AZ

Ermənistanda "faşizm sevgisi"- 9 Mayın MDB-də mühüm roluna böyük təhdid…

Image

Azər Həsrət: “Ermənistan da zəhmət çəkib, Azərbaycan kimi faşizmə qarşı gerçək mübarizənin tərəfində olduğunu göstərsin”

Məlum olduğu kimi, Prezident İlham Əliyev cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Azərbaycan Prezidenti çıxışında önəmli məsələlərə toxunub. 

Ölkə başçısı qeyd edib ki, 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir: “Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.

Prezident İ.Əliyevin dediyi kimi, Azərbaycan bu əməkdaşlığa böyük önəm verir. Ancaq MDB- də Ermənistan kimi ölkələrin  faşistləri qəhrəmanlaşdırması, onlara heykəl qoyması bu bayramın dəyərini aşağı salmırmı?

“MDB-nin növbəti toplantılarında Ermənistanın qarşısında bu məsələ tələb şəklində qoyulmalıdır ki, onlar faşizmi dəstəkləməkdən imtina etməli, ya da bu yoldan çəkinməlidir”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyev İkinci Dünya müharibəsindəki qələbənin Azərbaycan xalqı üçün önəmli olduğunu Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında diqqətə çatdırıb: “Azərbaycan Prezidenti və ölkə əhalisi bu məsələdə olduqca həssas və diqqətlidir. İlham Əliyev orda çıxışında bildirdi ki, o savaşda Azərbaycanın 700 min övladı iştirak edib,  350 mini həlak olub. Onların xatirəsi bizim üçün əzizdir. Azərbaycan Prezidenti də onların xatirəsini əziz və hörmətli tutur. Ölkə başçısı faşizmə qarşı mübarizədə Azərbaycan xalqının göstərdiyi şücaətlərin unudulmamasına çalışır. Təəssüf ki, Ermənistan faşizmə qarşı deyil, onun tərəfindədir. Hətta Ermənistanda faşistlərə abidə belə qoyulub. Bu səbəbdən də hesab edirəm ki, MDB dövlət başçıları bu cür toplantılarda Ermənistana konkret olaraq bildirməlidirlər ki, faşizmlə bağlı mövqeyini dəqiq bildirsin. Sən bir tərəfdə faşistlərə abidə qoyub, digər tərəfdə faşistlərlə mübarizə haqqında danışa bilməzsən. Hesab edirəm ki, MDB-nin növbəti toplantılarında Ermənistanın qarşısında bu məsələ tələb şəklində qoyulmalıdır ki, onlar faşizmi dəstəkləməkdən ya  imtina etməli, ya da bu yoldan çəkinməlidir. Bu məsələ prinsipial məsələdir. Ermənistan da zəhmət çəkib, Azərbaycan kimi faşizmə qarşı gerçək mübarizənin tərəfində olduğunu göstərsin”.

Günel CƏLİLOVA





Seçilən
14
baki-xeber.com

1Mənbələr