AZ

Təəssüf ki, bir çox hallarda yüksək təhsil haqları ilə tədrisin keyfiyyəti arasında birbaşa əlaqə görmürük.

Son illərdə ali təhsil müəssisələrində təhsil haqlarının kəskin şəkildə artması, xüsusilə tələbələr və onların ailələri üçün ciddi maliyyə yükünə çevrilib. Bu vəziyyət cəmiyyətin müxtəlif təbəqələrindən olan tələbələr üçün ali təhsilin əlçatanlığını məhdudlaşdırır. Təhsil tədqiqatçısı Nazir Budaqov, Tehsil.biz-ə ali təhsil haqlarının yüksək olmasının həm tələbələr, həm də təhsil sistemi üçün yaratdığı çətinlikləri təhlil edərək, bu problemin çoxşaxəli olduğunu qeyd edir.

Budaqov bildirir ki, ali təhsil haqlarının artmasının səbəblərindən biri təhsil müəssisələrinin artan xərclərini qarşılamaq məqsədidir. "Təhsil müəssisələri infrastrukturu yeniləmək, müasir avadanlıqlar almaq, müəllim heyətinin əmək haqqını artırmaq və keyfiyyətli təhsil vermək üçün maliyyə mənbələrinə ehtiyac duyur. Lakin bu, tələbələr üçün böyük maliyyə yükü yaradır. Xüsusən də, gəliri az olan ailələrdən gələn tələbələr üçün yüksək təhsil haqları ali təhsilə çatma imkanlarını ciddi şəkildə məhdudlaşdırır" deyə o qeyd edir.

Eyni zamanda, Nazir Budaqov təhsil haqlarının yüksək olmasının ali təhsilin keyfiyyəti ilə həmişə uzlaşmadığını vurğulayır. "Təəssüf ki, bir çox hallarda yüksək təhsil haqları ilə tədrisin keyfiyyəti arasında birbaşa əlaqə görmürük. Yüksək təhsil haqqı ödəyən tələbələr keyfiyyətli təhsil almaq üçün gözləntilərə malikdirlər, lakin bu, hər zaman reallaşmır. Təhsil müəssisələri tələbələrin ödədiyi vəsaiti onlara daha yaxşı təhsil şəraiti yaratmaq üçün istifadə etməlidir."

Budaqovun fikrincə, bu problemin həlli yollarından biri dövlət tərəfindən təhsil sektoruna maliyyə dəstəyinin artırılmasıdır. "Dövlət təhsil müəssisələrinə daha çox investisiya yatırmalı və bu yükün bir hissəsini öz üzərinə götürməlidir. Təhsil haqları yüksək olduqda, tələbələr daha çox təhsil krediti almağa məcbur olurlar və bu, məzun olduqdan sonra onlara ağır borc yükü şəklində geri qayıdır."

Bundan başqa, Budaqov qeyd edir ki, yüksək təhsil haqları tələbələrin iş tapmaq, karyera qurmaq məqsədlərinə də mənfi təsir göstərə bilər. "Təhsil haqlarını ödəmək üçün tələbələr təhsil müddətində işləmək məcburiyyətində qalır. Bu isə onların dərslərindən yayınmasına və akademik performanslarının aşağı düşməsinə səbəb ola bilər. Belə olan halda, təhsil keyfiyyəti də zərbə alır."

Nazir Budaqov, ali təhsil müəssisələrində yüksək təhsil haqlarının tələbələrə qarşı sosial ədalətsizlik yaratdığını da vurğulayır. "İmkanları məhdud olan tələbələr ali təhsildən məhrum olarkən, varlı ailələrdən gələn tələbələr rahat şəkildə təhsil alırlar. Bu isə cəmiyyətdə sosial təbəqələşməni daha da gücləndirir."

Budaqovun sözlərinə görə, tələbələrin təhsil haqqını ödəyə bilməsi üçün dövlət və özəl sektor tərəfindən maliyyə yardımı və təqaüd proqramlarının genişləndirilməsi vacibdir. "Daha çox tələbənin ali təhsilə çıxışını təmin etmək üçün müxtəlif maliyyə yardım proqramları və təqaüdlər artırılmalıdır. Bu, yalnız sosial bərabərliyi təmin etməklə yanaşı, eyni zamanda cəmiyyətin inkişafı üçün zəruri olan ixtisaslı kadrların yetişdirilməsinə dəstək verəcəkdir."

Təhsil tədqiqatçısı Nazir Budaqovun təhlili göstərir ki, ali təhsil müəssisələrində təhsil haqlarının artması həm tələbələr, həm də cəmiyyət üçün ciddi problemlər yaradır. Bu problemin həlli üçün dövlətin və təhsil müəssisələrinin birgə səylə çalışması, ali təhsil sistemində sosial ədalətin təmin edilməsi və təhsil haqlarının keyfiyyətlə uyğunlaşdırılması zəruridir.

Seçilən
19
tehsil.biz

1Mənbələr