AZ

Azərbaycan və Rusiya arasında münasibətlərin dinamik inkişafı yeni mərhələdə ŞƏRH

Azərbaycan Respublikası son illər çevik xarici siyasət yürüdərək müxtəlif beynəlxalq və regional təşkilatlarda, həmçinin MDB-də fəal iştirak edir. Postsovet məkanında MDB çoxtərəfli əməkdaşlıq üçün əsas platformalardan biri olaraq qalır və üzv ölkələr arasında mədəni, iqtisadi, siyasi digər sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynamaqda davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvaya səfəri və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü geosiyasi kontekst çərçivəsində Azərbaycan-Rusiya əlaqələrinin möhkəmliyini təsdiq etməklə yanaşı, o cümlədən ölkəmizin MDB çərçivəsində mühüm regional faktor olduğunu nümayiş etdirir. Azərbaycan və Rusiya arasında münasibətlərin dinamik inkişaf xarakterini Vladimir Putinin ölkəmizə həyata keçirdiyi son dövlət səfəri də təsdiqlədi. Bu isə qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Hazırki mürəkkəb beynəlxalq vəziyyət, xüsusilə də keçmiş Qarabağ münaqişəsindən sonrakı nizamlanma fonunda bu iki ölkə arasındakı tərəfdaşlıq ciddi əhəmiyyət daşıyır. Rusiya regionda sülh prosesində, bundan əlavə sabitliyin qorunmasında, yeni münaqişələrin qarşısının alınmasında diplomatik təşəbbüsləri ilə fəallıq göstərir. Öz növbəsində Azərbaycan da sülhməramlı proseslərdə, regional təşəbbüslərdə fəal iştirak etməklə sülh və əməkdaşlıq arzusunu təsdiqləyir. ,Humanist niyyət, sülh arzusu dövlət başçısı İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bir daha özünü göstərdi. Ölkə rəhbərimiz MDB-nin humanitar əməkdaşlıq mexanizmi kimi əhəmiyyətini diqqətə çatdıraraq, 2025-ci ildə MDB-nin Laçın şəhərinin mədəniyyət paytaxtı elan edilməsini ayrıca vurğulaması xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, Laçın uzunmüddətli erməni işğalından sonra sürətlə bərpa olunaraq, ölkəmizin inkişafının təzahürü kimi təşkilat daxilində Azərbaycana rəğbəti daha da artırıb.Qeyd edək ki, ölkəmiz MDB məkanının bir hissəsi olmaqla, müxtəlif geosiyasi maraqların kəsişməsindədir. Belə ki, bir tərəfdən, ölkə onun əsas strateji tərəfdaşı olan Rusiya ilə sıx əlaqələr saxlayır, digər tərəfdən isə Azərbaycan Qərb ölkələri və Avropa İttifaqı, BMT kimi beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirməkdə maraqlıdır və beynəlxalq qaydaları rəhbər tutaraq şəffaflığın tərəfdarıdır. Bu mənada, Azərbaycan xarici siyasətində balansı qorumağa nail olub ki, bu da ona beynəlxalq məsələlərdə fəal mövqe tutmağa imkan verir. Onu da vurğulayaq ki, Bakıda keçiriləcək COP29-a ev sahibliyi etməyi Azərbaycanın qlobal ekoloji təşəbbüslərə verdiyi töhfənin tanınması və beynəlxalq aləmdə nüfuzunun təsdiqlənməsi kimi qiymətləndirib. Bu tədbir Azərbaycanın yüksək inkişaf potensialının olduğunu, yaxın gələcəkdə ölkəmizin MDB daxilində mövqelərini möhkəmləndirməyə davam edəcəyinə, Birlik dövlətlərinin ölkəmizlə sıx əlaqələrinin daha da dərinləşməsinin təşkilatın inkişafına töhfə verəcəyini əminliklə deyə bilərik. Əsasən də, Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər fonunda Rusiya ilə sabit və konstruktiv münasibətlərin qorunub saxlanılması ölkə üçün mühüm amildir. Həmçinin, Azərbaycan nəqliyyat, enerji və sair layihələri inkişaf etdirməklə MDB-nin digər üzvləri ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə çalışır. Eyni zamanda bütün bu mühüm amillər isə ölkəmizin əhəmiyyətini daha da yüksəldir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya
İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Seçilən
12
50
sesqazeti.az

10Mənbələr