AZ

Nəhənglərin fiaskosu - ŞƏRH

İkinci oyun günü qonaqlar üçün uğurlu başladı. “Atalanta”nın “Şaxtyor”u darmadağın etməsi təəccüb doğurmadısa, “Feyenoord”un səfərdə “Jirona”nı üstələməsi sürpriz oldu. Kataloniya təmsilçisi ardıcıl 6-cı rəsmi oyunda qələbəyə həsrət qaldı, Rotterdam təmsilçisi 2002-dən bəri ÇL-də ilk dəfə səfərdə qalib gəldi.

Növbəti oyunlar göstərdi ki, əsas sürprizlər hələ irəlidəymiş. Turnirin kralı sayılan “Real”ın Fransada həm xala, həm də qola həsrət qalacağını az adam proqnozlaşdırardı. Amma “Lill” fanatları ilə birləşərək mühüm bir qələbənin müəllifi oldu. “Kral klubu” Davidin fasilə ərəfəsində penaltidən vurduğu qola cavab tapa bilmədi. Bununla da “Real”ın rəsmi matçlarda 36 oyunluq məğlubiyyətsiz seriyası qırıldı! Günün daha bir sensasiyası Birmingemdə qeydə alındı. Yaxşı formada olan və İngiltərəyə iddialı yollanan “Bavariya” da eynilə “Real” kimi xala və qola həsrət qaldı. Son dönəmlərdə sonradan meydana çıxaraq vurduğu qollarla adından söz etdirən kolumbiyalı Duran Münhen nəhəngini də bu şəkildə məyus etdi. O, topu Noyerin başı üzərindən tora göndərməklə qəhrəmana çevrildi. Kompaninin dönəmində ilk dəfə uduzan “Bavariya”nın ÇL-in qrupunda 41 oyunluq möhtəşəm məğlubiyyətsiz seriyası başa çatdı. “Real” və “Bavariya” heç olmasa, minimal hesabla uduzduğu halda, “Atletiko” Lissabonda, ümumiyyətlə, pərən-pərən düşdü. Adətən, etibarlı müdafiəsi ilə seçilən Simeonenin komandası 4 cavabsız qol buraxaraq rüsvay oldu. “Benfika” Kərəm Aktürkoğlunun transferindən sonra keçirdiyi 5-ci rəsmi oyunda da qalib gəldi. Günün ən dramatik qələbəsini isə “Yuventus” qazandı. Turin nəhəngi “Leyptsiq”lə səfər oyununda 2-ci hissənin ortalarında çıxılmaz vəziyyətə düşdü. Əvvəlcə qapıçı Di Qreqorio cərimə meydançasından kənarda topa əllə toxunduğu üçün qırmızı vərəqə aldısa, çox keçmədən “Yuve” hesabda geri düşdü. Amma Tyaqo Mottanın gəlişindən sonra fərqli simaya bürünən “qoca sinyora” özündə güc taparaq nəinki bərabərlik, hətta qələbə qolunu da vurdu! Yeni transferlərdən olan Konseysao vurduğu mükəmməl qələbə qolu ilə qəhrəmana çevrildi. Zaqreb “Dinamo”su evdə “Monako”nu məğlub etməyə yaxın olsa da, 2 topluq üstünlüyü qoruya bilmədi. Digər nəhənglərdən fərqli “Liverpul” sürprizə imkan vermədi. Slotun başçılığı altında mövsümə çox inamlı start verən mersisaydlılar hər hissədə bir qol vurmaqla “Bolonya”nı evə əliboş yola saldı. Həmyerlimiz Əliyar Ağayevin idarə etdiyi qarşılaşma isə qonaqlar üçün uğurlu alındı və “Brügge” 3 oyunluq qələbəsiz seriyaya son qoyaraq “Şturm”u məğlub etdi.

Jirona – Feyenoord 2:3 (1:2)
Jirona (İspaniya): Qazzaniqa, A.Martines, Lopes, Kreyçi, Qutyerres, Martin, Errera (Portu, 82), Van De Beek (Stuani, 83), Tsıqankov (Danjuma, 29), Xil (Solis, 75), Miovski (Asprilya, 75).
Feyenoord (Rotterdam, Niderland): Vellenroyter, Lotomba (Trauner, 82), Beelen, Hantsko, Bueno (Karransa, 71), Hvan İn Bom, Milambo (Zerruki, 82), K.Timber, Osman (Qonsales, 61), Payşao, Ueda (İvanuşets, 71).
Qollar: Lopes, 19 (1:0). Errera, 23-öz qapısına (1:1). Milambo, 33 (1:2). Van De Beek, 73 (2:2). Kreyçi, 79-öz qapısına (2:3).
36-cı dəqiqədə Ueda penaltidən yararlana bilməyib (qapıçı). 67-ci dəqiqədə Miovski penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Errera, 4. Osman, 14. Martin, 35. Lopes, 45+1. Bueno, 60. Hvan İn Bom, 64. Van De Beek, 75. Stuani, 89 – sarı.
Hakim: Urs Şnider (İsveçrə).
2 oktyabr. Jirona. 8752 tamaşaçı.

Şaxtyor – Atalanta 0:3 (0:2)
Şaxtyor (Donetsk, Ukrayna): Riznik, Marlon Qomes (Kevin, 73), Bondar, Qram (Konoplya, 46), Matvienko, Pedrinyo, Kriskiv, Stepanenko (Bondarenko, 63), Sudakov, Zubkov (Da Silva, 75), Eqinaldo (Traore, 63).
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Bellanova (Kuadrado, 75), Kossunu (Qodfri, 83), Cimşiti (Paşaliç, 46), Kolaşinats, Zappakosta, De Roon, Ederson, Samardziç, Lukman (Retegi, 60), De Ketelare (Zanyolo, 60).
Qollar: Cimşiti, 21 (0:1). Lukman, 44 (0:2). Bellanova, 48 (0:3).
Vərəqələr: Qram, 20. Zanyolo, 78. Ederson, 84 – sarı.
Hakim: Joao Pineyro (Portuqaliya).
2 oktyabr. Helzenkirhen. 216366 tamaşaçı.

Aston Villa – Bavariya 1:0 (0:0)
Aston Villa (Birmingem, İngiltərə): E.Martines, Konsa, Karlos, Torres, Din, Onana (Barkli, 60), Tilemans, Filocen, Remsi (Beyli, 27/Maatsen, 60), Rocers, Uotkins (Duran, 70).
Bavariya (Münhen, Almaniya): Noyer, Kimmix, Kim Min Çje (Qoretska, 86), Upamekano, Devis, Laymer (Tel, 86), Pavloviç (Palyinya, 76), Koman (Musiala, 46), Olise (Sane, 66), Qnabri, Keyn.
Qol: Duran, 79.
Vərəqələr: Upamekano, 21. Qnabri, 66. Maatsen, 90+1. Karlos, 90+4. Duran, 90+5 – sarı.
Hakim: Radu Petresku (Rumıniya).
2 oktyabr. Birmingem. 38991 tamaşaçı.

Benfika – Atletiko 4:0 (1:0)
Benfika (Lissabon, Portuqaliya): Trubin, Bah (Silva, 86), Trauxo, Otamendi, Fernandes, Eursnes, Luiş, Orkun Kökçü (Barreyro, 86), Di Mariya (Rollhayzer, 71), Kərəm Aktürkoğlu (Beste, 71), Pavlidis (Amduni, 60).
Atletiko (Madrid, İspaniya): Oblak, Lyorente (Molina, 33), Ximenes, Vitsel, Reynildo, Lino, Koke (Qallaxer, 46), De Paul (Serrano, 46), Korrea, Alvares (Someone, 60), Qrizmann (Sörlot, 46).
Qollar: K.Aktürkoğlu, 13 (1:0). Di Mariya, 52-p. (2:0). Bah, 75 (3:0). Orkun Kökçü, 84-p. (4:0).
Vərəqələr: Eursnes, 22. Serrano, 70. Reynildo, 83. Ximenes, 83. Korrea 90+5 – sarı.
Hakim: Sərdar Gözübüyük (Niderland).
2 oktyabr. Lissabon. 62028 tamaşaçı.

Dinamo Z – Monako 2:2 (1:0)
Dinamo (Zaqreb, Xorvatiya): Nevistiç, Ristovski, Teofil-Katrin, Bernauer, Torrente, Pyer-Qabriel, Suçiç, Mişiç, Ademi (Roq, 63), Baturina (Kaçavenda, 75), Petkoviç.
Monako (Fransa): Kön, Vanderson (Ben Seqir, 72), Kerer, Salisu, Enrike (Uattara, 80), Zəkəriyə, L.Kamara (Diatta, 72), Akliuş, Minamino, Qolovin (Baloqun, 46), Embolo (İlenihena, 46).
Qollar: Suçiç, 45+3 (1:0). Baturina, 66 (2:0). Salisu, 74 (2:1). Zəkəriyə, 90-p. (2:2).
Vərəqələr: Salisu, 22. Petkoviç, 26. Embolo, 28. Ademi, 38. Baturina, 42. Kaçavenda, 81. Ristovski, 90 – sarı.
Hakim: Harm Osmers (Almaniya).
2 oktyabr. Zaqreb. 12426 tamaşaçı.

Lill – Real 1:0 (1:0)
Lill (Fransa): Şevalye, Santos, Diakite, Ribeyro, Qudmundsson, Bakker (Menye, 88), Buaddi, Andre, Kabella (Sahraui, 72), Jeqrova, David.
Real (Madrid, İspaniya): Lunin, Karvaxal, Militao (Modriç, 57), Rüdiger, Mendi (Fran Qarsiya, 46), Kamavinqa (Arda Gülər, 67), Çuameni Valverde, Bellingem, Vinisius, Endrik (Mbappe, 57).
Qol: David, 45+3-p.
Vərəqələr: Endrik, 46. Kamavinqa, 59. Bellingem, 78. Rüdiger, 79. Modriç, 81. David, 90+4. Diakite, 90+6 – sarı.
Hakim: Mauritsio Mariani (İtaliya).
2 oktyabr. Lill. 48205 tamaşaçı.

Liverpul – Bolonya 2:0 (1:0)
Liverpul (İngiltərə): Alisson, Aleksander-Arnold (Bredli, 85), Konate, Van Diyk, Robertson (Tsimikas, 71), Qravenberx, Makallister, Soboslai (Cons, 86), Salah, Dias (Qakpo, 72), Nunyes (Jota, 61).
Bolonya (İtaliya): Skorupski, Poş, Beukema (Kazale, 62), Lukumi, Miranda, Froyler (Fabbian, 84), Moro, Urbanski (Ebişer, 62), Orsolini, Ndoye (İlinq-Junior, 72), Dallinqa (Kastro, 79).
Qollar: Makallister, 11 (1:0). Salah, 75 (2:0).
Vərəqələr: Van Diyk, 26. Konate, 39. Beukema, 39. Robertson, 55. Ebişer, 67. Tsimikas, 90 – sarı.
Hakim: Nikola Dabanoviç (Monteneqro).
2 oktyabr. Liverpul. 59816 tamaşaçı.

Leyptsiq – Yuventus 2:3 (1:0)
Leyptsiq (Almaniya): Qulaçi, Qeertruyda (Vermeeren, 87), Orban, Lukeba, Raum, Zayvald (Poulsen, 87), Aydara (Nusa, 75), Baumqartner (Henrixs, 46), Simons, Openda (Andre Silva, 90+1), Şeşko.
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Savona (Duqlas Luis, 61), Kalulu, Bremer (Qatti, 6), Kambiaso, Makkenni, Facioli, N.Qonsales (Konseysao, 12), Koopmayners, Kənan Yıldız (Perin, 60), Vlahoviç.
Qollar: Şeşko, 30 (1:0). Vlahoviç, 50 (1:1). Şeşko, 65-p. (2:1). Vlahoviç, 68 (2:2). Konseysao, 82 (2:3).
Vərəqələr: Raum, 79. Konseysao, 85. Perin, 90+9 – sarı. Di Qreqorio, 59 – qırmızı.
Hakim: Fransua Leteksye (Fransa).
2 oktyabr. Leyptsiq. 45228 tamaşaçı.

Şturm – Brügge 0:1 (0:1)
Şturm (Qrats, Avstriya): Sherpen, Conston, Ayvu, Qayrhofer, Qazibeqoviç, Çukvuani (Zvonarek, 82), Bevinq (Horvat, 66), Yalkuye (Hirlender, 82), Kiteişvili, A.Kamara (Yatta, 58), Biret (Ərəncan Yardımcı, 66).
Brügge (Belçika): Minyole, Seys, Ordonyes, Yaşari, Mexele, De Kuyper, Onyedika, Vanaken, Skov Olsen (Skoras, 46), Tsolis, Xutqla (Vermant, 77).
Qol: Tsolis, 23.
Vərəqələr: Ayvu, 51. Qayrhofer, 66. Yalkuye, 77. Çukvuani, 70. Skoras, 73. Qazibeqoviç, 90+4 – sarı.
Hakim: ƏLİYAR AĞAYEV (AZƏRBAYCAN).
2 oktyabr. Klagenfurt. 23205 tamaşaçı.

1. Borussiya D 2 2 0 10-1 6
2. Brest 2 2 0 6-1 6
3. Benfika 2 2 0 6-1 6
4. Bayer-04 2 2 0 5-0 6
5. Liverpul 2 2 0 5-1 6
6. Aston Villa 2 2 0 4-0 6
7. Yuventus 2 2 0 6-3 6
8. Mançester Siti 2 1 1 0 4-0 4
9. İnter 2 1 1 0 4-0 4
10. Sparta 2 1 1 0 4-1 4
11. Atalanta 2 1 1 0 3-0 4
12. Sportinq 2 1 1 0 3-1 4
13. Arsenal 2 1 1 0 2-0 4
14. Monako 2 1 1 0 4-3 4
15. Bavariya 2 1 0 1 9-3 3
16. Barselona 2 1 0 1 6-2 3
17. Real 2 1 0 1 3-2 3
18. Lill 2 1 0 1 1-2 3
19. PSJ 2 1 0 1 1-2 3
20. Seltik 2 1 0 1 6-8 3
21. Brügge 2 1 0 1 1-3 3
22. Feyenoord 2 1 0 1 3-6 3
23. Atletiko 2 1 0 1 2-5 3
24. PSV 2 0 1 1 2-4 1
25. Ştutqart 2 0 1 1 2-4 1
26. Bolonya 2 0 1 1 0-2 1
27. Şaxtyor 2 0 1 1 0-3 1
28. Dinamo Z 2 0 1 1 4-11 1
29. Leyptsiq 2 0 0 2 3-5 0
30. Jirona 2 0 0 2 2-4 0
31. Şturm 2 0 0 2 1-3 0
32. Milan 2 0 0 2 1-4 0
33. Srvena Zvezda 2 0 0 2 1-6 0
34. Zaltsburq 2 0 0 2 0-7 0
35. Slovan 2 0 0 2 1-9 0
36. Yanq Boyz 2 0 0 2 0-8 0


Bombardirlər: Keyn (Bavariya) – 4, Girassi, Adeyemi (hər ikisi “Borussiya” D), Sima (Brest), Şeşko (Leyptsiq) – 3.

Növbəti turun oyunları oktyabrın 22-23-də keçiriləcək: Monako – Srvena Zvezda, Milan – Brügge, Real – Borussiya D, Yuventus – Ştutqart, PSJ – PSV, Arsenal – Şaxtyor, Aston Villa – Bolonya,Jirona – Slovan, Şturm – Sportinq, Brest – Bayer-04, Atalanta – Seltik, Barselona – Bavariya, Leyptsiq – Liverpul, Atletiko – Lill, Mançester Siti – Sparta, Yanq Boyz – İnter, Benfika – Feyenoord, Zaltsburq – Dinamo Z.

Faktlar
* Kərəm Aktürkoğlu ÇL-də bir komandanın heyətində ilk iki oyunda qol vurmağı bacaran 3-cü türkiyəli futbolçu oldu. Daha öncə bunu 2001-də “Qalatasaray”ın heyətində Ümit Karan və 2013-də “Atletiko”nun heyətində Arda Turan bacarmışdı.
* “Benfika”nın 4:0-lıq zəfəri sayəsində ÇL-də bir Portuqaliya təmsilçisi bir İspaniya təmsilçisi üzərində ən böyükhesablı qələbəsini qazandı.
* “Atletiko” 4 cavabsız qolla məğlub olmaqla ÇL-də antirekordunu təkrarladı. Komanda daha öncə bu turnirdə 2009-da “Çelsi”yə, 2018-də “Borussiya”ya və 2020-də “Bavariya”ya bu hesabla məğlub olmuşdu.
* ÇL-də ilk dəfə üç İspaniya təmsilçisi (Jirona, Atletiko, Real) eyni gündə məğlub oldu.
* Endrik 18 yaş 73 günlüyündə ÇL-də “Real”ın start heyətində meydana çıxan ən gənc futbolçu oldu. Əvəlki rekord 1995-in sentyabrında “Ayaks”la oyunda 18 yaş 78 günlüyündə start heyətində meydana çıxan Raul Qonsalesə məxsus idi.
* “Lill”in çalışdırıcısı Bruno Jenezio Simeone və Kloppdan sonra avrokuboklarda həm Mourinyo, həm Qvardiola, həm də Ançelottini məğlub etməyi bacaran 3-cü məşqçi kimi tarixə düşdü.
* Slot “Liverpul” tarixində ilk 9 rəsmi oyunun 8-də qələbə qazanan birinci məşqçi oldu!
* Duran bu mövsüm “böyük beşlik”də sonradan meydana çıxaraq ən çox (5) qol vuran futbolçudu.
* Salah 81-ci oyunda 45-ci qolunu vurmaqla Droqbanı (92 oyun, 44 qol) geridə qoydu və ÇL tarixinin ən məhsuldar afrikalı futbolçusu oldu! Bundan başqa, Salah ÇL-də ardıcıl 5-ci ev oyununda fərqləndi.
* “Jirona” ÇL-də tarixində ilk iki matçın hər birində avtoqolla top buraxan birinci komanda oldu. “Jirona” artıq indidən öz qapısına 3 qol vurmaqla bir mövsüm üçün ÇL-in antirekordunu təkrarladı. Daha öncə “Fənərbaxça” 2007/08-də 3 avtoqolla “fərqlənmişdi”.

Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Oyunu təhlil etmək çətindi. Demək olar, bütün oyun komponentlərində zəif təsir bağışladıq. Topla ləng davranırdıq. Oyunumuzda yaradıcılıq çatışmırdı. Bunun da məntiqi nəticəsi kimi qol fürsətlərimiz az oldu. Hücum oyunçularımız hərəkət üçün boş zona tapa bilmirdi. Qısası, bu oyunu həmişə çox acı hisslərlə xatırlayacağıq”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Çox uğursuz bir oyun keçirdik. Rəqib bütün səhvlərimizdən effektli şəkildə yararlandı. “Benfika”nı yaxşı oyun və qələbə münasibətilə təbrik edirəm. “Benfika” özünəəmin şəkildə oynadı və qapımız önündə bir çox təhlükə yaratmağı bacardı. Artıq ilk yarıda bəlli idi ki, oyun istədiyimiz ssenari ilə keçmir. İkinci hissənin əvvəllərində penaltidən buraxdığımız qol bizi tam həvəsdən saldı. Yaratdığımız fürsətləri də dəyərləndirə bilmədik”.


Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:
“Bu məğlubiyyətdən mütləq lazımi dərslər çıxarmalıyıq. Bir məğlubiyyətlə ÇL-də bizim üçün mübarizə bitmir. Ona görə də həvəsdən düşməməli və üzərimizdə işləməkdə davam etməliyik. Topsuz oyunda o qədər də yaxşı təsir bağışlamadıq. “Aston Villa” isə öz meydanında çox güclü və istənilən rəqibi yenmək iqtidarında olduğunu göstərdi”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Yaxşı və inamlı qələbə qazandıq. Asan oyun olduğunu deməzdim. ÇL-də yaxşı rəqiblər var və “Bolonya” da onlardan biridi. Digər matçlarda bir çox sürpriz nəticə qeydə alındı. Amma biz sürprizə imkan vermədik. Müəyyənləşdirdiyim rekorda gəlincə, təbii ki, bu, çox xoşdu. Çünki bu vizəfiədə indiyə qədər bir çox əfsanəvi məqşçi çalışıb. Amma ümid edirəm ki, “Liverpul”un baş məşqçisi kimi yalnız bu göstərici ilə xatırlanmayacam”.
Seçilən
40
football-plus.az

1Mənbələr