AZ

COP29: Prezident İlham Əliyev ABŞ-ın Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib, COP29 sədrliyi nümayəndə təyinatlarını elan etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.

Fins.az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını dedi. Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğuladı. Con Podesta dedi ki, COP sədri qismində ölkəmizin hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib. O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər, xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirdi.

Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd etdi. COP29-un əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu tədbirin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirdi. Prezident İlham Əliyev bu konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az müddət olmasına baxmayaraq onun yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini dedi. Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə etdi.

Söhbət zamanı Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulandı. Bakıda keçirilən COP-öncəsi tədbirin vacibliyi qeyd olundu və bu çərçivədə aparılan müzakirələrin qarşıdan gələn COP tədbirinin gündəliyinin müəyyən olunması üçün önəmi bildirildi.

Con Podesta ABŞ-ın regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırdı.

44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olundu.

* * *

COP29 sədrliyi uyğunlaşma, iqlim dəyişikliyinin qarşısının alınması və 6-cı Maddə üzrə nazirliklər nümayəndələrinin təyin olunmasını elan edib.

Fins.az xəbər verir ki, bu barədə COP29-un rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, nümayəndələrin təyin edilməsi BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) bu mövzular üzrə siyasi məsləhətləşmələr çərçivəsində tərəflərə yol göstərməyə və məlumat verməyə kömək etmək məqsədi daşıyır.

"COP29 nazirlik nümayəndələri konfrans ərəfəsində qarşılıqlı siyasi əlaqələrin gücləndirilməsində, həmçinin, COP29 sədrliyinin əsas prioritetlərinin qlobal siyasi gündəmdə yüksəldilməsində mühüm rol oynayır", - məlumatda qeyd edilib.

İrlandiyanın ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri İmon Rayan və Kosta-Rikanın ətraf mühit və energetika naziri Frants Tattenbah iqlim uyğunlaşmaları üzrə nümayəndələr təyin ediliblər.

Norveçin iqlim ətraf mühit naziri Tore O.Sandvik və Cənubi Afrikanın meşə təsərrüfatı, balıqçılıq və ətraf mühit naziri Dion Trevers Corc iqlim dəyişikliyinin təsirlərinin azaldılması üzrə nümayəndələr təyin edilib.

Sinqapurun dayanıqlı inkişaf və ətraf mühit naziri Qreys Fu Hay Yen və Yeni Zelandiyanın iqlim dəyişikliyi məsələləri üzrə naziri Saymon Uotts Paris Sazişinin 6-cı Maddəsi üzrə nümayəndə təyin ediliblər. Nümayəndələr COP29 çərçivəsində tərəflərə 6-cı Maddənin həyata keçirilməsində kömək etmək üçün siyasi məsləhətlər verəcəklər.

Bundan əlavə, Avstraliyanın iqlim dəyişikliyi və energetika məsələləri üzrə naziri Kris Bouen və Misirin iqlim dəyişikliyinin təsirlərin azaldılması məsələləri üzrə naziri Yasmin Fuad iqlim maliyyəsi sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi” (NCQG) məsələlərində nümayəndə təyin ediliblər.

İtaliyanın iqlim dəyişikliyi məsələləri üzrə xüsusi elçisi Françesko Karvaro, Qazaxıstan Respublikası Prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova şəffaflıq məsələləri üzrə nümayəndə təyin ediliblər.

Seçilən
9
43
fins.az

10Mənbələr