. Karbon qiymətləndirmə karbon tullantılarının (karbon dioksid və digər istixana qazlarının) ətraf mühitə vurduğu zərər nəzərə alınaraq bu tullantılara maliyyə dəyəri təyin edən bir mexanizmdir. Məqsəd atmosferə karbon qazı buraxan müəssisə və təşkilatları tullantılarını azaltmağa və ekoloji cəhətdən daha təmiz fəaliyyətlərə keçməyə, o cümlədən bərpaolunan enerji mənbələrinə investisiyaları təşviq etməkdir.

Nəticədə:

• Təmiz texnologiyalara keçid sürətlənir (məsələn, bərpaolunan və alternativ enerji mənbələri)

• Şirkətlər innovasiya etməyə təşviq edilir ki, daha az karbonla məhsul və xidmətlər təqdim edə bilsinlər.

Karbon qiymətqoyma müxtəlif iqtisadi vasitələrlə həm ətraf mühitin qorunmasına, həm də iqtisadiyyatın ekoloji davamlı inkişafına töhfə verir. Eyni zamanda karbon qiymətləndirmə uzunmuddətli dövrdə əlavə gəlir mənbəyi yaratmaqla iqtisadi inkişafa müsbət təsir göstərmiş olur. Bütün bunlar müxtəlif alətlərlə tənzimlənir.

- Yeri gəlmişkən, bu alətlər hansılardır? Bu sahədə beynəlxalq trendlər nələrdir?

- Beynəlxalq təcrübədə bir sıra karbon qiymətləndirmə alətlərindən istifadə olunur. Bu alətlər birbaşa (direct) və dolayı (indirect) olmaqla 2 qrupa bölünür. Birbaşa qiymətləndirmə alətlərinə karbon vergisi, Emissiya Ticarət Sistemi (ETS) mexanizmi, dolayı qiymətləndirmə alətlərinə isə, əsasən, yanacaq vasitələrinə verilən subsidiyaların həcminin azaldılması, bərpaolunan enerji mənbələrinə investisiyaların qoyulması və s. mexanizmlər aid edilir. Karbon vergisi emissiya olunan karbon qazının hər bir tonu üçün emitentlər tərəfindən ödənməli olan pul məbləğidir. Bu, emitentləri az emissiya buraxmağa təşviq edir, çünki daha çox karbon tullantısı istehsal edənlər daha çox vergi ödəməli olurlar. Karbon vergisinin tətbiq olunduğu əsas sahələr enerji istehsalı və istehlakı, nəqliyyat, sənaye və kənd təsərrüfatı sektorudur.

Nümunə üzərində izah edək. Deyək ki, bir ölkədə hökumət karbon vergisi tətbiq edir və hər ton karbon qazı üçün şirkətlərdən 10 dollar vergi alınır. Əgər bir şirkət il ərzində 100 ton karbon tullantısı istehsal edərsə, bu şirkət 1000 dollar vergi ödəməli olacaq. Əlavə vergilərin tətbiqi istehsala çəkilən xərcləri artırmış olur. Bu məqsədlə şirkətlər tullantılarını azaltmaq üçün yeni texnologiyalar tətbiq etməyə başlayır, çünki tullantıları azaltmaq onlara iqtisadi cəhətdən daha sərfəli olacaq.

Karbon vergisi emissiya olunan karbon qazının hər bir tonu üçün emitentlər tərəfindən
ödənməli olan pul məbləğidir. Bu, emitentləri az emissiya buraxmağa təşviq edir,
çünki daha çox karbon tullantısı istehsal edənlər daha çox vergi ödəməli olurlar

- Bəs Emissiya Ticarət Sistemi nədir?

- Emissiya Ticarət Sistemi (ETS) “CAP and Trade” (carbon limiti və ticarəti) mexanizmi ilə çalışır. “CAP” sistemin əhatə etdiyi operatorlar tərəfindən atmosferə atıla bilən müəyyən istixana qazlarının ümumi miqdarının yuxarı həddini müəyyən edir. Ümumi emissiya həcminin azaldılması məqsədilə həmin hədd də zamanla azaldılır. “CAP” daxilində operatorlar emissiya müavinətləri (allowance) alır və ya qəbul edir. Lazım gəldikdə isə bu müavinətləri öz aralarında ticarət edə bilərlər. Mövcud müavinətlərin ümumi sayının limiti onların dəyərə malik olmasını təmin edir. Dəyər işarəsi isə emissiyaların azaldılmasını stimullaşdırır və innovativ, aşağı karbon emissiyalı texnologiyalara investisiyaları təşviq edir, ticarət isə emissiyaların ən az xərc tələb etdiyi yerdə azaldılmasını təmin edən çeviklik gətirir.

Dövlət şirkətlərə atmosferə yalnız müəyyən miqdarda karbon tullantısı limiti tətbiq edir. Bu limitdən artıq tullantı istehsal edənlər icazə almaq üçün emissiya hüquqları satın almalıdırlar. Beləliklə, bazarda az tullantı istehsal edən şirkətlər bu hüquqları digərlərinə satmaqla gəlir əldə edə bilərlər. Tutaq ki, şirkətlərin illik karbon tullantısı limiti 500 ton olaraq müəyyən edilib. “A” şirkəti bu limiti aşır və atmosferə əlavə 200 ton karbon tullantısı buraxır. “B” şirkəti isə 400 ton tullantı buraxır və 100 ton tullantı haqqı qalır. Belə olan halda “A” şirkəti əlavə tullantı üçün “B” şirkətindən 100 ton haqqı ala bilər. Beləliklə, “A” şirkəti bazarda hüquq almaqla, öz tullantılarını kompensasiya edir. “B” şirkəti isə bu sahədə əlavə qazanc əldə edir.

Karbon qiymətləndirmə alətləri ilə bağlı beynəlxalq tendensiyalar barədə qısa məlumat vermək istərdim. Son hesabatlara əsasən, 89 yurisdiksiyada ETS və karbon vergisi tətbiq olunur. Karbon ticarəti ilə bağlı Avropa İttifaqının emissiya ticarət sistemi (Aİ ETS) 2005-ci ildən tətbiq olunur və emissiya ticarətində böyük bazarlardan biridir. Bununla yanaşı, Çin, Almaniya və digər ölkələr öz ETS sistemlərini, bir sıra ölkələr isə hibrid mexanizmlər, yəni həm karbon vergisi, həm də ETS tətbiq edirlər. Qonşu ölkələrdən isə Türkiyə artıq bu sahədə müvafiq qanunvericilik aktlarını qəbul edib və yaxın illərdə pilot olaraq ETS tətbiqinə başlanılması nəzərdə tutulur. Qazaxıstanda isə ETS tətbiq edilib, lakin yaranan inzibati çətinliklər səbəbindən son illərdə təxirə salınıb.

Limitdən artıq tullantı istehsal edənlər icazə almaq üçün emissiya hüquqları satın
almalıdırlar. Bazarda az tullantı istehsal edən şirkətlər bu hüquqları digərlərinə
satmaqla gəlir əldə edə bilərlər

- Beynəlxalq təcrübədə paralel olaraq daha hansı alətlərdən istifadə olunur?

- Bəli, karbon qiymətləndirmə alətlərinə paralel olaraq beynəlxalq təcrübədə əlavə mexanizm və yanaşmalar da mövcuddur. Bunlardan ən məşhur olan və hazırda aktiv fazada yekunlaşma və sınaq mərhələsində olan Karbon Sərhəd Tənzimləmə Mexanizmidir (CBAM). Avropa İttifaqı (Aİ) artıq uzun müddətdir ki, bu mexanizm üzərində işləyir və 2026-cı ildən tam şəkildə tətbiq etməyi planlaşdırır. Hazırda bu, pilot mərhələdədir və idxal olunan malların karbon miqdarının (carbon footprint) izlənilməsi üçün hazırlıq işləri aparılır. Məsələn, Türkiyə və ya Çindən idxal edilən sement Aİ-yə daxil olanda, onların karbon izləri izlənir və həmin ölkələrdə karbon vergisi tətbiq edilmirsə və ya aşağı dərəcələr ilə tətbiq edilirsə, Aİ həmin məhsula əlavə vergi tətbiq edir. Beləliklə, həm xarici, həm də yerli istehsalçılar eyni şərtlərlə rəqabət aparır.

CBAM ilk mərhələdə yüksək karbon tullantısı ilə istehsal olunan 6 məhsulu - elektrik, gübrə, dəmir-polad, alüminium, sement, hidrogeni əhatə edir. Gələcəkdə bu siyahı genişlənə bilər və digər məhsullar da əlavə oluna bilər. CBAM tətbiqi idxal olunan məhsulların istehsal xərclərini artırır, çünki yüksək karbon emissiyasına malik ölkələrdən gələn mallar əlavə vergiyə cəlb olunur. Bu da, təbii ki, həmin məhsulların qiymətinin artmasına səbəb ola bilər. Yekun nəticədə isə ölkələr arasında ticarət əlaqələri və iqtisadiyyatlar üzərində bəzi mənfi təsirləri ola bilər. Bu balansın düzgün qorunması üçün qlobal səviyyədə əməkdaşlıq vacibdir. Nümunə üçün qeyd edim ki, Çin Xalq Respublikası bu mexanizmin tətbiqinə birmənalı baxmır. Çünki Çin məhsullarının əsas ixrac bazarı Avropadır. Bu səbəbdən Çin tərəfindən özünəməxsus CBAM-ın yaradılması üzərində fəaliyyətin aktiv icrasına başlanılıb.

- Dövlət Vergi Xidmətinin bu istiqamətdə perspektivləri, hədəfləri nədən ibarətdir?

- Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatı üçün neft-qaz sektoru ənənəvi sahə olsa da, son zamanlar bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə dayanan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilib. Ölkə iqtisadiyyatında aparılan ardıcıl və davamlı islahatlar həyata keçirilən vergi siyasətinin çevik iqtisadi tənzimləmə mexanizminə malik olmasını zəruri edir. Azərbaycan Respublikasının vergi sisteminin son illərdə əldə etdiyi uğurlardan biri də onun beynəlxalq vergi sisteminə inteqrasiya etməsi və vergi sahəsində islahatçı ölkələr qrupuna daxil olmasıdır. Məlumdur ki, ölkəmizdə aşağı emissiyalı məhsul və sənayeləri təşviq edən qanunvericilik aktları qəbul edilib. Bu baxımdan elektrik və hibrid avtomobillər üçün vergi güzəştləri, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularına tətbiq olunan güzəştlər, investisiya təşviqi sənədi üzrə təşviqlər, köhnə maşınların ölkəyə idxalı zamanı aksiz vergisinin yüksəldici əmsalla tətbiqi və s. həyata keçirilir.

Dövlət Vergi Xidməti tərəfindən ölkə üzrə müəyyən olunmuş hədəflərə nail olunması,
o cümlədən karbon vergisi, ETS və digər karbon qiymətləndirmə alətlərinin tətbiqi
mexanizmləri və digər məsələlər ilə bağlı mütəmadi olaraq
beynəlxalq təcrübələr öyrənilib

Ötən müddət ərzində bu sahədə həyata keçirilən işlər barədə qısa məlumat vermək istərdim. Dövlət Vergi Xidməti tərəfindən ölkə üzrə müəyyən olunmuş hədəflərə nail olunması, o cümlədən karbon vergisi, ETS və digər karbon qiymətləndirmə alətlərinin tətbiqi mexanizmləri və digər məsələlər ilə bağlı mütəmadi olaraq beynəlxalq təcrübələr öyrənilib. Yaşıl iqtisadiyyatın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür. Bunu nəzərə alaraq, bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşunun, istehsal sektorunda və ixrac olunan məhsullarda karbon izinin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi hazırda milli vergi sisteminin diqqət mərkəzindədir. Bu istiqamətdə fəaliyyətin icrası, ölkənin iqlim siyasəti üzrə baxışları formalaşdıqdan sonra həyata keçirilməsi hazırda Dövlət Vergi Xidmətinin diqqətindədir.

Eyni zamanda, qeyd edim ki, karbon qiymətləndirmə alətlərinin hər birinin müsbət və mənfi məqamlarının mövcudluğu və dünya ölkələri tərəfindən bu yanaşmaların birmənalı qəbul edilməməsi karbon qiymətqoyma mexanizmlərinin tətbiqinin fiskal təsirlərinin əhatəli təhlilini və bu ssenariyə daha həssas yanaşmağı, nəticələri daha detallı təhlil etməyi tələb edir. Bu səbəbdən karbon qiymətləndirmə siyasətini əhatə edən analoji mexanizmlər seçilərkən ölkənin iqlim siyasəti, ixrac strukturu və digər vacib amillər nəzərə alınmalıdır.

Zemfira Ms
Fins.az

 

Seçilən
3
4
fins.az

5Mənbələr