AZ

"Azərbaycanda futbolu atan belə oğlanlar çoxdur"

"Həqiqətən, çox sevincliyəm. Xəbəri eşidən kimi Vadimə zəng edib təbrik etdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Araz Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayevin Azərbaycan millisinə dəvət almasını şərh edən Azər Bağırov deyib.

Hazırda "Kəpəz"in sükanı arxasında olan çalışdırıcı Abdullayevi ikinci dəfə böyük futbola qaytaran şəxsdir.

O, 2018-ci ildə 24 yaşında futbol karyerasını başa vuran "Bakı"nın sabiq yetirməsini 2 il sonra "Araz Naxçıvan"a dəvət edib.

Burada birgə Region Liqasında, Birinci Divizonda və nəhayət Premyer Liqada çıxış ediblər. Təbii ki, belədə bu gün "6 nömrə"nin ölkənin bir nömrəli komandasına çağırılmasında təcrübəli mütəxəssisin də rolu az deyil.

Maraqlıdır, Vadimdə onu çəkən nə olub? 2 il futbolsuz qalan birinin bu səviyyəyə yüksəlməsi necə baş verib?

"Araz-Naxçıvan"ın sabiq çalışdırıcısı suallara cavab olaraq bunları dedi:

"Vadimin karyerasına kino çəkmək olar. İnşallah, millidə yeri möhkəmlənər. Hər şey arzuladığı kimi olar. Vadimdə məni özünə çəkən onun insanlığıdır. Bir idmançının önəmli olan xarakteridir. Onun mərdliyi, kişiliyidir. Meydançada bacardığından artığını etmək istəməsidir. Vadimdə bunu gördüm və sona kimi xüsusiyyətləri özündə saxladı.

Açığı, ona şans verdiyim üçün az təzyiqlər görməmişəm. Əsas odur ki, sonda onun timsalında mən də nəsə qazandım.

Millidə olmasına çox sevinirəm. Valideyinləri Moskvada yaşayır. Onların yanında bazarda işləyirdi. Balaca qardaş kimi xətrini çox istəyirəm. Döyüşkən xarakterinə görə hər zaman meydançada olmasını istəmişəm. Sonda o da istəyimə müsbət reaksiya verdi.

Bu gün öz alın təri ilə Azərbaycan millisinin formasını qazandı. O, bir idmançı üçün ən ağır sayılacaq yoldan keçib. Bunda payıma varsa nə xoş mənə.

Azərbaycanda belə oğlanlar - futbolu küsüb atanlar çoxdur. Sadəcə hansısa şəxsi manefəyə, istəyə görə kimlərinsə üzərindən xətt çəkmək olmaz. Yaxşı idmançını qazanmaq lazımdır. Bacarıqlı insanların öz dünyasına hörmət etməlisən".

XANOĞLAN

Seçilən
21
sportinfo.az

1Mənbələr