AZ

Səma vurğunları: Bir helikopterin,  2 şahinin hekayəsi 

32 il əvvəlin bu günü - 11 oktyabr Azərbaycan xalqının kədərli günlərindən biri olb.  Bütün həyatını səmaya həsr edən iki vətənpərvər oğul  ruhu ilə də səmanı özünə əbədi məskən seçdilər...


Adalet.az xəbər verir ki, 1992-ci ilin bu günü Laçın rayonunun Səfiyan kəndinin yaxınlığında Mİ-24 döyüş tipli hərbi helikopterimizin erməni işğalçıları tərəfində vurulub.
1992-ci il,11-oktyabrında Milli Qəhrəmanlarımız pilot Zakir Yusifovla bort-atıcı Tahir Bağırov birlikdə Mİ-24 helikopterində Laçın, Səfiyyan kəndinin müdafiyəsində düşmənin texnikalarını və onlarla canlı qüvvəsini məhv etdikdən sonra düşmənin helikopterimizi vurur.
Araşdırmaçı jurnalist Vüqar Əsgərovun məqaləsində hadisə təfsilatı isə belə təsvir olunub: 11 oktyabr 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Qubadlı rayonunda və Səfiyan kəndi yaxınlığında məhv edilməsi, eləcə də quru qoşunlarına dəstək məqsədilə Azərbaycan tərəfindən üç helikopter əraziyə göndərilib.

 

Zakirin helikopteri düzülüşün önündə uçmalı, birdəfəyə atış açmalı və geri qayıtmalı idi. Bütün ekipajlar tapşırığı aydın şəkildə yerinə yetirir. Zakir Yusifov "Gedirik!" əmrini verir. Qrup son dərəcə alçaq hündürlükdə dərə boyu geri dönür. Ağcabədidə, aerodromda 2 helikopter eniş edir. Amma Zakirin helikopteri görünmür.
İtmiş vertolyotun tapılması üçün Mi-2 havaya qalxır. Pilotlar Qubadlıya gedən yolda, cəbhə xəttindən uzaqda, təpədə yerli sakinlərin ətrafına toplaşdığı dağıdılmış helikopterin qalıblarını görürlər. Döyüşçülər yerə endikdən sonra insanları sorğu-sual edib və əraziyə baxış keçirirlər. Alətlər hidravlik sistemdə maye çatışmazlığını göstərənə qədər ekipaj zədələri hiss etməyib. Zakir Yusifov və helikopterin uçuş heyəti həlak olur.


Bəs şəhidimiz Zakir Yusifov kim idi?

Araşdırmaçı yazarlarların topladığı məlumatlarda deyilir ki, Zakir Yusifov 29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulub. 1974-cü ildə 194 saylı məktəbi bitirib və Sasovski adına Mülki Təyyarəçilik məktəbinə daxil olub. 1977-ci ildə təhsilini başa vurub və Yevlaxda işə başlayıb. AN-2 təyyarəsinə komandir təyin edilib. Respublika ilk hərbi vertolyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir bu işin öhdəsindən Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə birgə gəldi. Hərbi təlimlər keçiblər və ardınca Qarabağa uçuşlar ediblər. Bu uçuşlardan ən uğurlusu 11 apreldə olub. İlk dəfə hərbi vertolyotla havaya qalxan Zakir Yusifov Füzuli-Xocavənd istiqamətində uğurlu uçuş edib. Cəsur komandir Zakir yüzdən artıq uçuşlar edərək erməni yaraqlılarının xeyli zirehli texnikasını məhv edib.

O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd səmalarında əsl qəhrəmanlıq səhifələri yazıb. 11 oktyabr 1992-ci il növbəti uçuş zamanı onun vertolyotu ermənilər tərəfindən vurulub.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Ailəli idi, iki övladı qalıb. Vaxtilə oxuduğu 194 saylı məktəb və Bakının küçələrindən biri onun adını daşıyır.

 

Bort-atıcı Tahir Bağırovu unutmaq haqqımız varmı?

Helikopterdə şəhid olan digər heyət üzvü Tahir Bağırov 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır. 1974-cü ildə Şirvan şəhərində 8-ci sinifi bitirib. 1977-ci ilin may ayıdan 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Tahir Bağırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına qoşulub.

1992-ci ilin 1 mart tarixində N saylı hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunub, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helikopterində bort atıcısı vəzifəsinə keçirilib. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak edib. 1992-ci il 11 oktyabrda gedən döyüşlərdə baş çavuş T.Bağırov qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bağırova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 Ailəli idi. İki oğlu və bir qızı yadigar qalıb. Şirvan şəhərində yaşadığı küçəyə, 11 saylı və 59 saylı orta məktəbə onun adı verilib.

Hər iki şəhidimiz Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.


P.S. Sizi unutsaq bəlamız başımızdan tökülər! Biz sizi unutmadıq! Ruhunuz şad , məkanınız cənnət olsun!

 Əntiqə Rəşid 

Seçilən
28
adalet.az

1Mənbələr