AZ

Naxçıvan Dövlət Universitetində ixracyönlü sənayenin inkişaf yolları müzakirə olunub

Naxçıvan, 10 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində “İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrastruktur təchizatları” mövzusunda respublika elmi konfransı keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Sonra universitetdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilən sərgiyə baxış olub.

Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, bu gün universitetlər qarşısına qoyulan tələblər və əsas meyarlar iqtisadiyyat və sənayeləşmə ilə bağlıdır. Bu baxımdan konfransın mahiyyətini yüksək qiymətləndirən rektor universitetin İqtisadiyyat fakültəsində ixtisasların və strateji hədəflərin əmək bazarının tələblərinə uyğun qurulması istiqamətində işlərin davam etdiyini bildirib. Onun sözlərinə görə, ali təhsil ocağının sahibkarlıq müəssisələri ilə qurulan səmərəli əməkdaşlıqları imkan verir ki, təhsilalanlar əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşsın.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Abbas İsmayılov Azərbaycanda ixracyönlü sənayenin inkişafı ilə bağlı həyata keçirilən islahatların və sosial inkişaf üçün yeniliklərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, muxtar respublikada əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində vergi nəzarəti gücləndirilib, vergi ödəyicilərinə xidmət göstərən mərkəzlər yaradılıb. Vurğulanıb ki, son illərdə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı üçün qəbul edilən Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında iqtisadi yüksəlişə, yeni iş yerləri və müəssisələrin yaradılmasına, həmçinin kommunal və sosial infrastrukturun inkişafına səbəb olub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərli rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək, iqtisadi sahədə aparılan elmi tədqiqatlardan bəhs edib. Nazim Müzəffərli Naxçıvan Dövlət Universiteti ilə iqtisadiyyat sahəsində birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

“Ləzzət Group” MMC-nin sahibkarı Teymur Rzayev, 1995-ci ildən etibarən dünyanın bir çox ölkəsi ilə əməkdaşlığı olan şirkətin keçdiyi inkişaf yolundan, muxtar respublika iqtisadiyyatına verdiyi töhfədən bəhs edib. Qeyd olunub ki, şirkətin Naxçıvan Dövlət Universiteti ilə sıx əlaqələri mövcuddur və ali təhsil ocağının məzunları müəssisədə səmərəli fəaliyyət göstərirlər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun professoru Fuad Qənbərovun “Zəngəzur dəhlizinin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına təsiri”, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikasında ixracyönlü sənayenin inkişafı yeni iqtisadi reallıqlar müstəvisində” mövzusunda çıxışları dinlənilib.

Konfransda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına həsr olunan videoçarx izlənilib.

Sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda akademik və tədqiqat heyətlərinin mübadiləsini əhatə edən birgə tədqiqat işlərinin təşviq edilməsi, akademik tədqiqat məlumatlarının və texniki materialların mübadiləsi, birgə nəşr və ya mədəni fəaliyyətlərin həyata keçirilməsi, konfrans, seminar, simpozium, konqres və bir sıra ortaq akademik və elmi fəaliyyətlərin təşkili, ali təhsil müəssisələri əməkdaşlarının tədris prosesinə cəlb olunması nəzərdə tutulub.

Sonra konfransın tərəfdaşlarına və məruzəçilərə plaket və hədiyyələr təqdim olunub.

Konfrans ənənəvi və onlayn formatda 3 elmi bölmdə 6 panel müzakirələrlə işini davam etdirib, 20-ə yaxın ali təhsil müəssisəsinin elm adamları tərəfindən 44 mövzu ətrafında elmi məqalələrin mühazirəsi dinlənilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Seçilən
19
1
azertag.az

2Mənbələr