AZ

Çin Türkiyəni Ümumdünya Ticarət Təşkilatına şikayət edib

Bakı, TurkicWorld

Çin Türkiyənin elektriklə işləyən avtomobillərin idxalına qoyduğu məhdudiyyətlərə görə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

TurkicWorld xəbər verir ki,Çin Xarici İşlər Nazirliyi Türkiyənin həyata keçirdiyi bu tədbirlərin ÜTT qaydalarına zidd olduğunu və proteksionist xarakter daşıdığını bildirərək, Türkiyəni bu vəziyyəti düzəltməyə çağırıb. Bu kontekstdə Çin ÜTT-yə “məsləhət sorğusu” təqdim edərək, mübahisənin həlli üçün ilk rəsmi addımı atıb.

Türkiyənin elektrikli avtomobil idxalına qoyulan bu məhdudiyyətlər yerli istehsalı təşviq etmək və bəzi ölkələrdən, o cümlədən Çindən plug-in hibrid və kommersiya avtomobillərinin idxalını çətinləşdirmək məqsədi daşıyır. Türkiyənin bu qərarı sentyabr ayında Rəsmi Qəzetdə dərc edilərək, 30 gün ərzində qüvvəyə minib.

Çinin elektrikli avtomobil ixracı subsidiyaya məruz qaldığı üçün bir çox ölkə tərəfindən tənqid edilir. Avropa Birliyi də Çində istehsal olunan elektrik avtomobillərinə tariflər tətbiq etmək qərarına gəlib.

Analitiklərin fikrincə, Türkiyənin bu addımları Çinli avtomobil istehsalçılarını Türkiyəyə sərmayə qoymağa və yerli istehsalı gücləndirməyə təşviq etmək üçün atılmış ola bilər. Çinli avtomobil istehsalçısı Chery-nin Türkiyəyə sərmayə qoyması ilə bağlı danışıqlar davam edərkən, Türkiyə daha əvvəl Çinin BYD şirkəti ilə investisiya razılaşması əldə etmişdi. Bu müqavilə çərçivəsində Türkiyədə 1 milyard dollarlıq elektrik avtomobil istehsalı müəssisəsinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, Türkiyə Çinli avtomobil istehsalçılarını ölkəyə cəlb etmək və yerli avtomobil sənayesinin elektrikli avtomobillərə keçidini sürətləndirmək üçün müxtəlif təşviqlər təqdim etməyə davam edir.

Seçilən
27
turkic.world

1Mənbələr