AZ

UNEC ilə Türkiyə Rəqabət Qurumu əməkdaşlığa başlayır

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyə Rəqabət Qurumu arasında əməkdaşlıq memorandumu imzalanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru professor Ədalət Muradov əməkdaşlığın əhəmiyyətindən söz açıb, keyfiyyətli təhsilin qlobal əmək bazarına fokuslanmalı olduğunu bildirib. Rektor deyib: “Bu baxımdan Türkiyə Rəqabət Qurumu ilə imzalanacaq memorandum xüsusi əhəmiyyət kəsb edir. Tələbələrin rəqabət sahəsində biliklərinin artırılmasında, eləcə də gənc müəllimlərin təcrübələrinin genişləndirilməsində bu əməkdaşlıq mühüm rol oynayacaq. Universitetimiz Türkiyə Rəqabət Qurumunun ehtiyac duyduğu sahələrdə təhsil verməyi də nəzərdə tutub. Əminəm ki, əməkdaşlığımız, birgə araşdırmalarımız Azərbaycanda rəqabət sahəsinə töhfələr qazandıracaq”.

Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle qurumun təhsilə hər zaman önəm və dəstək verdiyini diqqətə çatdırıb: “Rəqabət Qurumu Türkiyədə bir çox universitetlərlə əməkdaşlıq edir. Azərbaycanla, xüsusilə də UNEC-lə bu istiqamətdə əməkdaşlığın qurulmasından, təhsilə verəcəyimiz dəstəkdən çox məmnunuq. Düşünürəm ki, əməkdaşlığımız iki qardaş ölkənin iqtisadiyyatına önəmli töhfələr verəcək. Biz tələbə və müəllimləri Ankarada qəbul etməyə, rəqabət sahəsi üzrə təcrübəmizi, apardığımız araşdırmalarımızı onlarla bölüşməyə tam hazırıq”.

Çıxışlardan sonra rektor Ədalət Muradov və Rəqabət Qurumunun rəhbəri Birol Küle əməkdaşlıq memorandumunu imzalayıblar.

Memorandumda qurumun mütəxəssislərinin UNEC-də tədrisə cəlb edilməsi, tələbə və müəllimlərin Ankarada Rəqabət Qurumunda akademik bilik və təcrübə mübadiləsində iştirakı, kitabxanaların qarşılıqlı istifadəsi, dissertasiya işlərinə akademik dəstəyin göstərilməsi, qrant proqramları çərçivəsində birgə layihələrin hazırlanması və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

Səfər çərçivəsində Rəqabət Qurumunun rəhbəri Birol Küle Türk Dünyası İqtisad Fakültəsinin tələbələri ilə də görüşüb. O, tələbələrə qurumun fəaliyyətindən, azad və sağlam rəqabətin təmin olunması istiqamətində görülən işlərdən, Türkiyə iqtisadiyyatına qazandırdığı töhfələrdən söz açıb, eləcə də tələbələri maraqlandıran sualları cavablandırıb.

 

Seçilən
11
8
azertag.az

10Mənbələr