Bu gün Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Quliyev İlkin Rəfail oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin aparıcı məsləhətçisi Fəqan Dünyamalızadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak ediblər.
İlkin Quliyev Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə şücaətlə iştirak etmiş, 2020-ci il 8 oktyabr tarixində döyüşlər zamanı yaralanmışdır. Yaralı halda təcili olaraq Hərbi Hospitala çatdırılsa da, 10 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır. Onun göstərdiyi qəhrəmanlıq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yüksək qiymətləndirilərək, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Anım mərasimində çıxış edənlər İlkin Quliyevin qəhrəmanlığından və Vətənə olan sevgisindən bəhs etmiş, onun əziz xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağını vurğulamışlar. Tədbir iştirakçıları İlkin Quliyevin qəbrini ziyarət edərək, onun ruhuna dualar oxuyublar.