AZ

Birinciliyi əldə saxlamalıyıq

Bu gün “Süni İntellekt” (Artificial Intelligence - AI) dünyada ən çox istifadə olunan ifadələr siyahısında liderlik etməyə başlayıb. Süni intellekt həyatın bütün sferalarına artıq çox böyük sürətlə sirayət etməkdədir.

Yeri gəlmişkən, bu il Nobel mükafatı ilə təltif edilən alimlərdən də 5 nəfəri bu ödülü məhz süni intellektlə bağlı tədqiqat və ixtiralarına görə aldı. Həmin alimlərin arasında müsəlman və türk dünyasından heç kim yoxdur. Beşi də Kanada, ABŞ və İngiltərədən olan alimlərdir.

Deməli, süni intellekt sahəsindəki öncüllük də anqlo-saksonlara məxsusdur.

Siz fikir verdinizsə, İsrail də “HƏMAS” və “Hizbullah” terror təşkilatlarının liderlərinə və komandirlərinə qarşı son əməliyyatlarında süni intellektdən də istifadə edib. Xüsusən də “Hizbullah”ın lideri Şeyx Həsən Nəsrullahın vizual görüntüsü məhz süni intellektin köməyi ilə aşkarlandıqdan sonra, onun yerləşdiyi məkan İsrail tərəfindən bombalanıb tar-mar edildi.

Hazırda Ukrayna da Rusiyaya qarşı döyüş əməliyyatlarında süni intellektdən, rəqəmsal texnologiyalardan sıx surətdə istifadə etməyə başlayıb.

Ümumiyyətlə, müasir müharibələrdə süni intellekt həllərindən geniş istifadə ediləcək. Ənənəvi döyüş modelindən və ənənəvi silahlardan imtina ediləcək, rəqəmsal texnologiyalara əsaslanan yeni savaş modelinə keçid olunacaq.

Maraqlıdır ki, son bir neçə ayda postsovet məkanında və Cənubi Qafqaz ölkələri arasında süni intellektə ən çox maraq göstərən ölkə məhz Ermənistandır. Paşinyan və onun komandası, necə deyərlər, sözün əsl mənasında süni intellekt heyranına çevrilib.

Bəs, Ermənistan niyə birdən-birə Süni İntellektin arxasınca “marafon qaçışı”na başlayıb?

Bir sıra ölkələr süni intellektdən ilk növbədə aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə və yaradıcılıq sahələrində istifadə etməyə, kosmos və okeanın dərinliklərinin araşdırılmasında tətbiq olunmasına önəm verirlər. Süni intellekt sahəsində aparılan tədqiqatlar kompüter elmləri, iqtisadiyyat, psixologiya, optimallaşdırma, məntiq və bir sıra başqa sahələri də əhatə edir. Eyni zamanda, süni intellekt təbiət elmləri və mühəndislikdən başlayaraq, bir çox sahədə geniş şəkildə istifadə olunur. Eləcə də kiberdələduzluğun aşkar edilməsindən tutmuş, müştərilərin hansı xidmətə ehtiyacının olacağını təxmin edərək müştəri xidmətinin inkişafına kimi maliyyə və biznes dünyasındakı hər bir sahədə süni intellektdən geniş istifadə edilir. Emaledci sənayedə isə işçi qüvvəsinin və istehsalat prosesinin idarə edilməsində, habelə baş verə biləcək xətaların öncədən təxmin edilməsində süni intellekt köməyə gəlir.

Lakin bədnam qonşumuz Ermənistan isə süni intellektdən ilk növbədə birbaşa hərbi sferada yararlanmağa qərar verib. Bunun səbəbi nədir? Ümumiyyətlə, bu sərsəm ideyanı Paşinyanın ağlına kim salıb?

Bu işin arxasında təbii ki, Fransa lideri dayanır. Süni intellekt həlləri sahəsində Fransanın da geridə qaldığını anlayan Emmanuel Makron, öz ölkəsi ilə bərabər Ermənistanı da süni intellektə əsaslanan iqtisadiyyat və ordu modelinə keçməyə təşviq edir. Bu yaxınlarda Paşinyan və Mirzoyanın da qatıldığı 19-cu Beynəlxalq Frankofoniya Forumunda Makronun təşəbbüsü ilə frankofon ölkələrinin müdafiəsi üçün süni intellektdən istifadə edilməsi geniş müzakirə edildi (hərçənd ki, hərbi və siyasi məsələlər Frankofoniyanın missiya və təyinatına aid deyil).

Bundan öncə isə Cənubi Koreyaya səfər edən Ermənistanın müdafiə naziri Suren Papikyan sentyabrın 9-u və 10-da Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş süni intellektlə bağlı yüksək səviyyəli görüşdə iştirak edib.

Bir sözlə, Ermənistan hakimiyyəti ordusunu gücləndirmək və Azərbaycan üzərində həlledici üstünlük əldə etmək üçün süni intellektə ciddi önəm verməyə başlayıb.

Türk dövlətləri arasında hərbi sənaye sferasında rəqəmsal texnologiyalara, süni intellektə ən çox üstünlük verən ölkə isə şübhəsiz ki, Türkiyədir.

Qırğızıstan və Qazaxıstan da bu sahə ilə ciddi şəkildə maraqlanmağa başlayıb.

Oktyabrın 9-10-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk dövlətlərinin süni intellekt üzrə ilk sammitinin keçirilməsi də bu istiqamətdə atılan addımlardan biridir. Türk dövlətlərinin bu sahə üzrə aparıcı ekspertlərinin bir araya gəldiyi sözügedən sammitdə süni intellekt sahəsində ən son nailiyyətlərin müzakirəsi ilə yanaşı, Türk dünyası üçün süni intellektin ortaq inkişaf strategiyalarının hazırlanması əsas hədəflərdən biri kimi gündəmə gətiriləcək.

Süni intellekt bütün risk və mənfiliklərinə baxmayaraq gələcəyə aparan yol kimi qəbul edilir. Azərbaycanda da süni intellektin intensiv tətbiq edildiyi sahələr var. Belə ki, ölkəmizdə süni intellekt əsasında kənd təsərrüfatında dronların tətbiqi, elektron hökumət portalında “ASAN Login” üzərindən üz tanıma və sistemə giriş imkanı mövcuddur. SOCAR və digər sənaye qurumlarında, neft-qaz təşkilatlarında süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Gömrük məntəqələrində xüsusi kompüterlər və kameralar vasitəsilə məhsulların skan olunması və onların detalları ilə bağlı araşdırma aparılması istiqamətində işlər gedir. Habelə, Azərbaycan dilinin korpusunun yaradılması, çağrı mərkəzlərində süni intellekt vasitəsilə səsin, yazının tanınması və insanlara cavab verilməsi, generativ Aİ əsaslı xüsusi mobil tətbiqlər vasitəsilə insanların sual verib cavab alması istiqamətində işlər aparılır.

Lakin biz süni intellektin tətbiq edildiyi sahələrin əhatə dairəsini daha da genişləndirməli və Cənubi Qafqazda süni intellektdən istifadə üzrə birinciliyi əldə saxlamalıyıq. Bununla yanaşı, süni intellektin təkcə istifadəçisi (və ya istehlakçısı) yox, həm də bu sahə üzrə tədqiqatçı ölkə olmaq, həllər təklif edən ölkəyə çevrilmək istiqamətində də işləməliyik.

Bunun üçün isə ölkəmizdə ilk növbədə süni intellektin köklü inkişafı məqsədilə orta məktəblərdə robotexnika və kodlaşdırma dərsləri tədris edilməli, məktəblilərin proqramlaşdırma və ixtiraçılıq fəaliyyətlərinə sıx dəstək verilməli, onların süni intellektə əsaslanan layihələri təşviq edilməli və maliyyələşdirilməlidir.

P. S. Və bunu da unutmamalıyıq ki, yaxın gələcəkdə dünyada ölkələr iki qrupa bölünəcəklər: süni intellekt həlləri yaradan, təklif edən ölkələr və süni intellektdən sadəcə istifadə edən ölkələr. Birinci qrupa daxil olan ölkələr dünyaya ağalıq edəcəklər.

Seçilən
146
vaxt.az

1Mənbələr