AZ

Su ehtiyatlarından səmərəli istifadə ŞƏRH

Dövlət başçısının Sərəncamı ilə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənib

Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və suvarma suyu ilə təminat sosial siyasətin əsas hədəflərindəndir. Ölkə başçısının rəhbərliyi ilə bununla bağlı son illərdə ciddi layihələr reallaşdırılmış və qarşıya hədəflər qoyulmuşdur. Cənab Prezidentin hər bir yaşayış məntəqəsinin keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq son illər regionlarda, eləcə də Bakı şəhəri və Abşeron yarımadasında genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Ümumilikdə götürsək, son illər regionlarda yaradılmış yeni su mənbələri əhalinin içməli su təminatını xeyli yaxşılaşdırmışdır. Bölgə əhalisinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə Şirvan-Muğan, Saatlı-Sabirabad qrup su kəmərləri, Külüllü su qurğuları kompleksi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları yaradılmışdır. Bu mənbələrdən rayon mərkəzlərinə və bir sıra kəndlərə suyun verilməsi təmin edilmişdir.

Beləliklə, ölkəmizdə su təminatı məsələsi daim diqqət mərkəzində saxlanılmış və dövlət səviyyəsində dəyərləndirilmişdir. Görülən işlərin davamı olaraq, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası ilə əlaqədar "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiq edilib. Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur. Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya həyata keçirəcəkdir.

Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.

Milli Strategiyada Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda müəyyən olunmuş prioritetlərlə yanaşı, BMT-nin "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”ndə nəzərdə tutulan “təmiz su və sanitariya", "iqlim dəyişikliyinə qarşı mübarizə", "dəniz ekosisteminin mühafizəsi" və "torpaq ekosisteminin mühafizəsi" sahəsində məqsədləri əhatə edən hədəflər öz əksini tapmışdır.

ZƏRURİ İNFRASTRUKTUR VƏ İDARƏETMƏ

Sözügedən Sənəd 2024-2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcəkdir. 2024-2027-ci illəri əhatə edən birinci mərhələdə su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmə təkmilləşdiriləcəkdir. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, tullantı və yağış sularının idarə olunması, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması təmin ediləcəkdir. İkinci mərhədə isə Sənəddə qeyyd olunduğu kimi, 2028−2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında "təmiz su və sanitariya", "iqlim dəyişikliyinə qarşı mübarizə", "dəniz ekosisteminin mühafizəsi" və "torpaq ekosisteminin mühafizəsi" kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin ediləcəkdir. Digər mərhələdə isə 2031−2040-cı illəri əhatə edən üçüncü mərhələdə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin ediləcəkdir.

2050-Cİ İLƏDƏK SUYA TƏLƏBAT 40 FAİZDƏN ÇOX ARTACAQ

Məlumdur ki, müasir dövrümüzdə dünya ölkələri iqlim dəyişikliklərinin kəskinləşməsi, su ehtiyatlarının azalması və onun ekoloji sistemə mənfi təsirlərinin getdikcə artması kimi ciddi problemlərlə üzləşmişdir. Son 50 ildə davamlı qlobal iqlim dəyişikliyi, əhalinin sürətli artması, urbanizasiya və sənayeləşmə kimi amillər su ehtiyatlarının səviyyəsinə və keyfiyyətinə mühüm təsir göstərmişdir. Sənədin qlobal trendlər bölməsində qeyd olunduğu kimi, Birləşmiş Millətlər Təşkilatının və digər aparıcı beynəlxalq təşkilatların su ehtiyatlarının vəziyyətinə dair 2024-cü ildə dərc etdiyi hesabata görə dünyada su çatışmazlığı davamlı artır. BMT-nin məlumatına görə, dünyada təxminən 2,2 milyard nəfər əhalinin təmiz içməli suya, 3,5 milyard nəfərin isə təhlükəsiz idarə olunan sanitariya xidmətlərinə çıxışı yoxdur. 2050-ci ilədək suya tələbatın təxminən 40 faizdən çox artacağı gözlənilir ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər. Davamlı iqlim dəyişikliyi nəticəsində quraqlıq artır. 2002−2021-ci illərdə dünyada 1,4 milyarddan çox insan quraqlıqdan əziyyət çəkmişdir. Dünyadakı şirin suyun 69 faizi buz və qar formasındadır.

AZƏRBAYCANDA ADAMBAŞINA DÜŞƏN SU EHTİYATI QONŞU ÖLKƏLƏRLƏ MÜQAYİSƏDƏ ƏN AŞAĞI SƏVİYYƏDƏDİR

Ölkənin mövcud su ehtiyatlarına gəlincə isə, Azərbaycan Respublikasının bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan formalaşır. Bərpa olunan şirin su ehtiyatının 17,8 milyard kubmetri yerüstü şirin su ehtiyatlarından formalaşır. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.

Onu da bildirək ki, ölkəmizdə su infrastrukturu davamlı yaxşılaşdırılır. Bu istiqamətdə Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Xudafərin və Qız qalası su anbarları tikilmiş, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmiş, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa edilmiş, rayon və şəhər mərkəzlərində, həmçinin kənd və qəsəbələrdə içməli su təchizatı, eləcə də tullantı sularının idarə edilməsi üzrə tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Belə layihələrin icra edilməsi nəticəsində əhalinin içməli su təminatı 67 faizə çatdırılmış, əkin sahələri 1,5 milyon hektara qədər genişləndirilmişdir. İşğaldan azad edilmiş ərazilərdə Suqovuşan, Xaçınçay, Zabuxçay su anbarlarında və 3 su anbarından ibarət Köndələnçay kompleksində bərpa və tikinti işləri aparılmışdır. Qəbələ rayonunda Yengicə su anbarının, Oğuz və Şəki rayonlarının ərazisində isə Əlicançay su anbarının tikintisinə başlanılmışdır. Bundan əlavə, dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə 6 su anbarı, o cümlədən Həkəriçay və Bərgüşadçay su anbarlarının tikilməsi istiqamətində işlərə başlanılmışdır. Başlanğıcını Mingəçevir su anbarından götürən Şirvan və Qarabağ suvarma kanalları yenidən qurulur. Əlavə olaraq, 20 suvarma kanalının, 1 hidroqovşağın və 1 kollektorun yenidən qurulması üzrə işlər görülür. Eyni zamanda, məhdud su ehtiyatı və artan tələbat şəraitində bütün sahələrdə qənaətedici su texnologiyalarının tətbiqi və tullantı sularının təmizlənərək istifadəsi genişləndirilmişdir. Həmçinin, ölkədə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilir.

MİLLİ STRATEGİYA VƏ HƏDƏFLƏR

Milli Strategiyada qarşıya qoyulan tədbirlərin həyata keçirilməsi nəticəsində aşağıdakı hədəflərə nail olunması nəzərdə tutulur: su ehtiyatlarının yenidən qiymətləndirilməsi;. su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi; su ehtiyatlarından səmərəli istifadə edilməsi; əhalinin dayanıqlı və keyfiyyətli içməli su və sanitariya xidmətləri (kanalizasiya sistemləri və tullantı sularının emal edilməsi infrastrukturunun) ilə təminatının yaxşılaşdırılması; əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması; ekosistemin dayanıqlığı və enerji təhlükəsizliyinin təmin olunması və s.

On altı illik müddəti əhatə edən Milli Strategiyanın icrası məqsədilə müvafiq prioritet istiqamətlərə uyğun tədbirləri əhatə edən 2024-2027-ci illər üzrə Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına uyğun olaraq, 2028-2030-cu və 2031-2040-cı illər üçün tədbirlər planları hazırlanacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
12
sesqazeti.az

1Mənbələr