AZ

Azərbaycanla Rusiya prezidentinin təmasları iki ölkə arasındakı əlaqələrin inkişafını təmin edir

Bu gün Azərbaycan-Rusiya münasibətləri iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə söykənərək uğurla inkişaf edir. 2022-ci ildə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması ilə inkişafının yeni mərhələsinə qədəm qoyan əməkdaşlıq münasibətləri iki ölkənin başçılarının müəyyənləşdirdikləri strateji xətt üzrə uğurla irəliləyir.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

“Azərbaycan və Rusiya prezidentləri arasında müntəzəm xarakter daşıyan təmaslar ölkələrarası əlaqələrin dinamik inkişafını təmin edir. Bu xüsusda, Rusiya Prezidentinin cari ilin avqustunda Azərbaycana dövlət səfərini, həmçinin Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası çərçivəsində Prezident Vladimir Putinlə keçirdiyi görüşü qeyd etmək istərdim. Əlbəttə ki, yüksək səviyyəli görüşlər nəticəsində qəbul edilən qərarların, əldə olunan razılaşmaların uğurlu icrası iqtisadi-ticari, humanitar və digər sahələrdə əlaqələrin inkişafına, birgə həyata keçirilən regional layihələrin genişləndirilməsinə təkan verir”, - deyə deputat vurğulayıb.

Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini bildirən Mircəlil Qasımlı Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin böyük önəm daşıdığını diqqətə çatdıraraq deyib: “Laçın da daxil olmaqla, tarixi torpaqlarımızın 20 faizini uzun illər işğal altında saxlayan Ermənistan bu ərazilərdə böyük dağıntılar, ekoloji cinayətlər törədib. Bu gün isə Azərbaycan Prezidentinin rəhbərliyi ilə tarixi torpaqlarımızda böyük quruculuq işləri həyata keçirilir, həmin ərazilərə həyat qayıdır. Keçmiş məcburi köçkünlərin layiqli həyat şəraitinin təmin olunması istiqamətində bütün zəruri addımlar atılır”.

Azərbaycanın mühüm idman yarışlarını yüksək səviyyədə təşkil etmək baxımından böyük təcrübəyə malik olduğunu deyən deputat ölkəmizin III MDB Oyunlarına uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib. Azərbaycanda Bakı ilə yanaşı, regionlarda da müasir idman infrastrukturları yaradılıb, onlar bütün lazımi avadanlıqlarla təmin edilib. Bu baxımdan, MDB Oyunlarının Azərbaycanın 10-dan çox şəhərində keçirilməsi bölgələrimizin də mühüm idman bayramına şahidlik etməsinə imkan verəcək.

“Azərbaycan MDB çərçivəsində əməkdaşlığa daim xüsusi önəm verib. Ermənistan istisna olmaqla, bütün üzv ölkələrlə səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Təbii ki, bu platforma çərçivəsində əməkdaşlığın genişləndirilməsində Azərbaycan hər zaman xüsusi rol oynayıb və bu gün də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir”, - deyə deputat vurğulayıb.

Seçilən
23
3
modern.az

4Mənbələr