Macarıstan hesab edir ki, Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.
Bunu oktyabrın 8-də Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstan-Serbiya İqtisadi Komitəsinin iclasının yekunlarına dair mətbuat konfransı zamanı deyib.
Siyartoya görə, Ukrayna NATO-ya qəbul olunarsa, bu kollektiv müdafiə maddəsinə görə üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxaracaq. Ona görə də Macarıstan Ukraynanın Alyansa üzvlüyünə qarşıdır. O əlavə edib ki, guya NATO xarici işlər nazirlərinin əksəriyyəti qapalı danışıqlar zamanı bunu başa düşüb.
“Mən hesab edirəm ki, ukraynalılar üçün NATO-ya üzv ölkələrin əhəmiyyətli bir hissəsinin bu məsələdə nə düşündüklərini və mövqelərinin nə olduğunu söyləməməsi ədalətsizlikdir”, – deyə nazir bildirib.
//Samir Qurbanov, Editor.az