AZ

“Bağırovun bu rolunu görməmək, inkar etmək nankorluqdur!” – MÜSAHİBƏ + FOTOLAR

Son dövrlər Cəmil Həsənli Mir Cəfər Bağırova dair məqalələr yazır, dövlət xadimi barəsində intensiv çıxışlar edir. Onun bəzi fikirləri və istinad etdiyi “faktlar” ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. C.Həsənlinin öz yazılarında iddia etdiyi bəzi məqamlarla bağlı M.C.Bağırov mövzusunda çoxsaylı tədqiqatlar müəllifi olan Adıgözəl Məmmədova müraciət etdik. Medianews.az onunla müsahibəni təqdim edir.

– Adıgözəl müəllim, biz yenidən Sizə müraciət etmək məcburiyyətində qaldıq. Çünki, Cəmil Həsənli dayanmır və M.C.Bağırova dair çoxsaylı iddialar irəli sürür. Bu iddiaların əsaslı olub-olmadığını Sizin sayənizdə aydınlaşdırmaq istərdik.

– Doğru deyirsiniz, Cəmil Həsənli son günlər yaman əl qatıb özünə (gülür). M.C.Bağırova qarşı qurulan tələsik, qeyri-obyektiv aparılan istintaq, o vaxtların ölçüləri ilə götürsək, şübhəsiz ki, sifarişli və olduqca siyasi idi. Ona görə ki, bu ittihamçılar və onların sifarişçilərinin böyük əksəriyyəti əslində özləri müxtəlif cinayətlər törədərək, günahsız insanları güllələnməyə məhkum etmişdilər. İosif Stalinin dövrünə aid, xüsusən də Dövlət Müdafiə Komitəsinin arxiv sənədlərini əldə etmək son dərəcədə çətindir. Çünki, o sənədlərin böyük əksəriyyəti hələ də gizli saxlanılır və ya iclaslardan bir müddət sonra məhv edilirdi. Kreml rəhbərlərinin açılmamış böyük miqyasda cinayətləri hələ də tarixi informasiya kimi arxivlərdə gizli saxlanılır. Bu arxivlər açıldıqca, onların böyük miqyasda törətdikləri iyrənc işlər adamı heyrətə gətirir. İndi də Cəmil əkə özünü bu ittihamçıların yerinə qoyub.

– Deyilənə görə, M.C.Bağırovun azərbaycanlıların Vətəndən köçürülməsinin qarşısının alınmasında müstəsna xidmətləri olub. Bu, doğru məlumatdırmı?

– Bilirsiniz, mən azərbaycanlıların Vətəndən köçürülməsi məsələləri ilə dərindən məşğul olmuşam. Həm Bakıda, həm də Moskvada bu istiqamətdə ciddi tədqiqatlar aparmışam. Eyni zamanda, o dövrü araşdıran bir çox rus alim və yazarları ilə fikir mübadiləsi aparmışam. Xüsusən məşhur rus tarixçisi və müəllimim “Досье без ретуши-Берия” kitabının müəllifi Boris Vadimovic Sokolovun mənə çox köməyi dəyib. Müharibə illərində müharibə qanunları hökm sürür. Amma xalqların kütləvi deportasiyası Stalin tərəfindən qəddarcasına həyata keçirilmişdi. Bu baxımdan, erməni siyasi elitasının barmağı həmişə Kremlin daxili intriqalarında öz işini görürdü. Deportasiya olunan xalqları bir neçə məsələdə günahlandırırdılar. Bunun bir qismi SSRİ Dövlət Müdafiə Komitəsinin xalqların deportasiyası ilə bağlı qərarında açıqlanıb, çox hissəsini hələ də gizli saxlanılan protokollardadır. Fikir verirsinizsə, deportasiyaya ilk məruz qalan yerli xalq axısqa türkləri oldu. Çünki, hələ müharibə başlayanda Volqa boyu yaşayan almanlar artıq Sibirə sürgün olunmuşdu. Hərçənd, axısqa xalqı almanlar tərəfindən işğal olunmuş sovet torpaqlarında yaşamırdılar. Amma onlar məhz türk olduğuna görə deportasiya olundular. Əslində axısqa türklərini ona görə ittiham edirdilər ki, guya Türkiyə faşist Almaniyası ilə birlikdə Sovet İttifaqına hücum edəcək, onlar da gələn qüvvələrə bələdçilik edib, “təxribatçı” fəaliyyət göstərəcəklər. Digər bir əsas kimi almanların təşkil etdiyi legioner ordularda məhsəti türklərinin təmsil olunması göstərilirdi. Əslində onlar Almaniyada  Krım türklərindən və azərbaycanlılardan təşkil edilən legionlarda təmsil olunurdular. Məhz bu əsas gətirilərək axısqa türkləri və Krım tatarları sürgünə məruz qaldı. Halbuki minlərlə Krım tatarı, axısqa türkü sovet ordusunda faşistlərə qarşı döyüşlərdə qəhrəmanlıq göstərirdilər. Bu xalqların bir çox övladları şücaət və qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Burada iki məqama toxunmaq istəyirəm. Almanlar həmin legioner ordulardan ermənilər və gürcülər üçün də yaratmışdılar. Amma nədənsə deportasiya məsələsində erməni legionları yada düşmədi. İkinci məqam, yuxarıda qeyd etdiyim kimi, axısqa türkləri daha çox Əli bəy Düdənginskinin rəhbərlik etdiyi Azərbaycan legionunda təmsil olunurdular. Bu səbəbdən də sonrakı hədəf azərbaycanlılar idi. Dövlət Müdafiə Komitəsinin qərarına əsasən, ikinci mərhələdə bu “separatizmə meylli yarlığını” azərbaycanlılara da yapışdıraraq, deportasiya etməli idilər. Əslində, SSRİ Dövlət Müdafiə Komitəsində azərbaycanlıların da deportasiya məsələsinin müzakirəyə çıxarıləmasının qarşısı alınıb.

– Bəs, o zaman bunun qarşısı necə alınıb?

– Stalində, o cümlədən, Kremldəki rus siyasi elitasında azərbaycanlılara qarşı şübhəli münasibəti dəyişmək üçün kütləvi şəkildə partiya və komsomol təşkilatları vasitəsilə Moskvaya teleqramların göndərilməsi təşkil edildi və hərbi çağırışçıların sayı artırıldı. Mərkəzi qəzetlərdə Azərbaycan diviziyalarının cəbhədəki uğurları, eloğlularımızın müharibədə göstərdikləri qəhrəmanlıqlar intensiv işıqlandırılmağa başlandı. Eyni zamanda döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycan oğulları haqqında tədbirlərin keçirilməsi geniş vüsət aldı. Bağırovun öz oğlu Mir Cahangir də müharibədə qəhrəmancasına həlak olmuşdu. Bunu Stalin və Kremlin siyasi elitası gözəl bilirdi. İkinci səbəb o idi ki, İran məsələsi tam həllini tapmamışdı. Təbrizdə sovet ordusunun bir hissəsi dururdu. M.C.Bağırov Stalini inandırmışdı ki, azərbaycanlılar olmadan mərkəzi Tehran hakimiyyətinə təsir göstərmək mümkün deyil. Təsadüfi deyil ki, M.C.Bağırovun başçılığı altında görkəmli elm xadimi, dövlət adamı Əziz Əliyevlə başlanmış və 1942-ci ildə Moskva tərəfindən dondurulmuş Cənubi Azərbaycan layihəsi Beriyanın dəstəyi ilə 1944-cü ildə yenidən işə salındı. Pişəvərinin başçılıq edəcəyi Azərbaycan Demokrat Partiyasının yaradılması da bu dövrə təsadüf edir. Tam qətiyyətlə deyə bilərəm ki, Cənubi Azərbaycan layihəsinin müəllifi əvvəldən axıra qədər M.C.Bağırov olub. Məhz həmin günlər Stalinə göndərdiyi məktubunda M.C.Bağırov qeyd edirdi ki, “Azərbaycanlılar Ərdəşir Avanesyanın başçılıq etdiyi Tudə Partiyasında birləşə bilməyəcəklər. Burada rəhbər şəxsin erməni olması azərbaycanlıları bu partiyadan uzaq salıb. Hesab edirəm ki, Tehran hakimiyyətinə təsir etmək üçün azərbaycanlılardan ibarət yeni bir siyasi güc yaratmaq lazım gələcəkdir”. İnanın, təkcə bu cümlə ilə Bağırov həm azərbaycanlıları gözlənilən deportasiyadan qoruyur, həm də Azərbaycan amilinin önəmini geosiyasi güc kimi Stalinin diqqətinə çatdırırdı. Ona görə də M.C.Bağırovun bu rolunu görməmək, inkar etmək nankorluqdur! Necə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanımızı düşməndən azad etməsini  unutmaq da  nankorluğdur! Nadir şah Əfşardan sonra heç kimin müyəssər olmadığı bütövlənmiş Azərbaycana sahib olmuşuq! Bax bu, Heydər Əliyev uzaqgörənliyi, İlham Əliyev zəkasının nəticəsidir. Gör bunu bir dəfə də olsun Cəmil Həsənli etiraf edirmi?

– Bir qədər əvvəl İkinci Dünya müharibəsində azərbaycanlılardan ibarət diviziyaların təşkilindən, Azərbaycan övladlarının qəhrəmanlıqlarından danışdınız. Maraqlıdır, həmin dövrdə milli diviziyalarımız necə yarandı?

– Bunun ən gözəl izahının Azərbaycan K(b)P-nin ikinci katibi işləmiş Həsən Seyidov öz xatirələrində qeyd edib. O, yazır ki, “Kerç faciəsini eşidən Mir Cəfər Bağırov çox narahat oldu və Mexlisə qarşı möhkəm qəzəbləndi. Çünki Mexlis, nəyin bahaslna olursa-olsun Kerç körfəzi vasitəsilə Krım yarımadasına daxil olmaq əmrini vermişdi. Bu vəzifələri yerinə yetirməli olan diviziyalar isə əsasən azərbaycanlılardan formalaşdırılmışdı. Həmin cəhd zamanı açıq dənizdə alman bombardmançıları bu əsgərləri daşıyan bütün gəmiləri məhv etdi. Buna baxmayaraq, əməliyyatın davam etdirilməsi və Krım yarımadasına daxil olmaq üçün təkrar əmr verildi. Bu dəfə alman bombardmançıları diviziyanın bütün heyətini darmadağın etdilər və köməksiz əsgərlər sadəcə olaraq dənizdə boğuldular. Mexlisin səriştəsiz əmri haqqında, Sevastopolun müdafiəsi üzrə quru qoşunlarının komandanın müavini və sahilyanı ordunun rəhbəri İ.Petrov M.C.Bağırovu məlumatlandırır. O deyir ki, “bir neçə gündən sonra soydaşlarınızdan heç kim sağ qalmayacaq və mən heç nə edə bilmirəm (Mexlisi nəzərdə tutur). Lütfən, müdaxilə edin və təcili tədbirlər görün. Xahiş edirəm, mənim adımı çəkməyin”. Bəli, azərbaycanlılar sovet ordusunun tərkibində faşist Almaniyasına qarşı qəhrəmancasına vuruşurdular. Təəssüf ki, azərbaycanlıların əksəriyyəti rus dilini bilmir, döyüş zamanı verilən bir çox komanda və əmrləri başa düşmürdülər. Buna görə də onlar tez-tez nizamnaməni pozduqlarına və ya əmri yerinə yetirmədiklərinə görə hərbi tribunala verilirdilər”. O dövrün döyüş sınaqlarından çıxmış Ceyhun kişi danışırdı ki, “Sürətləndirilmiş kurslarda bizə desant təlimləri keçir və paraşütdən tullanmağı öyrədirdilər. “Öyrədirdilər” də deyirəm, amma 5-10 günə nə öyrənmək olar ki? Sonra bizi Kerçə göndərdilər. Faşistlər çox güclü idilər. Üstəlik də bizim – cənubluların soyuğa dözümümüz yox idi. Almanlarla əlbəyaxa vuruşmaq bizə baha başa gəldi. Hər dəfə döyüşə gedəndə əllərimi yuxarı qaldırıb deyirdim: “Allahım, mənə ucuz ölüm vermə”. S.Ştemenkonun sözlərinə görə, “1942-ci il yanvarın sonunda Baş Komandanlıq L.Z.Mexlisi nümayəndə kimi Krım cəbhəsinə göndərdi”, o isə “öz adətinə uyğun olaraq, kömək göstərmək əvəzinə rəhbər kadrları qatıb-qarışdırmağa başladı. Hər şeydən əvvəl, cəbhənin qərargah rəisi Tolbuxini general-mayor Veçni ilə əvəz etdi. Cəbhənin hazırladığı hücum dəfələrlə təxirə salındı, Mexlis yalnız komandirlərlə mübahisə etməkdəydi”. Mayın 7-də almanlar özləri hücuma keçdilər və bir gün sonra cəbhənin müdafiəsini yardılar. Nəticədə Krım yarımadası Kerçlə birlikdə düşmən tərəfindən ələ keçirildi. Zaqafqaziya Hərbi Şurasının üzvü M.C.Bağırov bu məlumatı alan kimi cəbhənin ən qızğın sahəsi olan cənuba gəldi. O, azərbaycanlı əsgərləri toplayıb dedi: “Qartallarım, Azərbaycanın şanlı oğulları, sizə salam olsun!” Əsgərlər M.C.Bağırovu gördükdə çox sevindilər. Onlar qürurlandılar, döyüşçülərdə ruh yüksəkliyi əmələ gəldi. Ancaq onlar şikayət edərək deyirdilər ki, cəbhədə, hərbi hissələrdə və döyüş meydanlarında azərbaycanlı əsgərlərə aşağılayıcı münasibət göstərilir. Hərbi hissələrdə “azərbaycanlıdan döyüşçü çıxmaz” söz-söhbəti yayılıb. Bu, əlbəttə ki, əsgərlərin mənfi reaksiyasına səbəb olur, onları təhqirə məruz qoyurdu.

– Baş verənləri dinləyən M.C.Bağırovun atdığı addım nə oldu?

– Bununla bağlı M.C.Bağırov ilk öncə Stalin qarşısında çıxış etdi və hər şeydə, o cümlədən də Kerçdəki uğursuz əməliyyatda Mexlisi günahlandırdı. Bu barədə yazılı mənbələrdə məlumatlar var. Mexlis Stalinə göndərdiyi hesabatda baş verənlərə görə cəbhə komandiri D.T.Kozlovu günahlandırırdı. Cavabında Stalin Mexlisə yazırdı ki, “Siz Krım Cəbhəsinin işlərinə cavabdeh olmayan qəribə bir kənar müşahidəçi mövqeyi tutmaqdasınız. Bu mövqe əlverişli, amma tamamilə çürükdür… Siz Krım Cəbhəsinə Dövlət Nəzarətçisi kimi yox, Baş Komandanlığın məsul nümayəndəsi kimi göndərilmisiniz. Siz bizim, Kozlovu Hindenburq tipli kimi birisi ilə əvəzləməyimizi tələb edirsiniz. Amma siz bilməyə bilməzsiniz ki, bizim ehtiyatda hindenburqlarımız yoxdur. Krımdakı işləriniz mürəkkəb deyil və bunların öhdəsindən özünüz də gələ bilərsiniz. Əgər siz hücum aviasiyasından əlavə işlər üçün deyil, düşmənin tanklarına və canlı qüvvəsinə qarşı istifadə etsəydiniz, düşmən cəbhəni yara bilməz, tanklar müdafiə xəttini aşıb keçməzdi. İki ay Krım cəbhəsində heç bir nəticəsiz oturaraq belə bir sadə şeyi başa düşmək üçün Hindenburq olmaq lazım deyil”. Tarixçi Yuri Yemelyanovun “Pravda” qəzetindəki məqaləsində göstərilir ki, 3 iyunda Çadayev Stalinin qəbul otağında cəbhədən gəlmiş Mexlislə görüşdü. Çadayev danışırdı ki, o, Mexlislə qoşunlarımızın Kerç yarımadasındakı döyüşlərdə məğlubiyyətinin səbəbləri barədə söhbət edərkən, “Stalin qapıda göründü. Mexlis oturduğu yerdən sıçradı: “Salam, yoldaş Stalin! İcazə verin, Sizə məruzə edim”. Stalin yerişinə aram qatıb, bir anlıq yuxarıdan-aşağı Mexlisə baxdı, həyəcanlı səslə dedi: “Lənətə gələsiz Sizi!” və dərhal da kabinetə girib qapını arxasınca çırpdı. Mexlis yavaş-yavaş əllərini yanlarına endirdi və pəncərəyə tərəf çevrildi… Sonralar Poskrebışevdən öyrəndim ki, Mexlis həmin gün bir müddət sonra nəhayət ki, Stalinin qəbulunda ola bilib. Krım fəlakətinin günahkarı sözün əsl mənasında rəhbərin ayaqlarına düşübmüş”. Cəbhə komandanı D.T.Kozlov, Hərbi Şuranın üzvü diviziya komissarı F.A.Şamanin, cəbhənin qərargah rəisi P.P.Veçni və bir sıra başqa komandirlər tutduqları vəzifələrdən uzaqlaşdırıldılar, Kozlov və Şamanin rütbələri də aşağı salındı. L.Z.Mexlis Xalq Müdafiə Komissarının müavini və Qızıl Ordunun Baş Siyasi İdarəsinin rəisi vəzifələrindən kənarlaşdırıldı və rütbəsi korpus komissarınadək endirildi. Qızıl Ordunun Siyasi İdarəsinin rəhbəri ÜK(b)P MK-nin katibi və Siyasi Büro üzvlüyünə namizəd A.S.Şerbakov oldu. Bundan sonra, cəbhəyə göndərilən Azərbaycan əsgərləri də daxil olmaqla 416, 77, 223-cü hərbi hissələr təşkil olundu. Eyni zamanda, sovet ordusunda bundan sonra hərbi hissələrin milli əlamət üzrə təşkilinə start verildi. Bu, həm də sovet xalqının Böyük Qələbəsinin beynəlmiləl səciyyəsini vurğulamaq idi.

– C.Həsənli iddia edir ki, M.C.Bağırov Azərbaycan Siyasi İdarəsinin rəhbəri olanda Gədəbəyin Çaybaşı kəndinin və İsmayıllı rayonunun hansısa kəndinin uşaq-qoca demədən top atəşinə tutulması əmrini verib. Belə hadisə baş veribmi? Bununla bağlı sübut, dəlil varmı?

– Maraqlı sual verirsiniz. Həqiqətən də M.C.Bağırovun belə bir əmri varsa, yaxşı olmazdımı ki, Cəmil əkə o sənədi göstərsin. Görünən odur ki, Cəmil Həsənli bir çox məsəlləri uydurur. Çünki, M.C.Bağırov öz məktublarında bu xarakterli müdaxilələri pisləyirdi. Bunun onun Ruhulla Axundova yazdığı məktubdan görürük. M.C.Bağırov 1927-ci ildə Azərbaycan KP Siyasi İdarə rəhbərliyindən kənarlaşdırılandan az müddət sonra Moskvada partiya kurslarında olan Ruhulla Axundova yazdığı məktub var. Bu məktublar Siyasi partiyalar, ictimai hərəkatlar mərkəzi Dövlət Arxivində saxlanılır. Məktub 1929-cu il mayın 6-da Tiflis şəhərinin Piroqov 8 ünvanından göndərilib. Məktub “Əzizim, Ruhulla” sözləri ilə başlayır. O, məktubda yazır ki, “Serqo Orcоnikidzenin qəti göstərişinə əsasən, Bakını tərk etmək məcburiyyətində qaldım. Elə başa düşürdüm ki, burada (Tbilisidə) yeni vəzifəmi normal şəraitdə icra etməyə başlayacağam. Amma çox təəssüf ki, əksinə, yüz dəfə ağır şəraitə düşdüm, əvvəlcədən mənə qarşı hazırlanmış “tələlərlə” üzləşdim. Elə bil bu vəhşiləşmiş insanlar məni ilk işıq dirəyindən asmağa hazır dayanmışdılar. Mənə qarşı belə münasibətin əsasını isə Azərbaycan rəhbərliyinin – söhbət Levon Mirzoyan-Əliheydər Qarayev-Novruzov birliyindən gedir – barəmdə mərkəzə ötürdükləri yalan məlumatlar formalaşdırır. Amma bu rəhbərlər başa düşmürdülər ki, respublikada törətdikləri əməlləri ört-basdır edə bilməyəcəklər. Məsələn: Azərbaycan Siyasi İdarəsinin əməkdaşları Lənkəranda sərhədi qeyri-leqal keçmək istəyən mollanı vəhşicəsinə boğub öldürüblər. Bu hadisədən hiddətlənən kənd əhalisi mollanın meyitini geri almaq istəyəndə, Siyasi İdarə əməkdaşları narazı insanlarla amansız davranıblar. Bu da son nəticədə yüzlərlə günahsız kəndlinin həbsinə gətirib çıxarmışdır. Kənd əhalisi məcburiyyət qarşısında qalıb, Bakıya öz nümayəndələrini göndərmək qərarına gəlir. Artıq kəndlilərin narazılığı üsyana keçən vaxt Bakıdan dövlət komissiyasının üzvləri Lənkərana göndərilir”. Məktubda M.C.Bağırov bu cür misalların saysız-hesabsız olduğunu Ruhulla Axundova bildirir. Sonra vurğulayır ki, “Yuxarıda qeyd etdiyim rəhbərlərin özbaşınalığı, törətdikləri cinayət əməlləri barədə bildiyimə görə, məni tamam sıradan çıxartmaq və ya fiziki cəhətdən məhv etmək istəyirlər. Onlar saxta sənədlər quraşdırıb mənə qarşı ittiham irəli sürməyə cəhd edirlər”. Sonra M.C.Bağırov Ruhulla Axundova özü və ailəsi barədə məlumat verir. O, yazır ki, “Oğlum Cahangirdən (Volodya) məktub almışam. Məktubunda Ömər Xəyyamın, Mirzə Şəfi Vazehin əsərlərini oxuduğunu deyir. Sentyabrda Qubadan Bakıya qayıdacağını söyləyir. Deyəsən, bir az xəstələnib, ondan yaman nigaranam. Ancaq bacılarımın gözləri ürəyimin parasının (oğlu Cahangiri nəzərdə tutur) üstündədir. Ona görə də arxayınam. Səndən xahişim budur ki, məndən incimə, hələlik vəziyyətim pis deyil. Həyat yoldaşım və oğlumun adından sizin ailəyə salam çatdırıram”. Məktub “Öpürəm səni. Mircəfər” sözləri ilə bitir.

Ərtürk İSMAYIL

Seçilən
50
medianews.az

1Mənbələr